Məhkəmə qərarları › İş №2-1(112)-7646/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7646/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7646/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun nümayəndəsi X6, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsinin İddiaçı adına kadastr sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Milli Elmlər X2 “Mineral” bağçılıq birliyinə üzv qəbul edilmiş və mübahisəli torpaq sahəsi ona ayrılmışdır. Belə ki, Bakı şəhəri, Xəzər rayonu,Türkan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüquqununa dair müvafiq sənədlər mövcud deyil. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ sahələri Azərbaycan Milli Elmlər X1 “Mineral” Bağçılıq Birliyinin üzvləri üçün ayrılmışdır. Bağçılıq Birliyinin üzvlərindən olan İddiaçı ona ayrılmış 37 saylı bağ sahəsinə Daşınmaz əmlakın reyestrinə dair çıxarış almaq üçün müraciət etdikdə 01 fevral 2024-cü il tarixdə imtina olunmuş və məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. "Daşınmaz əmlakm dövlət reyestrinin aparılması Qaydaları"nın 14-cü bəndinə əsasən Hüquqların və hüquqların məhdudlaşdırılmasının ləğv edilməsinin əks etdirilməsi dövlət reyestrinə daxil edilmiş müvafiq məlumatm silinməsi yolu ilə həyata keçirilir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onlann qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qeyd olunan əmlak Geologiya və Geofizika İnstitutunun “Mineral” Bağçılıq Birliyininə geri qaytarılmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ sahələri İnstitutun “Mineral” Bağçılıq Birliyinin üzvləri üçün ayrılmışdır. Bağçılıq Birliyinin üzvlərindən olan İddiaçı 37 saylı bağ sahəsi ayrılmışdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adı aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanıı torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən hasarlanaraq tikililər inşa olunduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən hasarlanaraq tikililər inşa olunduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilmişdir.

5. Azərbaycan Milli Elmlər X2 “Mineral” Bağçılıq Birliyinin bağçının üzvlük kitabçasına əsasən İddiaçı AMEA Geologiya İnstitutu “Mineral” X5 üzvlüyünə xx.xx.1999-cu ildə qəbul edilmişdir. (“Mineral” bağçılıq birliyi üzvlərinin xx.xx.1999-cu il tarixli 10 saylı protokoluna əsasən bağçılıq birliyinə üzv qəbul edilmişdir.) Türkan sahəsi Bağçılıq Birliyi bağından sahəsi 1100 kv.m olan 37 nömrəli bağ sahəsi Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 13/705 saylı qərarı ilə daimi istifadə etmək üçün verilmişdir.

6. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Sorğunun icrası ilə əlaqədar olaraq “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərin siyahısının, eləcə də arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

7. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun cavabdeh qismində nəzərə alınmasına xitam verilərək 3-cü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.

8. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Məhərrəmov (Sadıqov) Xudadat (Orxan) Elman oğlu inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, sorğunun icrası ilə əlaqədar olaraq Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərin xx.xx.1999-cu il tarixli 10 saylı protokolunun və müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir: - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli Müayinə (baxış) Aktına əsasən faktiki bağ sahəsinin hasarın bir hissəsi və b-2 mərtəbəli natamam bağ evi, İ və İİ natamam köməkçi tikililər digər fiziki şəxs tərəfindən inşa olunub. Vətəndaşın bildirdiyinə əsasən onlar öz aralarında həmin şəxslə razılığa gəliblər. Vətəndaşın xx.xx.2020-ci il tarixində ********** nömrəli ərizəsində təqdim olunmuş bağçılıqyoldaşlığının üzvlük kitabçasında bağın sənəd üzrə sahəsi 600 kv.m qeyd olunmuşdur. Faktiki təqdim olunmuş üzvlük kitabçasında isə sənəd üzrə sahəsi 1100 kv.m qeyd olunub. - Protokola əsasən “Mineral” Bağçılıq birliyi üzvlərinin siyahısı son olaraq dəqiqləşdirilərək Bakı şəhər İH X3 və İstismarı Birliyinə təqdim edilməsi xahiş edilmişdir.

11. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, surəti sorğuya əlavə edilən kadastr planında qeyd edilən 1100 kv.m. torpaq sahəsi olan 37 saylı bağ sahəsinin X7 adına qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.

12. Mineral” X9 üzvlük kitabçası iş materiallarına əlavə edilmişdir.

13. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsi xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd edilən torpaq sahəsi əvvəllər başqa şəxsə ayrılmış, sonradan torpaq sahəsi istifadəsi qaldığı üçün geri alınaraq hazırda iddiaçıya verilmişdir və torpaq sahəsi də iddiaçının qanuni sahibliyində və istifadəsindədir.

II. İddianın növü və mümkünlüyü

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

21. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

26. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

27. X11 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

28. X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

29. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsinə dair çıxarışın verilməsini tələb etmişdir.

30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsinə münasibətdə müəyyən edir ki: - Azərbaycan Milli Elmlər X2 “Mineral” Bağçılıq Birliyinin bağçının üzvlük kitabçasına əsasən İddiaçı AMEA Geologiya İnstitutu “Mineral” X5 üzvlüyünə xx.xx.1999-cu ildə qəbul edilmişdir. (“Mineral” bağçılıq birliyi üzvlərinin xx.xx.1999-cu il tarixli 10 saylı protokoluna əsasən bağçılıq birliyinə üzv qəbul edilmişdir.) - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli Müayinə (baxış) Aktına əsasən faktiki bağ sahəsinin hasarın bir hissəsi və b-2 mərtəbəli natamam bağ evi, İ və İİ natamam köməkçi tikililər digər fiziki şəxs tərəfindən inşa olunub. Vətəndaşın bildirdiyinə əsasən onlar öz aralarında həmin şəxslə razılığa gəliblər. Vətəndaşın xx.xx.2020 tarixində ********** nömrəli ərizəsində təqdim olunmuş bağçılıq-yoldaşlığının üzvlük kitabçasında bağın sənəd üzrə sahəsi 600 kv.m qeyd olunmuşdur. Faktiki təqdim olunmuş üzvlük kitabçasında isə sənəd üzrə sahəsi 1100 kv.m qeyd olunub. - Türkan sahəsi Bağçılıq Birliyi bağından sahəsi 1100 kv.m olan 37 nömrəli bağ sahəsi Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 13/705 saylı qərarı ilə daimi istifadə etmək üçün verilmişdir. - Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən iddiaçının üzvlüyə qəbul edildiyi “Mineral” bağçılıq birliyi üzvlərinin xx.xx.1999-cu il tarixli 10 saylı protokolu təqdim edilmiş, həmin protokola əsasən müəyyən edilir ki, istifadəsiz qalmış bağ sahələri geri alınaraq yeni üzvlüyə qəbul edilmiş şəxslərə verilməlidir. - Protokola əsasən “Mineral” Bağçılıq birliyi üzvlərinin siyahısı son olaraq dəqiqləşdirilərək Bakı şəhər İH X3 və İstismarı Birliyinə təqdim edilməsi müəyyən edilmişdir. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, surəti sorğuya əlavə edilən kadastr planında qeyd edilən 1100 kv.m. torpaq sahəsi olan 37 saylı bağ sahəsinin X7 adına qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. - xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, X8 tanıyır, o AMEA-da işləməyib və ona topraq sahəsi ayrılmayıb. Əlavə olaraq bildirilmişdir ki, məhkəminin icraatında “X7 adından torpaq sahəsinin çıxarılmasına dair” torpaq sahəsindən imtina edilməsinə dair notarial qaydada razılıq ərizəsi təqdim etmişdir.

31. Odur ki, məhkəmə hesab edir, XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 13/705 saylı qərarı ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

32. Məhkəmə nəzərə alır ki, iddia tələbinin predmeti olan bağ sahəsi hazırda faktiki olaraq İddiaçı qanuni istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə və ya üçüncü şəxsin (Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun) tələbi mövcud deyil.

33. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə təqdim olunmuş üzvlük kitabçasında torpağın sahəsi faktiki sahəsinə uyğun olaraq 1100 kv.m qeyd olunub. İddiaçının hazırki tələbi də faktiki istifadəsində olan 1100 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır.

34. Məhkəmə nəzərə alır ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş etirazında qeyd edilmişdir ki, bağ sahəsinin naturada yerləşməsinin sxematik xəritəyə uyğun gəlmədiyi qeyd olunmuşdur.

35. Məhkəmə bununla bağlı qeyd edir ki, bağ sahəsinin naturada yerləşməsinin sxematik xəritəyə uyğun gəlməməsi ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.

36. Odur ki, məhkəmə müəyyən edir, iddia tələbinin predmeti olan 37 saylı bağ sahəsi hazırda faktiki olaraq İddiaçı qanuni istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə və ya üçüncü şəxslərin tələbi mövcud deyil.

37. Məhkəmə qeyd edir ki, bağların yerləşmə mövqeyində sxematik xəritəyə nəzərən əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir.

38. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.

39. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.

40. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

41. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

42. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

43. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən sahəsi 1100 kv.m. olan 37 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar