Məhkəmə qərarları › İş №2-1(112)-7647/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7647/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7647/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək 65 yaş və 25 illik stajı olduğunu nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı 1976-cı ildən əmək fəaliyyətinə başlamaqla qanunla müəyyən edilmiş hüququnun yarandığını bildirir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktub əsasında iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 4 il 8 ay 16 gün təşkil edir. İddiaçının qanunvericiliklə pensiya almaq hüququnun yarandığı 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. İddiaçı tərəfindən təqdim olunan əmək kitabçası və digər sənədlərin surətlərinə, həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən, iddiaçıya münasibətdə hesablanmış sosial sığorta stajı 4 il 8 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996cı il tarixli 186 nömrəli qərarı iiə təsdiqlənmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövr (işdənçıxma tarixi qeyri-iş gününə təsadüf edir), həmçinin xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövr (işə daxil olma tarixi qeyri-iş gününə təsadüf edir) üzrə əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsitemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “Arif’ kiçik müəssisəsində olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əlavə olaraq bildirilir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 1 il 5 ay 16 gün sığorta stajına uyğun olaraq 1353,22 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2899,27 manat olmaqla ümumilikdə 4252,49 manat təşkil edir və bu qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassz olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -Binəqədi RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Abbasquliyeva (Əliyeva) Gülarə Məjlum qızı ilə “Arif” İKM arasında bağlanmış əmək müqaviləsinin surətinin 1.2-ci bəndindən görünür ki, işəgötürən qismində Mərkəzin direktoru X10 ilə işçi X4 arasında 01 yanvar 2005-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən kassir-inkasator vəzifəsinə təyin edilmişdir. -Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında xx.xx.2011-ci il tarixli, AZ-İ 005390 nömrəli şəhadətnamənin surətindən görünür ki, X1 “Əliyeva” soyadına dəyişdirmişdir. -İddiaçıya məxsus əmək 25 dekabr 1976-cı il tarixdən doldurulmağa başlamış əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, kitabçanın “İş haqqında məlumat” qrafasında “Fabrikdə işə qəbul olunmazdan əvvəl istehsalat stajı olmayıb.” qeydi aparılmışdır. Əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək 38-ci emalatxanada sırıqçı vəzifəsində, xx.xx.1977-ci ildən xx.xx.1978-ci il tarixədək Xətti nəzarətçi vəzifəsində, xx.xx.1978-ci ildən xx.xx.1978-ci il tarixədək Sumqayıt Çörək Qənnadı kombinatı 2 nömrəli zavodda 1-ci dərəcəli köməkçi fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1989-cu il tarixədək V.İ.Lenin adına APİ-nin dəftərxanasında kargüzar, xx.xx.1989-cu ildən xx.xx.1991-ci il tarixədək Abşeron İK-də mühasib vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.2007-ci il tarixədək dəftərxana rəisi (xx.xx.1995-ci il tarixdə kassir-inkasator vəsifəsinə keçirilmişdir.), xx.xx.2010-cu il tarixdə "xxxx" MMC- nin Səbail rayon ərazisində təmizlik işləri göstərilməsi üzrə köməkçi vəzifəsində işləmişdir. Məhkəmənin sorğusuna cavab olaraq: -Azərbaycan Dövlət Pedoqoji Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda Azərbaycan Dövlət Pedoqoji Universitetinin arxiv sənədlərinə əsasən İddiaçı adının 1978-ci il, 1989-cu illərdə göstərilən əmrlərlə öz təsdiqini tapmadığı bildirilmişdir. Məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin arxivinin kadr sənədlərində İddiaçı adının aşkar edilmədiyi, 1978-ci il, 1989-cu illərdə göstərilən əmrlərin öz təsdiqini tapmadığı bildirilmişdir. Əsas: Fond 1. (1978, 1989-cu il işçi əmrləri kitabı və kadr sənədləri. -Məhkəmənin İddiaçı 1978-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində işləməsinə dair hər hansı sənədin (əməkhaqqı cədvəlləri, məzuniyyət əmrləri və s.) mövcud olub-olmaması barədə məlumatların təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı adı Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv sənədlərində aşkar edilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş cavab məktubunda xx.xx.1994-cü ill tarixdə dövlət qeydiyyatına alınmış “Arif” X3 (VÖEN: **********) hüquqi varisliyi barədə məlumat aşkar edilmədiyi, həmçinin “Arif” X3 uçot-baza məlumatlarına əsasən müəssisə xx.xx.2004-cü il tarixdə uçota alındığı, hal-hazırkı tarixə heç bir fəaliyyti və qeydiyyatda olan işçilərinin müəyyən edilmədiyi bildirilmişdir. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 23 aprel 2024-cü il tarixi cavab məktubunda vətəndaşın əmək kitabçasına əsasən X2 ölkə xaricində yerləşdiyi üçün sorğunun icra edilməsinin imkan xaricində olduğu bildirilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü iddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiya təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) və pensiya kapitalı tələb olunan həddən (40320 manat) azdır. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaçıya 4 il 8 ay 16 gün əmək stajı hesablamış və onun əmək kitabçasında kı qeydlərə əsasən, xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək V.İ.Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dəftərxanasında kargüzar vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Abşeron” İstehsalat kooperativində mühasib vəzifəsində, həmçinin xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “Arif’ kiçik müəssisəsində dəftərxana rəisi, kassir –inkassator vəzifələrindəki əmək fəaliyyətini dövrünü nəzərə almamışdır. Cavabdeh bu qənaətini iddiaçının əmək kitabçasının doldurulması qaydalarının pozulması, həmçinin “Arif’ kiçik müəssisəsindəki əmək fəaliyyəti dövründə “Pensiya” altsitemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və qanunla tələb olunan pensiya kapitalının toplamaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İş materiallarından da iddiaçının qanunla tələb olunan pensiya yaşına çatdığı və onun fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadı müəyyən edilir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. İddiaçının mübahisəli əmək fəaliyyəti dövrünün böyük hissəsində (xx.xx.2006-cı ilədək) qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Məhkəmə iddiaçının ADPU-dakı mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı qeyd edir ki, hər nə qədər də “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edilsə də, xx.xx.2006-cı il tarixədək sığortaolunanın qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti diqqətə alındıqda əmək kitabçasındakı məlumatların mötəbərliyi şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən faktlara dair həqiqi vəziyyəti əks etdirməlidir. Lakin hazırkı halda iş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərin həqiqiliyi şübhə doğurur. Belə ki, kitabçada iddiaçının Azərbaycan Pedaqoji İnstitunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) dəftərxanasında xx.xx.1978-ci il tarixdən xx.xx.1991-ci il tarixədək kargüzar vəzifəsində işlədiyi barədə qeydlər aparılsa da, işin araşdırılan halları ilə mübahisəli dövrdə iddiaçının həmin müəssisədə işləməsinə dair sübut əldə edilməmiş, iddiaçı tərəfindən də bununla bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Həmçinin, həmin dövr əmək kitabçasında möhürlə təsdiqlənməmişdir. Məhkəmə qeyd edir ki, mövcud pensiya qanunvericiliyi xx.xx.2006-cı ilə qədərki dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında göstərilməsi ilə kifayətlənməyi məqbul hesab etmir, eyni zamanda əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş illərinin dövlət arxivinin arayışları və sair sənədlər ilə də təsdiq olunması imkanını tanıyır. Bununla belə, işin məhkəmə araşdırması zamanı ADPU-dan əldə edilmiş məlumatlarda Universitetin arxivinin kadr sənədlərində iddiaçının 1978-1989-cu illərdəki əmək fəaliyyətinə dair heç bir məlumatın olmadığı bildirilmişdir. Belə olan halda əmək kitabçasında iddiaçının Azərbaycan Dövlət Pedaqoji Universitetinin dəftərxanasındakı əmək fəaliyyəti müddətinin hansı məlumatlar əsasında doldurulması sual doğurur. Göründüyü kimi, iddiaçının qeyd olunan müəssisədə işləməsi təkzibolunmaz sübutlarla təsdiqlənmədiyindən həmin qeydlərin aid olduğu dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-788/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür.” İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (1 il, 11 ay, 25 gün) “Abşeron” İstehsalat kooperativində və xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək (14 il, 17 gün) “Arif’ kiçik müəssisəsindəki əmək fəaliyyəti dövrü tam şəkildə stajına daxil edilsə belə, qanunla tələb olunan 25 il sığorta stajı yaranmadığından (mübahisəsiz 4 il 8 ay 16 gün + 1 il 11 ay, 25 gün + 14 il, 17 gün= 20 il, 8 ay, 28 gün) əmək pensiyası təyinatından imtina edilməsi ilə bağlı cavabdehin imtinası qanunsuz sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdehin imtinası qanunsuz deyil. Odur ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar