Məhkəmə qərarları › İş №2-1(112)-7648/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7648/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7648/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri olaraq cəlb olunmaqla “üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri olaraq cəlb olunmaqla “üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 109 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 109 saylı mənzili ÖM seriyalı 149619 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Onun qızı, X4 yuxarıda qeyd olunan mənzilə onu aldadaraq Bakıya daimi yaşamaq adı ilə qeydiyyata düşüb. Lakin o, beş ildən artıq İngiltərədə yaşayır, orada daimi yaşamaq icazəsini alıb və Azərbaycana qayıtmağa heç fikri yoxdur. Həmçinin mənzilin kommunal xərclərini iddiaçı tək özü ödəyir. Bu səbəbdən o, aidiyyatı üzrə Bakı şəhəri Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də, cavabdehin xx.xx.2023-cü il tarixli, 065-3-13-47/2-M-43xx/xx/2023 saylı imtina məktubunda X2 mənzildən qeydiyyatdan çıxarmaq üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X4 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz ( mülahizəsi ) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 065-3-13- 47/2-M-43xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ona məxsus, ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X2 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM, 149619 nömrəli, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 3 ünvanında yerləşən 1 saylı evin 2 (iki) otaqlı 109 saylı mənzili İddiaçı mülkiyyətindədir. - Məhkəmənin sorğusuna cavab olaraq “Qorqud” Assosiyasiya tərəfindən verilmiş 33 nömrəli, 07 iyun 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, X3 ilə "xxxx" MTK (müqavilə imzalanan zaman təşkilati hüquqi forması MMC olmuşdur) xx.xx.2016-cı ildə B-9-8 nömrəli müqavilə imzalanmışdır. Müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 302, 9-cu kompleksinin, B binasının (yeni qaydalarla Gəncə prospekti, 302), 9-cu mərtəbəsində yerləşən, 2 (iki) otaqlı mənzili almışdır. xx.xx.2018-ci ildə müqavilə imzalayaraq, B binasının zirzəmisində yerləşən 7 №-li dayanacaq yerini almışdır. xx.xx.2022-ci ildə Eii-38/22(TİS-267/15) №-li tikinti obyektinin istismarına icazə verilmişdir. - 08 iyul 2018-ci il tarixli, B-9-8 nömrəli Çoxmərtəbəli yaşayış binasında fərdi mənzil alınması haqqında Müqavilənin surətinə əsasən X4 "xxxx" MMC-dən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 302), 9-cu kompleksinin, B binasının (yeni qaydalarla Gəncə prospekti, 302), 9-cu mərtəbəsində yerləşən, 2 (iki) otaqlı mənzil almışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, **********12 saylı məktubu ilə bildirilmışdir ki, X1 ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti göndərilmişdir. Həmin məktuba qoşma olaraq göndərilmiş: - 06 mart 2003-cü il tarixli, 182277 nömrəli müqavilənin təsdiq edilmiş surətinə əsasən X5 ünvan 3 ünvanında yerləşən 1 saylı evin 110 nömrəli iki otaqlı mənzili İddiaçı satmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 5-19/2-2/5-712/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 36 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən X4 hal-hazırda ünvan 2 ünvanında yaşamır. - Elektron sistemdən alınmış sərhədkeçmə məlumatlarından görünür ki, X4 mütəmadi olaraq London şəhərinə gediş-gəliş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: 4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”-də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə 9.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydiyyata alınmış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, üçüncü şəxs iddiaçının qızıdır, mənzildə faktiki yaşamır, oradan köçərək özünə başqa yaşayış sahəsini seçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Bununla belə, Konstitusiya Məhkəməsi Plenumu qeydiyyatda olduğu yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli olduğunu qeyd etmiş, inzibati orqan bundan imtina etdiyi halda isə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyula bilicəyini vurğulamışdır. Məhkəmə baxışı zamanı isə üçüncü şəxsin mənzildə faktiki yaşamadıgı müəyyən edilir. Belə olan halda inzibati orqanın hərəkətləri əsassız olmuşdur. Eyni zamanda üçüncü şəxsin yuxarıda göstərilən ünvanda faktiki yaşamaması halı müəyyən edildiyi üçün hazırda üçüncü şəxsin həmin ünvandan qeydiyyatdan çıxarılması barədə qərarın qəbul edilməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyinə uygundur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının və 3-cü şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak (mülkiyyət, istifadə, icarə və sair) hüquqlarının yaranıbyaranması məsələsi də inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Sadalanan bu hüquqların yalnız mövcud olub-olmaması, mövcuddursa inzibati orqanın həmin hüquqa müdaxiləsinin qanuni olub-olmaması məsələləri inzibati mühakimə icraatında araşdırıla bilər. Üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxsin faktiki olaraq yaşamadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçı bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2 Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 109 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. X2 Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 109 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar