Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-765/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Varis oğlunun və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4ında inşa edilmiş kürsülü fərdi yaşayış evinə dair aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və həmin qeydiyyat əsasında verilmiş 28.09.2018-ci il tarixli, seriya RX № ******* çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04.03.2020-ci il tarixli, 2-1(112)-3802/2020 nömrəli qərardadı ilə X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 4ında inşa edilmiş kürsülü fərdi yaşayış evinə dair aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş 28.09.2018-ci il tarixli, seriya RX № ******* çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o X14 ilə 17 oktyabr 2003-cü ildə rəsmi qeydiyyatdan keçməklə ailə qurmuşdur və ünvan 4ına gəlin köçmüşdür. Birgə nikahlarından 20 iyul 2004-cü il tarixdə X15 adlı övladı doğulmuşdur. Sonradan münasibətləri pozulduğundan Binəqədi rayon məhkəməsinin 03 mart 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından 20 iyul 2004-cü il tarixdə doğulmuş X15 onun yanında saxlanılmışdır. Gəlin köçdükdən sonra yaşadığı sahə darısqal olduğundan keçmiş həyat yoldaşı X14 evin yerləşdiyi həyətyanı sahədən ev inşa edilməsi üçün Binəqədi RİH Başçısına müraciət edərək icazə istəmişdir. Binəqədi RİH Başçısının 16.11.2007-ci sərəncamı ilə ünvan 4ında 121,070 kv.m. boş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Binəqədi rayon məhkəməsinin 26.07.2016-cı il tarixli qətnaməsi ilə onun ilk iddiası təmin edilmiş və onun birgə nikahlarından 20 iyul 2004-cü il tarixdə doğulmuş X15 ilə birlikdə Binəqədi RİH Başçısının 16.11.2007-ci il tarixli, 379 saylı və 26.08.2008-ci il tarixli, 274 saylı sərəncamları əsasında ünvan 4ında inşa edilmiş kürsülü fərdi yaşayış evinə istifadə hüququ tanınmışdır. Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qərarı ilə isə onun, birgə nikahından 20 iyul 2004-cü il tarixdə doğulmuş X5 ünvan 1 ünvanına qeydiyyata alınmağı vəzifəsi Binəqədi rayon Polis İdarəsinə həvalə edilmişdir. Məhkəmədə iddia qaldırılanadək ona X16 ünvan 4ında inşa edilmiş kürsülü fərdi yaşayış evinə dair 28.09.2018-ci il tarixli, seriya RX ******* çıxarışın verilməsindən məlumatı olmamışdır. Onun mübahisəli evə istifadə hüququ 2016-cı il tarixdən yarandığından ilk iddiaçı X16 həmin evə dair 2018-ci il tarixdə çıxarış verilərkən onun razılığı tələb olunmalı idi. Bununla bağlı o, İdarəyə müracət etsə də həmin qurumun 21.02.2020-ci il tarixli məktubu ilə ona dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Varis oğlu iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək ünvan 4a dair aparılmış qeydiyyatla bağlı hər hansı qanun pozuntusuna yol verilmədiyini, 28.09.2018-ci il tarixli, seriya RX ******* çıxarışın qanunvericiliyin tələblərinə uyğun verildiyini, iddianın dəlillərinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bununla bağlı verdiyi izahatında bildirmişdir ki, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evi üçüncü şəxsin atası tərəfındən alınmışdır. Valeh Veyisovun özündən başqa 5 nəfər bacı-qardaşı vardır. İddiaçı Həbib Veyisov ilə ailə qurduqdan sonra ünvan 4a gəlin köçmüş və gəlin gəldiyi evdə yaşamışdır. Binəqədi RİH Başçısının 16.11.2007-ci il tarixli, 379 saylı və 26.08.2008-ci il tarixli, 274 saylı sərəncamları əsasında ünvan 4ında yaşayış evi tikilməmişdir. ünvan 4dakı fərdi yaşayış evinin “A” tikilisi iddiaçının atasının aldığı ilk tikili olmuş, həmin ev sökülərək yerində yenisi inşa edilmiş, həmin ev vərəsəlik qaydasında Valeh Veyisovun adına keçmişdir. “B” tikilisi isə yarımçıq tikili olmuş, Valeh Veyisov həmin tikilini tamamlayaraq qeydiyyata aldırmışdır. Hər iki tikili vahid əmlak kimi qeydə alınmışdır. İddiaçı qarşı gəlin gəldiyi mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və ona kompensasiya ödənilməsi təklif edilmişdir. Lakin iddiaçı təklif edilən kompensasiya məbləği ilə razılaşmayaraq daha yüksək tələblər irəli sürür. İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı istifadə hüququ tanınan tikili mübahisəli ünvanda yerləşən və hazırda üçüncü şəxsin mülkiyyətində olan “B” tikilisi deyildir. İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmışdır ki, həmin ünvandakı evlə bağlı hər hansı iddiaları yoxdur. İddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 22.09.2020-ci il tarixli, 651 №-li və 22.09.2021-ci il tarixli, BA-04405-2021 №-li məktublara əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 7 ünvanında yaşayan X14 03.10.2007-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək mənzil şəraitinin dözülməz dərəcədə ağır olmasını, mühribədə iştirak etmiş İİ qrup əlil olmasını nəzərə alaraq evinin həyətində 1,5 sot sahə olduğuna görə həmin yerdə ev tikmək üçün sərəncam verilməsini xahiş etmişdir. - Həmin məktublara əlavə edilmiş Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən və vətəndaş X17 məxsus olan 47 saylı evin həyətyanı torpaq sahəsində təqdim olunan layihə əsasında bir mərtəbəli, kürsülü fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” 274 №-li, 06.1.2007-ci il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 15 saylı evin sakini İİ qrup Qarabağ əlili vətəndaş X14 Rayon İcra Hakimiyyətinə müraciət edərək, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən və atası mərhum X17 məxsus olan (Qeydiyyat vəsiqəsi № 30/867, 31.08.1988-ci il) 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 kv.metr) təqdim olunan layihə (“S.K.- MEMARLİQ’" MMC lisenziya 015155, qeydiyyat LA-05- 070, 19.08.2005-ci il) əsasında bir mərtəbəli kürsülü fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmiş və lazımi sənədləri təqdim etmişdir. Sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 03 nömrəli reyestr kitabının 350 saylı səhifəsində 31.08.1988-ci il tarixdə qeydiyyata alınaraq 30/867 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən vətəndaş X11 mülkiyyətinə verilmiş və 13.06.1990-cı ildə evin texniki pasportu tərtib edilmişdir. Yuxarıda qeyd edilənləri və vətəndaş X6 İİ qrup Qarabağ müharibəsi əlil olmasını və mənzil şəraitinin ağır olduğunu nəzərə alaraq Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə (№ 30/867, 31.08.1988-ci il) əsasən vətəndaş H.Y.Veyisovun xüsusi mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 kv.metr) təqdim edilən layihə əsasında bir mərtəbəli kürsülü fərdi yaşayış evinin inşa edilməsinə sərəncam verilmiş, tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara uyğun olaraq təmiz və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qonşuluqda yaşayan sakinlərdə narazılıqlar yaradılmaması və tikinti işləri başa çatdıqdan sonra sərəncamın surəti və layihənin müvafiq sənədləşdirmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə təqdim edilməsi, tikilinin su, qaz, işıq və kanalizasiya sisteminin mövcud kommunikasiyalara qoşulmasının və Rayon Yanğın Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmasının qüvvədə olan müvafiq norma və qaydaların tələblərinə uyğun yerinə yetiriİməsi vətəndaş İ.H.Veyisova tapşırılmışdır. - Həmin məktublara əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyətinin Başcısı tərəfindən vətəndaş İ.H.Veyisova ünvanlanmış 07.04.2008-ci il tarixli, V-17 №-li məktubun surətindən görünür ki, inşa etdiyi fərdi yaşayış evinin sənədləşdirilməsinə köməklik göstərilməsi barəsində V-17 saylı, 11.03.2008-ci il tarixli müraciətinə Binəqədi Rayon İcra Hakimiyyətində baxılmışdır. Məlumat üçün nəzərinə çatdırılır ki, müvafiq sənədlər (şəxsiyyət və əlilliyi təsdiq edən vəsiqənin surəti, yaşayış yerindən İİ formada arayış, lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənmiş 3 nüsxədən ibarət fərdi yaşayış evinin layihəsinin və Bakı şəhər Ekspertiza Mərkəzi tərəfindən fərdi yaşayış evinə təqdim edilmiş rəyin əsli) Rayon İcra Hakimiyyətinə tədqim edildikdən sonra müraciətinə yenidən baxılacaqdır. - Həmin məktublara əlavə edilmiş X6 Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlandığı 08.08.2008-ci il tarixli ərizəsinin surətindən görünür ki, təqdim etdiyi sənədlər əsasında İİ sərəncam verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Həmin məktublara əlavə edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən, X17 məxsus olan 47 saylı evin həyətyanı torpaq sahəsində təqdim olunan layihə əsasında inşa olunan bir mərtəbəli, kürsülü fərdi yaşayış evinin mövcud vəziyyətdə rəsmiləşdirilməsi barədə” 26.08.2008-ci il tarixli, 274 №-li sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 15 saylı evin sakini, İİ qrup Qarabağ əlili vətəndaş X14 (vəsiqə №094769, 26.07.2005) Rayon İcra Hakimiyyətinə müraciət edərək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən və atası mərhum X17 məxsus olan (ÖHŞ: İV-ЖГ № 363833, 11.04.1996) 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 kvm.) Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən “S.K.-MEMARLİQ" MMC tərəfindən hazırlanmış layihə (lisenziya JNa-015155. qeydiyyat LA-05- 070, 19.08.2005-ci il) əsasında inşa etdirdiyi bir mərtəbəli, kürsülü fərdi yaşayış evinin mövcud vəziyyətdə rəsmiləşdirilməsini xahiş etmişdir. Sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 03 nömrəli reyestr kitabının 350 saylı səhifəsində 31.08.1988-ci il tarixdə qeydiyyata alınaraq 30/867 nömrəli qeydiyyat vəsiqəsinə əsasən vətəndaş X11 mülkiyyətinə verilmiş, 13.06.1990-cı ildə evin Texniki Paspoıtu tərtib edilmiş və həmin evin həyətyanı torpaq sahəsində (121.0 kv.m) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 379 saylı 06.11.2007-ci il tarixli sərəncamına əsasən '‘S.K.-MEMARLİQ" MMC tərəfındən hazırlanmış və RİH tərəfindən təsdiq edilmiş layihə əsasında bir mərtəbəli, kürsülü fərdi yaşayış evi inşa edilmiş və Bakı Şəhər İcra Hakimiyyəti Ekspertiza Mərkəzinin D-l/1-671 saylı 08.08.2008-ci il tarixli məktubuna əsasən 631-F./8 saylı 01.08.2008-ci il tarixli rəy təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsində yerləşən, mərhum H.Y.Veyisova məxsus olan 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 m) Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 379 saylı, 06.11.2007-ci il tarixli sərəncamına əsasən təqdim edilən layihə əsasında inşa olunmuş və Bakı Şəhər İcra Hakimiyyəti Ekspertiza Mərkəzinin rəyi təqdim edilən bir mərtəbəli, kürsülü fərdi yaşayış evi mövcud vəziyyətdə rəsmiləşdirilməsinə, sərəncamın surətinin müvafiq sənədləşdirmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, məlumat üçün isə Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinə və vətəndaş İ.H.Veyisova göndərilməsinə sərəncam verilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********07 №-li, 28.08.2020-ci il tarixli və 19.01.2020-ci il tarixli, **********62 №-li məktublara əlavə edilmiş ünvan 10 ünvana dair arxiv qovluğunda saxlanılan sənədlərdən görünür ki, 13.08.1988-ci il tarixdə notariusda qeydə alınmış müqaviləyə əsasən X20 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 29,2 kvm., yardımçı sahəsi 22,3 kvm.-dən ibarət olan, 559,20 kvm. torpaq sahəsində yerləşən 2 otaqlı mənzilini X2. Bakı şəhəri, 26 saylı Notariat Kontorunda qeydə alınmış 28.02.2018-ci il tarixli, 2V-12 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 10.03.1996-cı il tarixdə ölmüş X18 vərəsələri X19, X23, X24, X14, X25, Veyisova Xədicə Həbib qızıdır və onlar şəhadətnamə verilən miras əmlakdan - ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 31.08.1988-ci il tarixdə X21 verilmiş 30/867 qeydəalınma nömrəsi ilə 03 nömrəli kitabın 350-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 12 ünvanında yerləşən istifadəsində olan 559,20 kvm. torpaq sahəsində yerləşən ümumi sahəsi 51,5 kvm., yaşayış sahəsi 29,2 kvm., yardımçı sahəsi 22,3 kvm. olan 2 (iki) otaqlı fərdi yaşayış evindən bərabər hissədə pay almalıdır. Miras payın bağışlanmasına dair 28.02.2018-ci il tarixli müqaviləyə əsasən X24, X14, X19, X25, Veyisova Xədicə Həbib qızı 10 mart 1996-cı il tarixdə ölmüş ataları X7 miras qalmış 28.02.2018-ci il tarixli, 2V-12 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara çatan miras payı qardaşları X16 bağışlamışdırlar. 10.05.2018-ci il tarixdə qeydə alınmış seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi 0,0305 ha, ümumi sahəsi 51,5 kvm. olan ünvan 13 ünvandakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X12 adına rəsmiləşdirilmişdir. 12.07.2018-ci il tarixdə qeydə alınmış seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi 0,05992 ha, ümumi sahəsi 51,5 kvm. olan ünvan 13 ünvandakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X12 adına rəsmiləşdirilmişdir. Valeh Veyisov 12.09.2018-ci il tarixli ərizə ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Məlumatlandırma icraatı qaydasında bildirmişdir ki, mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvandında yeləşən sahəsi 94,9 kvm., hündürlüyü 3,15 m., mərtəbəliyi 1 olan fərdi yaşayış evini inşa etmişdir. Nəzərə alınmasını xahiş edir. Həmin ərizənin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 12.09.2018-ci il tarixdə qəbul edilməsi barədə poçt qəbzi vardır. “Əmlak” Layihə Smeta Bürosü Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən 2018ci ildə X16 aid ünvan 12i ünvan üzrə daşınmaz əmlakın layihəsi tərtib edilmişdir. 28.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 39673 nömrəli vərəqində qeydiyyat aparılmış və həmin tarixli, seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi 0,05992 ha, ümumi sahəsi 242,3 kvm. olan ünvan 13 ünvandakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X12 adına rəsmiləşdirilmişdir. - İdarə tərəfindən verilmiş 27.09.2018-ci il tarixli, **********71-10301 reyestr nömrəli X16 məxsus ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, daşınmaz əmlak “A” və “B” tikilisindən ibarət olmaqla 0,05992 ha. torpaq sahəsində yerləşir. “A” tikilisi 1964-cü ildə tikilməklə 1 mərtəbəli, 2 yaşayış otağından, 51,5 kvm. ümumi sahədən, 29,2 kvm. yaşayış sahəsindən, 22,3 kvm. köməkçi sahədən, 69,7 kvm. tikinti altı sahədən ibarətdir. “B” tikilisi 2018-cü ildə tikilməklə 1 mərtəbəli, 5 yaşayış otağından, 190,8 kvm. ümumi sahədən, 75,6 kvm. yaşayış sahəsindən, 21,0 kvm. köməkçi sahədən, 94,2 kvm. yarım zirzəmidən, 119,4 kvm. tikinti altı sahədən ibarətdir. - İdarə tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 17.09.2018-ci il tarixli müayinə (baxış) aktının surətindən görünür ki, X12 ********** №-li, 12.09.2018-ci il tarixli müraciətinə əsasən ünvan 15 ünvanda yerləşən daşınmaz əmlaka baxış keçirilmiş, yarımzirzəməli, 1 mərtəbəli, yaşayış evi, “B” tikilisi ü/s – 190,8 kvm., eskiz layihəsinə əsasən, ərazi 599,2 kvm. , A tikilisi ü/s – 51,5 kvm., B tikilisi 5 otaq y/s – 75,6 kvm., ü/s – 190,8 kvm., k/s – 115,2 kvm., torpaq 599,2 kvm.. İ tikilisi st.q=6,7 kvm. “A” tikilisinə bitişik tikilidir. “B” tikilisi eskiz layihəsinə uyğundur. Dəyişiklik yoxdur. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08.01.2013-cü il tarixli, 2(102)-31/13 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 29 iyun 2011-ci il tarixli qətnaməsi ilə iddiaçılar X13 və Veyisova Xədicə Həbib qızının cavabdehlər X8 və Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 379 saylı, 06.11.2007-ci il tarixli və 274 saylı, 26.08.2008-ci il tarixli sərəncamlarının etibarsız hesab edilməsi, habelə cavabdeh İ.H.Veyisov tərəfindən inşa edilmiş evin 75 kvm.-dən artıq olan hissəsinin və evin bünövrəsinə aid olmayan əlavə inşa edilmiş mətbəxin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2011-ci il tarixli, 2(1030-4366/11 nömrəli qətnaməsi ilə iddiaçılar X24 və Veyisova Xədicə Həbib qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə Binəqədi rayon məhkəməsinin 29 iyun 2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçılar X13 və Veyisova Xədicə Həbib qızının iddia tələbi təmin edilərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 379 saylı, 06.11.2007-ci il tarixli və 274 saylı, 26.08.2008-ci il tarixli sərəncamlarının etibarsız hesab edilməsi, həmin sərəncamlar əsasında cavabdeh X14 tərəfindən Bakı şəhəri, ünvan 15 saylı ünvanda inşa edilmiş evin 75 kvm.-dən artıq olan hissəsinin və mətbəx tikilisinin sökülməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2012-ci il tarixli, 2(102)-958/12 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasını 29 iyun 2012-ci il tarixli, 2(103)-2950/12 nömrəli qətnaməsi ilə iddiaçıların apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 29 iyun 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 yanvar 2013-cü il tarixli, 2(102)-31/13 nömrəli qərarı ilə iddiaçılar X13 və Veyisova Xədicə Həbib qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 29 iyun 2012-ci il tarixli, 2(103)-2950/12 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Qeyd olunan məhkəmə qərarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, ünvan 15 saylı mülkdə müxtəlif ölçülü ayrı-ayrı tikililər vardır. Orada mətbəxin tikilməsi, su çəninin quraşdırılması, daş hasarla hörgü aparıldığı müəyyən olunmuşdur. - Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 27.06.2016-cı il tarixli, 2(001)- 8823/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ilkin iddia təmin edilərək İddiaçı və 20.07.2004-cü il təvəllüdlü X5 Bakı şəhəri Binəqədi RİH Başçısının 06.11.2007-ci il tarixli, 379 saylı və 26.08.2008-ci il tarixli, 274 saylı sərəncamları əsasında ünvan 12 ünvanında həyətyanı boş torpaq sahəsində inşa edilmiş kürsülü fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması, qarşılıqlı iddia üzrə iddiaçı X6 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evdən çıxarılma və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.10.2017-ci il tarixli, 2(103)-7342/17 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 18.02.2017-ci il tarixli, 2(001)-1527/2017 nömrəli qətnaməsi iddiaçı X6 cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilmiş, X14 tərəfindən İddiaçı 14.000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “8 Mart” küçəsi, 47 nömrəli evdən istifadə hüququna xitam verilməsi və İddiaçı himayəsində olan 20.07.2004-cü il təvəllüldü X15 ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2017-ci il tarixli, 2(103)- 6105/2017 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 18.02.2017-ci il tarixli, 2(001)-1527/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı X6 cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.10.2017ci il tarixli, 2(103)-7342/17 nömrəli qərarı ilə iddiaçı X1 şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2017-ci il tarixli, 2(103)-6105/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Qeyd olunan məhkəmə qərarından həmçinin görünür ki, iş baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, evin tikilməsinə icazə verilməsi barədə 06.11.2007-ci il tarixli sərəncam və tikilmiş evin sənədləşdirilməsi barədə 26.08.2008-ci il tarixli sərəncam mövcuddur. Bu sərəncamlar tərəflərin nikahda olduğu dövrdə (tərəflər 2003-cü ildən 2014cü ilə kimi nikahda olmuşlar) verilmişdir, lakin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Evin nikahdan (2003-cü ildən) əvvəl inşa edildiyini təsdiq edən sübutlar yoxdur. Əgər ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınarsa Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbi baxımından evin ər-arvadın birgə mülkiyyəti sayılacağı istisna edilmir. İddiaçı tərəf etiraf edir ki, ev nikah dövründə təmir olunub. Əgər ev nikahdan əvvəl inşa edilibsə (yəni, iddiaçı tərəfin bildirdiyi həqiqi olarsa), belə halda nikah dövründə əsaslı təmir işləri aparıldığına görə Ailə Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından evin ər-arvadın birgə mülkiyyəti sayılacağı istisna edilmir. - Məhkəmə tərəfindən tərəflərin iştirakları ilə mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazi yerində müayinə edilmiş və müəyyən edilmişdir ki, daşınmaz əmlakın faktiki vəziyyəti İdarə tərəfindən verilmiş 27.09.2018-ci il tarixli, **********71-10301 reyestr nömrəli texniki pasportun göstəricilərinə uyğundur. “A” tikilisində üçüncü şəxs Valeh Veyisov ailəsi ilə birlikdə, “B” tikilisində isə İddiaçı oğlu ilə birlikdə yaşayır. Üçüncü şəxs Valeh Veyisov “A” tikilisinin atasından miras qalan mənzil olduğunu, “B” tikilisinin isə özü tərəfindən inşa edildiyini, həmin ərazidə qardaşı İsmayıl Veyisov tərəfindən heç bir tikili tikilmədiyini bildirdi. İddiaçı isə “B” tikilisinin Bakı şəhəri Binəqədi RİH Başçısının 06.11.2007-ci il tarixli, 379 saylı və 26.08.2008-ci il tarixli, 274 saylı sərəncamları əsasında həyətyanı boş torpaq sahəsində birgə nikah dövründə İsmayıl Veyisov və onun tərəfindən inşa edilmiş tikili olduğunu, istifadə hüquqlarının məhkəmə tərəfindən məhz həmin tikiliyə tanındığını bildirdi. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 21.02.2020-ci il tarixli, **********94 №-li məktubdan görünür ki, onun Bakı şəhəri, ünvan 15 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə ********** daxil olma nömrəli, 20.02.2020-ci il tarixli ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 17 ünvanında yerləşən yaşayış sahəsi 29,2 kvm., yardımçı sahəsi 22,3 kvm.-dən ibarət olan, 559, kvm. torpaq sahəsində yerləşən 2 otaqlı mənzil X18 adına 13.08.1988-ci il tarixdə qeydə alınmışdır. X27 10.03.1996-cı il tarixdə ölmüşdür. Onun miras əmlakı olan ünvan 12 ünvanındakı 559,20 kvm. torpaq sahəsində yerləşən ümumi sahəsi 51,5 kvm., yaşayış sahəsi 29,2 kvm., yardımçı sahəsi 22,3 kvm. olan 2 (iki) otaqlı fərdi yaşayış evi vərəsələri X19, X23, X24, X14, X25, Veyisova Xədicə Həbib qızı arasında bərabər hissədə paylara bölünmüşdür. X3, X14, X19, X25, Veyisova Xədicə Həbib qızı atalarından onlara çatan miras payı qardaşları X16 bağışlamışdırlar. 10.05.2018-ci il tarixdə qeydə alınmış seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi 0,0305 ha, ümumi sahəsi 51,5 kvm olan ünvan 13 ünvandakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X12 adına rəsmiləşdirilmişdir. 12.07.2018-ci il tarixdə qeydə alınmış seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi 0,05992 ha, ümumi sahəsi 51,5 kvm olan ünvan 13 ünvandakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X12 adına rəsmiləşdirilmişdir. Veyisov Valeh 12.09.2018-ci il tarixli ərizə ilə məlumatlandırma icraatı qaydasında Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq mülkiyyətində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında yerləşən sahəsi 94,9 kvm., hündürlüyü 3,15 m., mərtəbəliyi 1 olan fərdi yaşayış evini inşa etdiyini bildirmişdir. Cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxs Valeh Veyisovun 12.09.2018-ci il tarixli müraciətinə əsasən daşınmaz əmlakın yerləşdiyi əraziyə 17.09.2018-ci il tarixdə baxış keçirilmiş və torpaq sahəsi 0,05992 ha, ümumi sahəsi 242,3 kvm. olan ünvan 13 ünvandakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X12 adına 28.09.2018-ci il tarixdə qeydə alınmış seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən rəsmiləşdirilmişdir. Hazırda İddiaçı 28.09.2018-ci il tarixdə qeydə alınmış seriya RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs Valeh Veyisovun adına rəsmiləşdirilmiş daşınmaz əmlakın “B” tikilisinin Bakı şəhəri Binəqədi RİH Başçısının 06.11.2007-ci il tarixli, 379 saylı və 26.08.2008-ci il tarixli, 274 saylı sərəncamları əsasında keçmiş əri İsmayıl Veyisov tərəfindən tikildiyini, həmin tikili üzrə məhkəmə qətnamələrinə əsasən hüquqlarının tanındığını iddia edərək ünvan 4ında inşa edilmiş kürsülü fərdi yaşayış evinə dair aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş 28.09.2018-ci il tarixli, seriya RX № ******* çıxarışın ləğv edilməsi ilə bağlı mübahisə qaldırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri Binəqədi RİH Başçısının 06.11.2007ci il tarixli, 379 saylı və 26.08.2008-ci il tarixli, 274 saylı sərəncamları əsasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvandakı sahəsi 121,0 kvm. torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi faktı qanuni qüvvəsini almış məhkəmə qərarlarında öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: - 74.1-ci maddəsinin tələlblərinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. - 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır - 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanına) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) yaratdığı quruma (burada “qurum” dedikdə Azərbaycan Respublikası Mənzil X9 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur) məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) yaratdığı qurum (burada “qurum” dedikdə Azərbaycan Respublikası Mənzil X9 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur) tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. - 80.5-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) həyata keçirir. - 80.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) yaratdığı qurum (burada “qurum” dedikdə Azərbaycan Respublikası Mənzil X9 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur) bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. - 82.1-ci maddəsinə tələbinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 iş günü ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. - 82.2-ci maddəsinə əsasən məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) yaratdığı qurum (burada “qurum” dedikdə Azərbaycan Respublikası Mənzil X9 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur) həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə) məlumat verməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi məlumatlandırma icraatı qaydasında sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini təqdim etməklə məlumat verir. Müvafiq icra hakimiyyəti orqanı, yəni yerli icra hakimiyyəti orqanı tərəfindən yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0.9.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əsas hesab olunur. - 8.0.10.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab olunur. Məhkəmə qeyd edir ki, hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən ediliyi kimi üçüncü şəxs Valeh Veyisov Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinə 12.09.2018-ci il tarixdə müraciət edərək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında yerləşən sahəsi 94,9 kvm., (halbuki cavabdeh inzibati orqana təqdim edilmiş layihədə fərdi yaşayış evinin ümumi sahəsinin 190,8 kvm. qeyd edilmişdir) hündürlüyü 3,15 m., mərtəbəliyi 1 olan fərdi yaşayış evini inşa etdiyini bildirmiş, qanunvericiliklə müəyyən olunmuş müddətə riayət etmədən (10 gün) həmin tarixdə də, yəni 12.09.2018-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək “B” tikilisi üzrə daşınmaz əmlakın qeydiyyata alınaraq vahid əmlak üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan isə 17.09.2018-ci ildə müraciət ilə bağlı daşınmaz əmlakı müayinə edərək 28.09.2018-ci il tarixdə həmin əmlak üzərində hüquqların qeydiyyatını aparmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs X22 rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında yerləşən 0,05992 ha. torpaq sahəsi üzərində mülkiyyət hüquqları 12.07.2018-ci il tarixdə qeydə alınmışdır. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında yerləşən “B” tikilisi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmişdirsə onda qanunvericiliyin tələblərinə uyğun olaraq üçüncü şəxs Valeh Veyisov tərəfindən həmin tarixədək torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı cavabdeh inzibati orqana təqdim edilməli idi. Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının tələbləri pozulmaqla inzibati akt – daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması həyata keçirilmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinin tələbinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ünvan 13 ünvandakı ümumi sahəsi 190,8 kvm. olan “B” tikilisi adlanan fərdi yaşayış evinə dair 28.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 39673 nömrəli vərəqində aparılmış qeydiyyat qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 13 ünvana dair 28.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 39673 nömrəli vərəqində aparılmış qeydiyyat və 28.09.2018-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən, yəni ümumi sahəsi 190,8 kvm. olan “B” tikilisi ilə bağlı hissədə ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. ünvan 13 ünvana dair 28.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 39673 nömrəli vərəqində aparılmış qeydiyyat və 28.09.2018ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən, yəni ümumi sahəsi 190,8 kvm. olan “B” tikilisi ilə bağlı hissədə ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-765/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-765/2021
08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver