Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-765/2023 03.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X6, X7 cəlb olunmaqla) «fərdi yaşayış evinin iddiaçıya aid hissəsinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin iddiaçıya aid hissəsinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/8 hissəsi iddiaçıya məxsusdur. Ona aid olan hissə 4 yaşayış otağından, 1 mətbəxdən və 1 sanitar qovşaqdan ibarət olmaqla, faktiki olaraq cəmi 104.85 kv.m sahədən ibarətdir. İddiaçı həmin evi 2004-cü ildə notarial alqı-satqı yolu ilə əldə etmişdir. Həmin evdə o və oğlu X9 qeydiyyatda olmaqla daimi yaşayırlar. Qeyd olunan fərdi yaşayış sahəsi paylı mülkiyyət olmaqla, digər paylar 5/8 hissədə X1, 1/8 hissə X2, 1/8 hissədə isə X3 mülkiyyətindədir. İddiaçının həmin şəxslər heç bir əlaqəsi, o cümlədən qohumluq əlaqəsi yoxdur. Evin iddiaçıya aid hissəsinin də digər mülkiyyətçilərə aid olan hissəsi ilə heç bir əlaqəsi yoxdur. Evin iddiaçıya aid hissəsinin giriş qapısı tam olaraq ayrıdır, qaz, su və işiq belə onun adınadır. Belə olan halda ona aid mülkiyyətin ümümi paylarda olması mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından, o, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, evin ona məxsus hissəsinə dair reyestrdən çıxarışın və mövcud vəziyyətinə uyğun olaraq texniki pasportun verilməsini xahiş etmişdir. Lakin, cavabdeh inzibati orqan tərəfindən ona ünvanlanmış 25 yanvar 2022-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, sözügedən fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair payçıların notarial qaydada təstiq edilmiş razılıq ərizəsi təqdim edilmədiyindən, ərizənin icrası mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunvericiliyin tələblərinə ziddir və mülkiyyətçi kimi onun hüquqularını pozur. Yuxarıda da qeyd edildiyi kimi, onun həmin şəxslərlə heç bir qohumluq və sair yaxınlıq əlaqəsi yoxdur, əmlaklar tam ayrı hissələrdə yerləşir. Bunu cavabdeh təşkilatın mühəndisləri və texniki əməkdaşları belə əmlaka baxış zamanı təstiq etmişlər. Belə olan halda iddiaçının hüquqları məhdudlaşdırılır. Göstərilənlərə və İPM-in 2.2.2, 33.1, 33.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.2-ci maddəsinə, Mülki Məcəllənin 139, 140, 149, 152, 154, 157, 158, 163-ci maddələrinə əsaslanaraq, iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki parsportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 2 dekabr 2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməlidir. Həmçinin fərdi yaşayış evinin İdarənin arxivində saxlanılan texniki pasportu ilə faktiki sahə arasında perimetrik ölçü fərqi var. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya 25 yanvar 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmə mübahisəsi dövründə İdarənin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə yerli baxış zamanı keçirilmiş və müəyyən edilmişdir ki, “A” yaşayış evinin ərizəçiyə məxsus olan 1, 5, 6, 11 saylı sahələri mövcuddur və heç bir dəyişiklik yoxdur. Müayinə iddiaçının hissəsində aparılmışdır. Qonşu sahələrə vizual baxış keçirilərkən “A” yaşayış evinin qonşu payçılara məxsus sahələrdə rekonstruksiya işləri aparıldığı və dam örtüyünün dəyişdirilərək ayrıldığı müəyyən olundu. İddiaçının şifahi məlumatına əsasən bununla eyni divara malik qonşu dam örtüyünün dəyişdiyi zaman içəridə əlavə divar tikildiyini bildirdi. İddiaçının istifadəsində olan torpaq sahəsində yerləşən “V” köməkçi tikilisi sökülmüşdür. A yaşayış evinin iddiaçıya məxsus hissəsinə bitişik sahəsi 32 kv.m olan köməkçi sahələr inşa edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1, 23-cü maddələrinə əsaslanaraq, iddanın təmin edilməməsi xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X6, X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; (3.2.4) daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Qaydaların 3.3-cü bəndinə görə daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. Göründüyü kimi, daşınmaz əmlaklara dair 6 iyul 2006-cı il tarixədək aidiyyəti səlahiyyətli orqanlar tərəfindən veilmiş qeydiyyat vəsiqələri öz qüvvəsini saxlayır və belə sənədlər həmin əmlaklar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas kimi çıxış edir. Eləcə də, mövcud qanunvericilik normaları daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və verilmiş ünvanın dəyişdirilməsi hallarının dairəsini konkret müəyyən etmişdir, daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlak obyektinin ayrı-ayrı hissələrə bölünməsi bu halların dairəsinə daxildir. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İş materiallarında olan Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 032826 nömrəli (22 dekabr 2004-cü il qeydiyyat tarixli) qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi hər biri mülkiyyətçinin payı aşağıdakı kimi olmaqla paylı mülkiyyətdədir: İddiaçı 1/8 hissə, X5 5/8 hissə, X7 1/8 hissə, X8 1/8 hissə. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmş 25 yanvar 2023-cü il tarixli məktubunda bildirilir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətə 1 saylı bakı Ərazi İdarəsi tərəfindən baxılmışdır. Fərdi yaşayış evi mülkiyyətdə olduğu üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmənin 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyularaq, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - (1-ci sual) Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq paylara uyğun bölünmüşdürmü? Bölünmüşdürsə, hər paya uyğun sahə nə qədər təşkil edir? - (2-ci sual) Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi Bakı ŞİH başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 29 iyul 2004-cü il tarixli 9/759 inventar nömrəli fərdi yaşayış evinin texnik pasportuna uyğundurmu? - (3-cü sual) Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinin real bölgüsü mümkündürmü? - (4-cü sual) Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi torpaq sahəsi ilə birlikdə nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 19 yanvar 2023-cü il tarixli məktubu ilə Mərkəzin ekspertnin həmin tarixli 10/6474 nömrəli rəyi təqdim edilmişdir: - (1-ci sual üzrə) Rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq paylardan kənara çıxmaqla Məhkəmə Tikinti-X4 Metodlarında göstərilənlərə uyğun qaydada bölündüyü müəyyən edilir; - (2-ci sual üzrə) Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinin Bakı ŞİH başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 29 iyul 2004-cü il tarixli 9/759 inventar nömrəli fərdi yaşayış evinin texnik pasportuna uyğun olduğu müəyyən edilir. - (3-cü sual üzrə) Rəyin təsviri hissısində qeud olunanları nəzərə alaraq Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə faktiki istifadəsində olan texniki pasportda qeyd olunan İddiaçı 1/8 hissədə payının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Tikinti-X4 Metodlarının tələblərinə uyğun qaydada naturada paydan kənara çıxmaqla faktiki vəziyyətdə texniki cəhətdən ayrılmasının mümkün olduğu müəyyən edilir. - (4-cü sual üzrə) Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi torpaq sahəsi ilə birlikdə faktiki olaraq 165,8 kv.m təşkil edir. Hazırkı işin hallarına görə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdədir və iddiaçı həmin əmlakda 1/8 paya malikdir. O, evin onun payına düşən hissəsinə mülkiyyət hüququnun qeydiyyata alınması haqqında reyestrdən çıxarış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, digər payçıların razılıq ərizəsi təqdim edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və aşağıdakı xüsusatları diqqətə çəkir: - iddiaçının fərdi yaşayış evinə (müvafiq hissədə) mülkiyyət hüququnun qeydiyyat alınması üçün hüquqmüəyyən edici sənəd kimi “qeydiyyat vəsiqəsi” çıxış edir və həmin sənədin qanunsuzluğu ilə bağlı heç bir dəlil, sübut verilmiş, belə xüsusat imtinanın əsası kimi də təqdim edilmir; - Paylı mülkiyyətdə olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi payçılar arasında naturada bölünmüşdür və payçılar arasında hər hansı mübahisə mövcud deyil. Digər payçılar üçüncü şəxs qismində işə cəlb olunmuşlar və iddiaya münasibət bildirməmişlər; - İşdə olan 10/6474 nömrəli 19 yanvar 2023-cü il tarixli ekspertiza rəyinə görə həmin evin iddiaçıya məxsus hissəsinin vaxtilə səlahiyyətli orqan tərəfindən tərtib edilmiş 29 iyul 2004-cü il tarixli (9/759 inventar nömrəli) texnik pasporta uyğun olması, evin iddiaçıya məxsus hissəsində sonradan dəyişikliklər aparılması ehtimalını istisna edir; - Tikinti-X4 Metodlarının tələblərinə uyğun qaydada evin texniki cəhətdən ayrılmasının mümkünlüyü də müəyyən edilir. - Evin iddiaçıya aid hissəsinin ayrılmasının mümkünlüyü müəyyən edilir. Məhkəmə icraatında ekspertiza rəyi ilə qismən razılaşır. Çünki, rəydə “paylardan kənara çıxmaqla” xüsusatı göstərilsə də, hansı hissədə kənarlaşma olması qeyd olunmur və evin göstəricilərinin texniki pasporta uyğunluğu vurğulanır, məhkəmə həmin hissədə rəylə razılaşmır. Lakin rəy qalan hissədə qoyulan məsələlər üzrə əhatəli və əsaslandırılmış qiymətləndirilir. - Evin altındakı müvafiq paya uyğun torpaq sahəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə və «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən hazırkı iddiaçının mülkiyyətidir. Torpaq sahəsinə mülkiyyət hüququ reyestrdə qeydiyyat alınmasa da, iddiaçının ona hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsində 2013cü ilin 1 yanvar tarixinədək inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinə hüququn qeydiyyata alınması üçün əlavə icazə (istismar) sənədi və ya layihənin təqdim edilməsini mütləq saymır. Qeyd olunmalıdır ki, fərdi ya.ayış evində ehtimal olunan hər hansı dəyişikliyin (rəydə paydan kənara çıxma barədə bildirilir) 1 yanvar 2013-cü il tarixdən əvvəlki dövrə təsadüf etməsi təsdiqini də tapmır; - Cavabdeh inzibati orqanın dəlilinə gəldikdə isə, nəzərə alınmalıdır ki, evin bütün payçılarının payı müəyyən edildiyindən və ev naturada paylara bölündüyündən, onun iddiaçının mülkiyyətində olan hissəsinə münasibətdə ayrı ünvan verilməsi mümkündür və bu hal iddiaçının ona məxsus pay üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasında digər payçıların razılığının olması zərurətini aradan qaldırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1) Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3). Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının fərdi yaşayış evinin ona məxsus hissəsi üzərində hüququnun qeydiyyat alınmasından imtinası qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15 və 17ci maddələrinə ziddir və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan haldır. Odur ki, iddiaçının evdəki payına mütənasib mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi mahiyyətcə müvafiq fərdi yaşayış evinin ona mənsub hissəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasıdlır. Məhkəmə həmçinin qeyd edir ki, fərdi yaşayış evinə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və onunla bərabər “texniki pasport”ün verilməsini də birmənalı şəkildə nəzərdə tutur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə İPM-in 52 və 68-ci maddələrinin tələblərini də rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan hissəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyesdıən çıxarışın və texniki parsportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan hissəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın və texniki parsportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-765/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-765/2023
03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver