Məhkəmə qərarları › İş №2-1(112)-7650/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7650/2024

03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7650/2024 03.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdeh Tikintidə X5 Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh1nə və digərlərinə (üçüncü şəxslər Maraqlı şəxs1 və digərləri) qarşı “ekspert rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh1nə, Azərbaycan Respublikasının Cavabdeh1 Tikintidə X5 Agentliyinə və Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TikintidəX5 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən verilmiş “DK markalı cizgilər, Texniki vəziyyət haqqında rəyi və Tikintidə X5 Agentliyi X2 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 36264 saylı ekspertiza rəyinin ləğv edilməsi barədə qəra qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs3 MMC, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Əmrah qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 161 kv.m olan 2 saylı mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Onun mənzilinin yerləşdiyi binanın birinci, ikinci və üçüncü mərtəbəsində Maraqlı şəxs3 MMC fəaliyyət göstərir. İlkin olaraq tibb müəssisəsi binanın 1-ci, 2-ci mərtəbələrində fəaliyyət göstərsə də, sonra 3-cü mərtəbəni də tibb müəssisəsi etmişlər. Hazırda iddiaçıya məxsus 2 saylı mənzilin qonşu olan 1 saylı mənzil və həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzillərin daxilində konstruktiv tikinti işləri aparılır, mənzillərin daxilində monolit beton konstruksiyalı döşəmə dağıdılıb və arakəsmə divarları sökülmüşdür. Bu da 2 saylı mənzilin daxilində qüsurların divarda, balkonda çatların yaranmasına səbəb olmuşdur. Dördücü mərtəbədəki mənzilin divarı ümümi dəhlizə doğru 5-sm qədər artırılaraq zəbt olunmuş, 3-cü və 4-cü mərtəbə arasında olan binanın konstruksiyaları kustar hissə ilə doğrayaraq götürülərək ora lift yerləşdirilməsi planlaşdırılır. Nəsimi Rayon məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında və həmin binada yerləşən 1 saylı, 6 və 7 saylı mənzildə cavabdehlərin həyata keçirdikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində mülkiyyət hüququ əsasında X6 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsiev 183 yerləşən 2 saylı mənzilə və mənzilin yerləşdiyi binaya dəymiş zərərin cavabdehlər "xxxx" MMC və Maraqlı şəxs1, Maraqlı şəxs2 Əmrah qızı hesabına aradan qaldırılması ilə binanın əvvəlki vəziyyətinə gətirilməsi, cavabdehlərin həyata keçirdikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində X6 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ev 183, mənzil 2-yə dəymiş 20.000 manat ziyanın cavabdehlər Maraqlı şəxs3 MMC və Maraqlı şəxs1, Maraqlı şəxs2 Əmrah qızından alınaraq X6 ödənilməsi barədə qətnamə çıxarılmasını və Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-ci mərtəbəsində yerləşən 1 saylı, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzil olan yaşayış sahələrinin qeyri-yaşayış təyinatlı istifadə edilməsinin cavabdehlər MMC-yə və Maraqlı şəxs1, Maraqlı şəxs2 Əmrah qızına qadağan edilməsi barədə qətnamə çıxarılmasını, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-2-3-ci mərtəbəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ev 183 və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-ci mərtəbəsində yerləşən 1 saylı, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzillərdə binanın dayanıqlığına, bütövlüyünə təsir edən, o cümlədən İddiaçı qonşuluq hüququna müdaxilə edən təmir, tikinti, yenidən qurma, konstruksiya işlərinin həyata keçirilməsinin cavabdehlər Maraqlı şəxs3 MMC-yə, Maraqlı şəxs1, Maraqlı şəxs2 Əmrah qızma qadağan edilməsi barədə qətnamə çıxarılmasını və s... xahiş etmişdır. İddia qaldırmadan öncə verdiyi müvvəqəti təminat tədbiri barədə ərizə əsasında Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə Maraqlı şəxs3 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında aparılan qanunsuz söküntü, tikinti, təmir və yenidənqurma işləri dayandırılaraq söküntü, tikinti, təmir və yenidənqurma işlərinin aparılması Maraqlı şəxs3 MMC-yə və digər 3-cü şəxslərə qadağan edilmişdir. Həmin vaxt 1 saylı mənzilə baxış keçirildikdə məlum oldu ki, ilkin olaraq cavabdehlər tərəfindən 2 saylı mənzilin qonşu olan 1 saylı mənzil və daxilində konstruktiv tikinti işləri aparılmış, mənzillərin daxilində monolit beton konstruksiyalı döşəmə dağıdılmış hissələr mənzilin tavanına qədər tam şəkildə hasarlanaraq mühasirəyə alınmışdır. Səbəb isə həmin iddiaçıya məxsus 2 saylı mənzil ilə divar qonşusu olan 1 saylı mənzildə orta divara yaxın ərazidə qanunsuz aparılmış, söküntü işlərini ört basdır etmək olmuşdur. Məhkəmə prosesi zamanı isə məlum oldu ki, cavabdehlər may-iyun aylarında iddiaçının mənzili ilə onların mənzilini ayıran divara bitişik hissədə qanunsuz olaraq dağıdılmış döşəməni və 4-ci mərtəbədə yerləşən yaşayış sahəsindən 3-cü mərtəbədə yerləəşən qeyri yaşayış sahəsinə doğru pilləkan açmaq və lift yerləşdirmək üçün doğranılmış beton konstrusiyaya sonradan qanuniləşdirmək məqsədi ilə TikintidəTəhlükəsiziyə X11 “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən ilkin olaraq DK markalı cizgilər Texniki vəziyyət haqqında rəy alınmışdır. Sonra isə TikintidəTəhlükəsiziyə X11 X2 Baş İdarəsi tərəfindən 36264 saylı ekspertiza rəyi almışlar. Həmin ekspertiza rəyi və DK markalı cizgilər Texniki vəziyyət haqqında rəy tamamilə qanunsuzdur və ləğv edilməlidir. İlkin olaraq texniki vəziyyət haqqında rəy- 4-cü mərtəbədə yerləşən 1 saylı mənzildən 3-cü mərtəbəyə mərtəbəarası örtük tavanlarında boşluqların açılması və mayinə işlərinin aparılması, gücləndirmə layhəsinin hazırlanması və texniki rəyin verilməsi tamamilə qanunsuzdur. Texniki rəydə göstərilir ki, guya 4-ci mərtəbədə mərtəbələrarası örtük tavanlarında boşluğun açılması üçün gücləndirilmiş layihləndirmə işləri ilə əlaqədar texniki baxış keçirilmişdir. TikintidəTəhlükəsiziyə X11 X2 Baş İdarəsi tərəfindən DK markalı cizgilər, texniki vəziyyət haqqında rəyə əsasən verilmiş xx.xx.2023-cü il tarixli ekspertiza rəyində isə göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının örtük tavanlarında boşluqların açılması üzrə tikinti layihəsinin konstruktiv dayanıqlığı baxımından qənaətbəxş hesab edib razılaşdırmaq olar. Hər iki rəy qanunsuz olmaqla həqiqətləri əks etdirmir. Çünki, 4-ci mərtəbədə yerləşən 1 saylı mənzildə rəy verilmədən 5 ay öncə qanunsuz olaraq konstruktiv tikinti işləri aparılmış, mənzilin daxilində monolit beton konstruksiyalı döşəmə dağıdılıb və 4 və 3-cü mərtəbələrarası pilləkən və lift üçün boşluqlar açılmışdır. İddiaçı məhkəməyə müraciət etdikdən sonra isə həmin boşluqları gizlətmək üçün mənzilin daxilində həmin hissələr tavana qədər hasarlanmışdır. Həmin hissəyə texniki baxış keçirilməsi mümkünsüz olmuşdur. Bu halı məhkəmə qərardadları və video sübut edir. Yəni DK markalı cizgilər, texniki vəziyyət haqqında rəy verilərkən mənzilin həmin hissəsi çoxdan dağıdılmış və qanunsuz işlərini qanuniləşdirmək üçün sonradan bu cür rəy alınmışdır. Sənədlərdən görünür ki, binanın 4-cü mərtəbəsində yerləşən 1 saylı mənzil yaşayış sahəsi, 3-cü mərtəbə isə qeyri yaşayış-sahəsidir və Maraqlı şəxs3 MMC olaraq tibb müəssisəsidir və həmin mərtəbədə doğum evi olaraq fəaliyyət göstərir. Yəni ilkin olaraq yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevrilməli, sonra isə bu cür texniki rəy alına bilərdi. Həmin 1 saylı mənzilin qeyri yaşayış sahəsinə çevrilməsi isə qanunvericiliyin tələbinə əsasən mümükün deyil. Çünki, iddiaçıya məxsus mənzil ilə divar qonşudur və həmin mənzilin doğum evi olaraq fəaliyyət göstərməsi qanunvericiliyə ziddir. Lakin bütün bu rəylər göstərir ki, mənə məxsus mənzilə divarına bitişik sahədə 1 saylı mənzilin doğum evi olaraq fəaliyyət göstərməsi üçün boşluqlar açılması, liftin quraşdırılması artıq qanuniləşdirilmişdir. Cavabdehlər iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Tikintidə X5 Agentliyinin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Maraqlı şəxs3 MMC-nin sifarişi əsasında “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ünvan 5 ünvanında, mövcud 14 + mansard mərtəbəli ofis və yaşayış binasında mərtəbəarası örtük tavalarında boşluqların açılması və gücləndirilməsi ilə bağlı “DK” markali cizgilər, texniki vəziyyət haqqinda rəydən görünür ki, Cavabdeh1 Tikintidə X5 Agentliyinin “Azənnşaatlayihə”’ Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun inşaat şöbəsinin mudir müavini Polad Vəliyev və Texniki şöbənin mühəndisi İlqar Hüseynov, Tikintidə Təhlükəsiziyə X8 xx.xx.2023-cü il tarixli, 3-18-2/3-15-853/2023 nömrəli tapşırığına, sifarişçi X9 müraciətinə əsasən ünvan 5 ünvanında 14 mərtəbəli (+mansard) yaşayış binasının -4-cü mərtəbələrdə mərtəbəarası örtük tavalarında boşluğun açılması üçün gücləndirmə və layihələndirmə işləri ilə əlaqədar binanın həmin hissəsinə texniki baxış keçirilmişdir. Rəyə əsasən sifarişçi tərəfindən 4 və 5-cı mərtəbələrdə mənzillər təmir edilir və örtük tavalarında açılması nəzərdə tutulan boşluqların binanın dayanıqlığına təsirini müəyyən etmək üçün Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinə tələb olunan sənədlər təqdim edilməklə müvafiq rəyin alınmasının zəruriliyi barədə sahibkara məlumat verilmişdir. X2 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 36264 saylı ekspertiza rəyindən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Əmrah qızının sifarişi əsasında müəyyən edilmişdir ki, təqdim edılən layihə sənədlərinə əsasən ünvan 6 ünvanında yerləşən yaşayış binasının örtük tavalarında boşluqların açılması nəzərdə tutulmuşdur. Layihənin konstruksiya bölməsinə aid aşağıdakı iradlar aşkarlanmışdır: 1. “Azərinşaatlayıhə” DBLKTİ tərəfindən hazırlanmış Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu kuçesı 183 ünvanında, 14+mansard mərtəbəli yaşayış binasının 1+4-cü mərtəbələrində keçid üçün mərtəbəarası örtük tavalarında boşluqların açılması ilə əlaqədar həmin sahənin texniki vəziyyəti haqqındakı Rəydə 2006-cı ildə inşa olunmuş binanın 1-4-cü mərtəbələrində 3.10x2.55m ölçülərində boşluqların açılması nəzərdə tutulmuşdur. 2.Mərtəbəarası örtük tavalarında boşluqların açılmasına uyğun hesablamalar təqdim edilməlidir. 3. Örtük tavasında açılan boşıuğun hansı məqsədlə açıldığı aydınlaşdırılmalıdır. Qeyd: - iradların işçi qaydada aradan qaldırıldığını və aydınlaşdırıldığını nəzərə alaraq baxılan binanın 1+4-cü mərtəbələrinin örtük tavalarında 3 10x2 55m ölçüdə boşluğun açılması ilə bağlı gücləndirmə layihəsini qənaətbəxş hesab etmək olar. Rəyin nəticə hissəsində göstərilmişdir ki, “Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu köçəsi 183 ünvanında yerləşən yaşayış binasının örtük tavalarında boşluqların açılması (±0.00++15.45 səviyyələrdə)” üzrə tikinti layihəsini konstruktiv dayanıqlıq baxımından qənaətbəxş hesab edib razılaşdırmaq olar. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda bu rəylərlə razılaşmayaraq onların ləğv edilməsini xahiş edir. Lakin iddiaçının mübahisələndirdiyi bu rəylər inzibati akt deyil və məcburi hüquqi qüvvəyə malik deyillər. Belə ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Burada inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir.Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Yəni xaricə ünvanlanmaqla tənzimləmə xüsusiyyəti daşıyır. İddiaçıların hazırda mübahisələndirdiyi rəylər isə, yuxarıda sadalanan xüsusiyyətlərdən məhrum olmaqla, tövsiyə xarakterinə malikdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na əsasən: -bənd 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 90.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X5 Agentliyinin (bundan sonra – Agentlik) nəzdində fəaliyyət göstərən X2 Baş İdarəsi (bundan sonra – ekspertiza müəssisəsi) tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi mexanizmini müəyyən edir. - bənd 1.2. Tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından, dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsindən ibarətdir. - bənd 2.4. Bu Qaydaların 2.1-ci bəndində göstərilən obyektlərin tikinti layihələri sifarişçinin istədiyi hallarda və müstəqil müraciəti əsasında tikintiyə icazə icraatından əvvəl də bu Qaydaların tələblərinə uyğun olaraq ekspertizadan keçirilir. - bənd 4.6. Tikinti layihələri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında ekspertizadan keçirilir. - bənd 5.1. Tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanır. Həmin rəy xüsusi mühafizə nişanları olan blankda 3 nüsxədə tərtib olunur, hər bir nüsxə ekspertlər tərəfindən imzalanır, ekspertiza müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir və müvafiq qaydada qeydiyyata alınır. Göründüyü kimi, qanunverici şəxslərin sifarişi əsasında müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı ekspertizanın keçirilməsi və rəy verilməsini təsbit etmiş, bu rəyin tərəflər arasında bağlanmış müqavilə əsasında verildiyini müəyyət etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsininə əsasən isə: - maddə 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. - maddə 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. - maddə 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. -maddə 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. İstinad olunan normalardan da görünür ki, tikinti layihələri ilə bağlı şəxsi üçün məcburi hüquqi qüvvəyə həmin layihələrə dair verilən rəylər deyil, rəy əsasında inzibati orqanın qəbul etdiyi qərarlar malikdir (məsələn, tikintiyə icazə verilməsi, ondan imtina edilməsi və sair). Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının tələbi inzibati mühakimə icraatı baxımından mümkün iddia hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar