Məhkəmə qərarları › İş №2-1(112)-7651/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7651/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7651/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun vəkili 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9 və X24 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “texniki pasportun ləğv edilməsi və reyestrdə düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X9 və X24 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlakın Dövlət reyestrində Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 20 saylı evin üçüncü şəxslər X6 və X18 məxsus mənzilinə dair aparılmış qeydiyyat və tərtib edilmiş texniki pasportun 8.2 kv. metr ölçüdə yardımçı hissədə ləğv edilməsi və reyestrdə müvafiq düzəlişlər edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə **********75-05101- 093003 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, ünvan 1 ünvanda yerləşən sahəsi 65,8 kv. metr olan 3 otaqlı mənzillərə dair verilmiş texniki pasportun və çıxarışın ləğv olunması öhdəliyinin DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil xx.xx.2021-ci il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi)nə dair ərizə təqdim edərək, üçüncü şəxs X5 mənzilinə dair xx.xx.2013cü il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmiş texniki pasportun və çıxarışın bütövlükdə ləğv olunması deyil, mənzilin texniki pasportunda qeyd edilən sahəsi 8,12 kv. metr olan mətbəxə dair hissədə ləğv olunması öhdəliyinin DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Daşınmaz əmlakın Dövlət Reyestrində Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 20 saylı evin üçüncü şəxslər X7 və X18 məxsus mənzilinə dair aparılmış qeydiyyat və tərtib edilmiş texniki pasportun 8,1 kv. metr ölçüdə yardımçı sahə hissəsində ləğv edilməsi və reyestrdə müvafiq düzəlişlər edilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Üçüncü şəxs X9 və X25 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1346/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-442 2022 nömrəli qərardadı ilə üçüncü şəxslər X9 və X26 tərlindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 1346/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. Onlar yaranmış vəziyyətə görə xx.xx.2022-ci il tarixdə məktubla Daşınmaz əmlakın dövlət reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, 20 saylı, X5 adına qeydiyyatdan keçmiş mənzilə dair aparılmış qeydiyyatın və tərtib edilmiş texniki pasportun sahəsi 8,12 kv. metr olan yardımçı sahə (mətbəx) hissədə ləğv edilməsi və reyestrdə müvafiq düzəliş aparılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrinin 1 saylı Bakı Ərazi İdarəsindən imtina almışdırlar. İmtina məktubunda qeyd edilmişdir ki, "müraciətləri ilə əlaqədar olaraq bildirirlər ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququ mübahisələndirilə bilər və hüququların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir". Daha əvvəl o, cavabdehlər X7 və X10, üçüncü şəxs Yasamal rayonu, 42 saylı Mənzil Komunal İstismar sahəsinin mühəndisi Şərafət Feyzullayevaya qarşı Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 20, 5 saylı komunal mənzilin ümumi paylı mülkiyyət hüququ ilə otaq mülkiyyətçilərinə məxsus ümumi istifadəsində olan həyətində mənzilinin qarşısında cavabdeh X9 tərəfindən özbaşına tikilmiş evin (artırmanın) cavabdeh X9 tərəfindən sökülməsinə, mənzili ilə ona məxsus hamamın arasında hörülmüş divarın cavabdehlərin vəsaiti hesabına sökülməsi və sahəsi 9,8 kv. metr olan hamamın və sahəsi 15 kv. metr olan dəhlizin (koridor) və digər sahənin, cəmi 50 kv. metr sahənin ona qaytarılmasına dair iddia qaldırmışdır. Cavabdeh X9 qarşılıqlı iddia verərək cavabdehin üzərinə mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 20, mənzil 1-ə aid olan, sahəsi 8.12 kv. metr olan mətbəxin əvvəlki vəziyyətə gətirərək, dəhliz (koridor) boyu tikdirdiyi daş divarı sökərək, ona təhvil verilməsi, faktiki istifadəsində olan 1,7 kv. metr və 1,0 kv. metr olan iki ədəd sanitar qovşaqdan istifadəsini mümkün etmək üçün öz evinin qarşısındakı dəhlizə (koridor) giriş divarını sökmək və oradan qapını çıxarmaq öhdəliyi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-208/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, X5 mülkiyyətində olan ünvan 2 ünvanına aid olan 8,12 kv.m olan mətbəxdə hörülmüş arakəsmənin İddiaçı hesabına sökülməsi və mətbəxin əvvəlki vəziyyətə gətirilərək X7 təvil verilməsi barədə qətnamə çıxarılmış, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmə qarşılıqlı iddia tələbini iş üzrə keçirilmiş 15 mart 2020-ci il tarixli 41501 saylı ekspertiza rəyinə əsaslanaraq qismən təmin etmişdir. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, X5 texniki pasportuna əsasən istifadəsinə verilmiş Bakı şəhər Yasamal rayonu İslam Səfərli küçəsində yerləşən, 20 saylı evin 1 saylı mənzilinə aid, sahəsi 8.12 kv.m olan mətbəx mövcuddur, lakin həmin mətbəx arakəsmə ilə hörülərək iki hissəyə bölünərək sahəsi 2.53 kv. metr olan (1.15 x 2.2 m.) hissəsi iddiaçının, qalan hissəsi cavabdeh İddiaçı istifadəsindədir. Yasamal Rayon Məhkəməsinin 2(004)-208/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş sonra Bakı İnzibati Məhkəməsində "mənzilin texniki pasportunda qeyd edilən sahəsi 8,12 kv. metr olan mətbəxə dair hissədə ləğv olunması“ barədə iddia tələbi qaldırıldığından vəsatət verilərək, apellyasiya şikayətinə baxış dayandırılmışdır. Onun və üçüncü şəxslərin mənzilləri kommunal mənzil olduğuna görə mənzillərin arasında ümumi istifadədə olan sahə vardir. Bölgü zamanı onun payına düşmüş sahənin bir hissəsini üçüncü şəxs X9 zəbt etmişdir. Həmin sahənin əvvəllər hamam olmuş 8,12 kv. metr hissəsini zəbt edərək, mətbəx adı ilə saxta texniki pasport və çıxarış almışdır. Mətbəx adı ilə zəbt edilmiş 8,12 kv. metr ərazi üçüncü şəxslər X9 və X17 mənzillərindən uzaqda, onun mənzilinə bitişik yerləşir. Üçüncü şəxslərin mənzilləri ilə mübahisəli mətbəxin arasında 50 kv. m-dən çox ümumi istifadədə olan sahə vardır və mətbəx mənzillərdən təcrid olunmuşdur. Ekspertiza rəyində qeyd edildiyi kimi ara üçüncü şəxslər tərəfindən hörüldüyünə görə mübahisəli mətbəxin böyük hissəsi onun mənzilinin ərazisində qalmış, kiçik hissəsi isə üçüncü şəxslərin mənzillərindən uzaq məsafədə ümumi istifadədə olmuş, qonşular arasında bölgüyə görə ona verilmiş bitişik yerdə yerləşir. Bunu məhkəmə mənzillərə yerli baxış zamanı da müşahidə etmişdir. 22 dekabr 1993-cü il “Doqovor” sənədinə və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının 9.12.1993-cü il tarixli sərəncamında da mübahisəli mənzilin ümumi sahəsi 65.0 kv.m. yaşayış sahəsi 65.0 kv.m. göstərilib. Sərəncamın birinci cümləsində qeyd edilir ki, vətəndaş X1, 20 №-li evin kirayəçisidir. Həmin mənzilin yaşayış sahəsi 65.0 kv. m. ümumi sahəsi 65.0 kv. m., dəyər qiyməti ******* rubldur. Üçüncü şəxs X5 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə **********75-05101-093003 reyestr nömrəsi qeydiyyatdan keçmiş, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 65.8 kv.m olan 3 otaqlı mənzilin texniki pasportunda qeyd edilən sahəsi 8.12 kv. m. olan mətbəxə dair hissədə onun mənafeyinə toxunduğu üçün ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********32 №li xx.xx.2022-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi etirazını onunla əsaslandırmışdır ki, qeyd olunan mənzil ilə bağlı məhkəmə mübahisəsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)-442/2022 saylı xx.xx.2021-ci il tarixli bildirişi daxil olmuşdur, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri- dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Üçüncü şəxs X9 tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minənədək, qanunvericilikdə yardımçı sahələrin vətəndaşlara mülkiyyət hüququ əsasında verilməsi nəzərdə tutulmurdu. Mübahisəli sahə hələ 1970-ci illərdən onlarım mülkiyyətçisi olduğu əmlakın əvvəlki mülkiyyətçilərinin müstəsna istifadəsində olub. Məhkəməyə təqdim etdiyi 1990-cı ilə aid plan- sxemdən də göründüyü kimi, həmin sahə onların mənzilin bir hissəsi kimi nəzərdə tutulub. Onlar qeydiyyat vəsiqələrində yalnız əsas sahə nəzərdə tutulub, mübahisəli sahə isə texniki pasportda istifadələrindəki sahə kimi göstərilib. 2013cü ildə cavabdeh qeydiyyat zamanı heç bir hüquq pozuntusu törətməyib. Bizə verilmiş texniki pasport müvafiq dövlət texniki inventarlaşdırma orqanı tərəfindən verilib və həmin əmlak üzərində hüquqlarını ehtiva edib. Mübahisəli sahənin iddiaçının mənzilinə yaxın olması hələ ona aid olması və ya ümumi istifadədə olması qənaətinə gəlməyə əsas vermir. Üçüncü şəxs X24 tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxslərin məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X21 məhkəmə iclasında veriyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; İş materiallarında olan; AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1941-ci ildə Ağdaş rayonu, Uznuk kəndində doğulmuş İddiaçı, ünvan 4 ünvanında qeydiyyatdadır. Yasamal RPİ tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZE seriyalı 02097392 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X9 ünvan 6 ünvanında qeydiyyatdadır. Hazırki işlə eyni vaxtda Bakı İnzibati Məhkəməsinin icraatında olmuş və məhkəmənin 2-1(112)-10491/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı ilə iddası mümkün sayılmamış iddiaçı X5 cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı üçüncü şəxs qismində göstərilməklə) Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin üzərinə İddiaçı mülkiyyətində olan **********75-05101-093006 reyestr nömrəli və ünvan 8 ünvanında yerləşən mənzilin 9 kv. metr hissəsinə dair reyestr qeydinin ləğv edilməsinə dair öhdəlik qoyulması barədə iddiasına dair iş üzrə məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********99 №li məktubunda göstərilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 20, 5 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba əlavə olunmuş sənədlərdən görünür ki; - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 043/25 №-li, xx.xx.1994-cü il tarixli “Əzizbəyov küçəsi, ev 20, mənzil 5-də yaşayan X15 mənzilinin özəlləşdirilməsi haqqında” Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən Əzizbəyov küçəsi, 20 №-li evin ümumi sahəsi 49,0 kv. m. olan 5 №-li mənzili X15 adına özəlləşdirilməsi qərara alınmışdır. - 22 oktyabr 1996-cı il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı ünvan 9 ünvanında yerləşən 5 saylı mənzili notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında X16 almışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №li çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 49,0 kv. metr olan mənzil xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci ildə tərtib olunmuş **********75-05101-093006 reyestr nömrəli Texniki pasportun surətindən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 10 ünvanında yerləşən mənzilin, ümumi sahəsi 49.0 kv.m olmaqla, 2 (iki) otaqdan ibarətdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə tərtib olunmuş Texniki Pasportun surətindən müəyyən olunur ki, X8 məxsus ünvan 11 ünvanında yerləşən mənzilin ümumi sahəsi 73,12 kv. metr, o cümlədən yaşayış sahəsi 65,0 kv. metr, o, cümlədən yaşayış otaqları 1-ci otaq 17,0 kv. metr, 2-ci otaq 23 kv. metr, 3cü otaq 25,0 kv. metr; koməkçi sahələr - vanna (hamam) otağı 8,12 kv. metr təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib olunmuş **********75-05101-093003 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, X7 məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 20 saylı evin, 1 saylı mənzilinin ümumi sahəsi 73,9 kv. metr, o cümlədən yaşayış sahəsi 65,8 kv. metr, o, cümlədən yaşayış otaqları 1-ci otaq 17,2 kv. metr, 2-ci otaq 22,9 kv. metr, 3-cü otaq 25,7 kv. metr; mətbəx 8,1 kv. metr təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən (ümumi sahəsi 73,9 kv. metr, yaşayış sahəsi 65.8 kv metr, yardımçı sahə 8.1 kv. metr, yaşayış otaqlarının sayı 3) mənzilin 2 otağı- 40.1 kv. metr sahəsi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X5, 1 otaq -25,7 kv. metr hissəsi X17 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1814 nömrəli reyestr kitabının 166987 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-5851/2019 saylı iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 31591 №-li ekspert rəyinin surətindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportlarına əsasən İddiaçı və X5 tədqiq olunan ünvanda yerləşən mənzillərin arasında tərəflərin ümumi istifadəsində olan sahə yoxdur. ünvan 12 ünvanında yerləşən İddiaçı istifadəsində olan tikilinin pəncərəsinin qarşısında 14 m. kənarda X9 tərəfindən texniki pasportda öz əksini tapmayan daxili ölçüləri 1,9 x 2.4 m. xarici ölçüləri 2.3 x 2.7 m., hündürlüyü 2.3 m. ölçüdə olan hamam inşa olunmuşdur. Lakin həmin hamam tikilisinin qarşısında İddiaçı faktiki istifadəsində olan mübahisəli tikili G.Ramazanovaya və İddiaçı verilmiş texniki pasportda göstəricilərinə əsasən cavabdehin istifadəsinə verilmiş və bu səbəbdən də inşa olunmuş hamam tikilisi iddiaçının mənafeyinə toxunmur. İddiaçı mənzilinin 1 saylı otağına bitişik 1.25 x 1.5 m ölçüdə hamam-ayaqyolu inşa olunmuş, lakin həmin hamam tikilisi İddiaçı texniki pasportunda göstərilməmişdir. Hamam tikilisi İddiaçı hal-hazırda istifadəsində olduğu üçün G.Ramazanova tərəfindən hörülmüş divar mövcud olmadığı müəyyən edilmişdir. X7 texniki pasporta əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 20 saylı evin 1 saylı mənzilinə aid sahəsi 8,12 kv. m. olan mətbəx mövcuddur, lakin həmin mətbəx arakəsmə hörülərək iki hissəyə bölünərək, sahəsi 2,53 kv. m. olan (1.15 x 2.2 m.) hissəsi iddiaçının qalan hissəsi cavabdeh İddiaçı istifadəsindədir. Mülki iş materiallarında olan 42 saylı MKİS tərəfindən təsdiq olunmuş Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 20 saylı evin 1-ci mərtəbəsində yerləşən mənzillərin plan sxemində göstərilən İddiaçı faktiki istifadəsində 1,7 kv. m. və 1.9 kv. m. olan iki ədəd sanitar qovşaq mövcuddur və hal hazırda İddiaçı istifadəsindədir. Lakin sahəsi 1.7 kv. metr və 1.9 kv.m olan iki ədəd sanitar qovşağı tərəflərə verilmiş texniki pasportda öz əksini tapmadığı üçün X7 İddiaçı tərəfindən hər hansı maneçilik törədib-törətməməsinə dair tədqiqat aparılmadı. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1346/2021 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və maraqlı şəxs X7 qarşı X5 adına cavabdeh tərəfindən 31 yanvar 2013-cü il tarixdə **********75-06101-093003 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin ümumi sahəsi 73,9 kv. m., yaşayış sahəsi 65,8 kv. m. olan 1 saylı mənzilinə dair verilmiş texniki pasport və reyestrdən çıxarışın ləğv edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1346/2021 saylı qərarı ilə iddia təmin edilərək, Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi, 20 saylı evin üçüncü şəxslər X7 və X18 məxsus mənzilinə dair aparılmış qeydiyyat və tərtib edilmiş texniki pasportun 8,1 kv. m. ölçüdə yardımçı sahə hissəsində ləğv edilməsi və reyestrdə müvafiq düzəliş edilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(103)-442/2022 saylı qərardadı ilə üçüncü şəxslər X9 və X24 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1346/2021 saylı qərarının ləğv olunması, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X13 və X24) qarşı “daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydin və texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair iddiasının iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməməsi əsası ilə mümkün sayılmaması qərara alınmışdır. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh orqana müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi, 20 saylı evin, 1 saylı mənzilinə dair verilmiş dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan **********84 saylı, xx.xx.2022-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki; - 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin hüquqları qeydiyyata alınarkən, qanunvericiliyin tələblərinə əməl olunmuş və bu zaman iddiaçının hər hansı hüquqlarının pozulmasına səbəb olacaq heç bir hərəkətə (və ya hərəkətsizliyə) yol verilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9 və X24 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla iddiası Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 20 saylı evin üçüncü şəxslər X6 və X18 məxsus mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib olunmuş **********75-05101-093003 reyestr nömrəli texniki pasportun 8.2 kv. metr ölçüdə, yardımçı sahə hissədə ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində mümkün sayılmaması qərara alınmışdır Beləliklə, məhkəmə tərəflərin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9 və X24 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddiası Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 20 saylı evin üçüncü şəxslər X6 və X18 məxsus mənzilə dair 8.2 kv. metr ölçüdə, yardımçı sahə hissədə aparılmış qeydiyyatın ləğv edilərək, reyestrdə müvafiq düzəlişlər edilməsinin cavabdehə həvalə olunması hissəsində təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar