Məhkəmə qərarları › İş №2-1(112)-7654/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7654/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7654/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli, 2-1(112)-3283/2020 saylı qərarı ilə müəyyən edilmiş 1458 manat kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20.04.2014-cü il tarixində "xxxx" ASC-dən 4000 ABŞ dolları məbləğində kredit götürmüş, krediti vaxtında ödəmiş, heçvaxt gecikməsi olmamışdır. 20.04.2014-cü il tarixində "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi 20.08.2016-cı il tarixində bitmişdir. Müvafiq Fərmana əsasən iddiaçının da "xxxx" ASC-dən ABŞ dolları ilə götürdüyü krediti üzrə kompensasiya almaq hüququ yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi “www.fimsa.az” internet səhifəsində qeydiyyatdan keçərək, kompensasiya almaq üçün müraciət etmiş, müraciət edəndən bir müddət sonra öz qeyd etdiyi rekvizitləri həmin rəsmi səhifədə qeyd edərək ona düşən kompensasiya məbləğini öyrənmiş və göstərilmişdir ki, 1458,63 manat kompensasiya düşür. İddiaçı təkrarən ona düşən kompensasiyanın hesablanıb ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmiş, bildirmişlər ki, kredit təşkilatı tərəfindən təqdim edilən məlumatlar əsasında kompensasiyanın hesablanması və ödənilməsi mümkün deyil. Bu cavabdan sonra iddiaçı "xxxx" ASC-dən həmin kreditlə bağlı bütün sənədləri əldə edərək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasına müraciət etmiş, Azərbaycan Respubnlikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyası əsassız və qanunsuz olaraq onun müraciəti əsasında 12.10.2019-cu il tarixində 28487 nömrəli qərar ilə bildirmişdir ki, kredit təşkilatı tərəfindən təqdim edilən məlumatlar əsasında ona kompensasiya hesablanması və ödənilməsi mümkün deyil. 12.02.2020 tarixində Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 2-1(112)-3283/2020 saylı 16.10.2020-ci il tarixli qərarı ilə iddiası qismən təmin edilmişdir. Məhkəmənin qeyd olunan qərarı 14.12.2020 tarixində qanuni qüvvəsini almış və icra edilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Məhkəməyə ünvanlanmış 16-00024-2021 saylı 07.01.2021 il tarixli məktubuna əsasən iddiaçının adı kompensasiya alacaq şəxslər siyahısına daxil edilmişdir. Kompensasiya ödənişinin icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir, lakin 15.04.2021-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Daha sonra, məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1458,63 manat kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29 oktyabr 2021-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında iddiaçının adının kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına daxil edilməsi ilə bağlı məlumatın Palata tərəfindən 2019-cu il ərzində Maliyyə Nazirliyinə təqdim edilmədiyini və 2019-cu ildən sonrakı illərdə isə dövlət büdcəsi vəsaiti hesabına kompensasiyanın ödənilməsinin mümkün olmamasını qeyd etmiş və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 15 aprel 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün maliyyələşmə 2019-cu il ərzində həmin ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təqdim edilən müvafiq sifarişlər əsasında təmin edilmişdir. Sonrakı illərin, o cümlədən cari ilin dövlət büdcəsində problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün müvafiq vəsait nəzərdə tutulmamışdır; Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli, 2-1(112)- 3283/2020 saylı qərarına əsasən, iddia tələbi qismən təmin edilərək, İddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 №-li, 28.02.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə 1.458,62 (min dörd yüz əlli səkkiz manat altmış iki qəpik) manat məbləğində kompensasiyanın hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilmişdir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğuya cavab olaraq, Azərbaycan Resublikası Mərkəzi Banlının 28 iyul 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli, 2-1(112)- 3283/2020 saylı qərarına əsasən İddiaçı adı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına (Fərman) uyğun olaraq kompensasiya alacaq şəxslər siyahısına daxil edilmiş və ona 1.458,62 manat kompensasiya hesablanmış habelə Fərmanın 3.2-ci bəndinə uyğun olaraq iddiaçının adının da daxil edildiyi müvafiq siyahı kompensasiya ödənişlərinin icrasını təmin etmək məqsədilə 19.01.2021-ci il tarixli, 16-00139-2021 saylı məktubla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının (bundan sonra mətndə - Fərman): 1-ci bəndinə əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. 9-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 9.1. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görsün; 9.2. bu Fərmandan irəli gələn digər tədbirlər görsün. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın (bundan sonra Qayda) 1-ci bəndinə görə bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra - Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Adıçəkilən Qaydanın: 2.1.10-cu bəndinə əsasən, kompensasiya - fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğdir; 4.1-ci bəndinə əsasən, kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir; 4.2-ci bəndinə əsasən, Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür; 4.5-ci bəndinə əsasən, bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Sadalanan normalardan görünür ki, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Sözügedən Fərmanda onun icra olunması məqsədilə bəzi qurumlara konkret vəzifələr həvalə olunmuşdur. Belə ki, Fərmanın 3-cü hissəsinə, həmçinin Qaydanın 4.1-ci bəndinə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verməlidir. Fiziki şəxslərə kompensasiyaların ödənilməsi istiqamətində icra edilməli olan sonrakı hərəkətlər Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməli, Palatadan siyahı barədə məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürülməlidir. Bankın müştərisi olan fiziki şəxslərə son mərhələdə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir. Beləliklə, Maliyyə Nazirliyinin fiziki şəxslərə kompensasiyaların ödənilməsi istiqamətində icra etməli olduğu hərəkətlər Fərmanda və Qaydada tam şəkildə göstərilmişdir - bu hərəkətlər Palatadan kompensasiya ödəniləcək şəxslərin siyahısını aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının hesablarına köçürməkdir. Cavabdeh imtinasını iddiaçının adının kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına daxil edilməsi ilə bağlı məlumatın Palata tərəfindən 2019-cu il ərzində Maliyyə Nazirliyinə təqdim edilmədiyi, 2019-cu ildən sonrakı illərdə isə dövlət büdcəsi vəsaiti hesabına kompensasiyanın ödənilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi Fərmanın 3.2-ci bəndinə görə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi nəzərdə tutulmuşdur. Məhkəmə cavabdehin göstərilən dəlili ilə razılaşmır və qeyd edir ki, Fərmanın adıçəkilən bəndində kompensasiya ödəniləcək şəxslərin siyahısının qırx beş gün ərzində hazırlanması Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir. Palatanın qeyd edilən müddət ərzində ölkə üzrə Fərmanın təsir dairəsinə düşən fiziki şəxslərin siyahısını bu və ya digər səbəbdən tam formada hazırlayıb təqdim etməməsi Palatanın məsuliyyət dairəsinə aid olan məsələdir ki, Maliyyə Nazirliyinə təqdim olunmuş ilkin siyahılarda iddiaçının adının göstərilməməsinin hüquqi nəticəsi iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz. Qeyd edilməlidir ki, Palatanın Fərmanla üzərinə qoyulmuş vəzifənin icrasının vaxtında düzgün təşkil olunmamasının nəticəsidir ki, iddiaçı Mərkəzi Banka qarşı inzibati məhkəmə icraatında iddia qaldıraraq bağladığı kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşməsi ilə əlaqədar adının kompensasiya ödəniləcək şəxslərin siyahısına daxil edilməsini tələb etmiş, məhkəmə qərarı ilə iddia tələbi təmin edilərək Mərkəzi Bankın üzərinə belə bir vəzifə qoyulmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, yuxarıda adıçəkilən Qaydanın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatması göstərilsə də, nə Qaydada, nə də adıçəkilən Fərmanda kredit borcu ödənilmiş şəxslərə kompensasiyanın ödənilməsi ilə bağlı müraciətlərin hansı dövrədək qəbul edilməsi ilə bağlı müddət məhdudiyyəti nəzərdə tutulmamışdır. Fərmanın 1-ci bəndində nəzərdə tutulmuş “3 aydan gec olmayaraq” müddət məhdudiyyəti yalnız kompensasiya ödənişinin fiziki şəxslərə ödənilməsi ilə bağlı nəzərdə tutulmuş müddətdir ki, bu müddətin axımı da məhz Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırkı halda Mərkəzi Bank) tərəfindən kompensasiyanın hesablanması barədə məlumatın (siyahının) Maliyyə Nazirliyinə təqdim edildiyi vaxtdan hesablanmağa başlanır. İşin hallarından və qanuni qüvvəsini almış məhkəmə qərarından da görünür ki, hazırkı iş üzrə kredit müqavilələri həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşmüşdür. Yuxarıda da qeyd edildiyi kimi Fərmanın məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdir. Bu mənada aydındır ki, iddiaçı həmin dövrədək kredit müqavilələri bağlamış, xarici valyutada kredit borcunu ödəmiş, lakin devalvasiya nəticəsində maliyyə itkisinə məruz qalmışdır ki, Fərman da məhz həmin dövrdə fiziki şəxsin məruz qaldığı maliyyə itkisinin, yəni xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərqin (artan məzənnə fərqi) kompensasiya şəklində dövlət büdcəsi hesabına ödənilməsini nəzərdə tutmuşdur. Başqa sözlə, Fərmanda yalnız Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə kompensasiyaların hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Fərmanın 1-ci hissəsinə uyğun olaraq fiziki şəxslərin banklara xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. Ödəniləcək kompensasiyaların yalnız 2019-cu il dövlət büdcəsi hesabına ödənilməli olması ilə bağlı isə birbaşa və imperativ tələb yoxdur. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 8.4-cü bəndinə əsasın dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasını beynəlxalq standartlara uyğun metodologiya əsasında aparmaq, hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini hazırlayıb qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmək, dövlət büdcəsinin tərtibi və icrası prosesinin təkmilləşdirilməsi barədə təkliflər vermək; 8.5-ci bəndinə görə müvafiq büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun vahid büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən etmək və aidiyyəti təşkilatlara göndərmək; 8.9-cu bəndinə əsasən zərurət yarandıqda, müvafiq büdcə ili ərzində qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin dəqiqləşdirilməsi barədə təkliflər hazırlamaq Nazirliyin vəzifələrindəndir. Bundan əlavə, o da nəzər alınmalıdır ki, hesablanmış kompensasiyanın ödənilməsi bir tərəfdən Fərman və Qaydanın tələbidirsə, digər tərəfdən kompensasiyanın ödənilməməsi Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 19.11.2020-ci il tarixli qərarının icrası əhəmiyyətini də azaldır. Nəzərə alınmalıdır ki, kompensasiyanın ödənilməsi yuxarıda qeyd edildiyi kimi müvafiq qurumlar tərəfindən ardıcıl hərəkətlərin icrası ilə mümkündür. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-3283/2020 saylı inzibati iş üzrə iddiaçının hüquqi marağı Fərmanla nəzərdə tutulmuş kompensasiyanın ona münasibətdə hesablanması olmuşdusa, bu maraq yekunda iddiaçının həmin kompensasiyanın ödənilməsi ilə bağlı məqsədinə xidmət etmişdir. Dolayısı ilə, kompensasiyanın hesablanması və iddiaçının adının müvafiq siyahıya daxil edilməsi ilə bağlı inzibati məhkəmə icraatı bilavasitə həmin kompensasiyanın ödənilməsinə hüquqi zəmin yaratmaq məqsədilə aparılmışdır. Məhkəmənin qanuni qüvvəsini almış 19.11.2020-ci il tarixli qərarı ilə qeyd edilən tələb təmin edildiyi və Mərkəzi Bank tərəfindən icra edildiyi halda həmin məbləğin sonrakı mərhələdə - Maliyyə Nazirliyi tərəfindən ödənilməməsi adıçəkilən məhkəmə icraatı və məhkəmə qərarının icrasını da əhəmiyyətsiz edir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının tələblərinə əsasən 20.04.2017-ci il tarixdə "xxxx" ASC ilə bağlanmış 4000 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə İddiaçı hesablanmış 1.458,63 (bir min dörd yüz əlli səkkiz manat altmış üç qəpik) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının tələblərinə əsasən 20.04.2017-ci il tarixdə "xxxx" ASC ilə bağlanmış 4000 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə İddiaçı hesablanmış 1.458,63 (bir min dörd yüz əlli səkkiz manat altmış üç qəpik) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar