Məhkəmə qərarları › İş №2-1(112)-766/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-766/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-766/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailına qarşı «iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailına qarşı «iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 1990 – 1995-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini vəzifəsində işləmişdir. Nümayəndəsi tərəfindən cavabdeh DSMF X3 üzrə Mərkəzi Filialına müraciət edilmiş və ona «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına əsasən təyin olunmuş əmək pensiyasının növünün dəyişdirilərək, Naxçıvan MR Ali Məclisinin sədr müavini vəzifəsində işlədiyi dövr əsas götürülməklə pensiyanın yenidən hesablanması xahiş olunmuşdur. Müraciətə həmin vəzifə üzrə bü günkü əmək haqqı barədə arayış əlavə olunmuşdur. Lakin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 5, 7, 9 və 20-ci (20.1.1, 20.2-ci) maddələrinin tələbləri kobud surətdə pozularaq, Azərbaycan Respublikası Konstitusiyasına və digər aktlara istinad olunmaqla məsələnin həllindən imtina olunmuşdur. Halbuki, vətəndaşların pensiya təminatı qüvvədə olan qanunla müəyyən edilir. Göstərilənlərə və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun, «Əmək pensiyaları haqqında» Qanunun, «Dövlət qulluğu haqqında» Qanunun müddəalarına, eləcə də İPM-in 33-cü maddəsinə əsaslanaraq, iddiaçıya əmək pensiyasının Naxçıvan MR Ali Məclisinin sədr müavini vəzifəsində işlədiyi əsas götürülməklə həmin vəzifənin bu günkü əmək haqqının 80% miqdarında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı tələbi qanuna müvafiq olmadığından, rədd edilməlidir. «Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında» Qanunun 12-ci maddəsinə əsasən Ali Məclisə seçkilər haqqında qanunvericiliyin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası (27 noyabr 1995-ci il tarixdən qüvvədədir), Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (29 dekabr 1998ci il tarixdən qüvvədədir) və bu Qanunun təşkil edir. «Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının statusu haqqında» Qanunun 1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusunun əsasları Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyası ilə müəyyən edilir. 1990 – 1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatına sabiq deputat kimi pensiya təyinatına dair iddianın rədd edilməsi barədə formalaşmış məhkəmə təcrübəsinə əsasən 30 oktyabr 1991-ci il tarixli «Azərbaycan Respublikasının Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. Bununla bağlı həmçinin analoji olaraq, iddiaçı C.Q.Nuriyevin iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6335/2021 saylı iş üzrə 1 noyabr 2021-ci il tarixli qərarını və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-751/2022 saylı iş üzrə 4 may 2022-ci il tarixli qərarını göstərmək olar. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Qanunun hazırda qüvvədən düşmüş olan 30-cu maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış sabiq deputat Milli Məclisin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Həmin norma dəyişdirilmiş və qeyd olunan mətn aşağıdakı redaksiyada verilmişdir: Məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Hazırda qüvvədən düşmüş olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsimə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli X2 Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış sabiq deputat müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının orta aylıq əməkhaqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əməkhaqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə görə bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (20.1.1-ci maddə əmək pensiyası yaşma çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatları nəzərdə tutur) əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməməsinin əsası “Milli Məclisin üzvü yoxsa, “Milli Məclisin deputatı” kimi məfhumların fərqlənməsinə deyil, “deputat” institutunun hazırkı Konstitusiyanın qəbulundan əvvəlki və sonrakı hüquqi statusundadır. Belə ki, 30 oktyabr 1991-ci il tarixli «Azərbaycan Respublikasının Milli Məclisi haqqında» Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş və 27 noyabr 1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 83-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı Milli Məclisinin üzvü kimi yuxarıda qeyd olunan yolla seçilməmiş, 30 oktyabr 1991-ci il tarixdə qəbul olunmuş (19 may 1992-ci il, 26 avqust 1992-ci il, 15 iyun 1993-cü il tarixli əlavə və dəyişikliklərlə) «Azərbaycan Respublikası Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən təyin edilmişdir. X1 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliy əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikasının Milli Məclisi yaradılmışdır. X1 2-ci maddəsində (bütün dəyişikliklər və əlavələr nəzərə alınmaqla) Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası xalq deputatlarının 51 nəfərindən ibarət tərkibdə təşkil edilməsi nəzərdə tutulmuşdur. 21 aprel 1978-ci il tarixdə qəbul edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına əsasən bütün xalq deputatlarının gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilməsi nəzərdə tutulsa da, keçid dövrü üçün yaradılmış Milli Məclisin üzvləri Ali Sovetin 450 deputatının yalnız 51 nəfərindən ibarət tərkibdə təyin edilmiş, yəni həmin 51 nəfər xalq tərəfindən yenidən Milli Məclisin üzvü kimi seçilməmişdir. «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikasının ilk Qanunu 12 avqust 1995-ci il tarixdə qəbul edilmişdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən Milli Məclis tərəfindən majoritar seçki sistemi əsasında seçkilərin təşkili və keçirilməsi üçün Azərbaycan Respublikasının ərazisininin 100 seçki dairəsinə bölünməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 85-ci maddəsinə əsasən isə həmin səlahiyyətlərin yeni Milli Məclis seçilənədək Azərbaycan Respublikasının Ali Soveti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan «Azərbaycan Respublikası Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən keçid dövründə Azərbaycan Respublikası Ali sovetinin səlahiyyəti Azərbaycan Respublikasının Milli Məclisinə verilmişdir. Göründüyü kimi, keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri Milli Məclisə verilmiş olsa da, artıq yeni qəbul edilmiş «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununda majoritar seçki əsasında seçilməli olan Milli Məclisin səlahiyyətləri Məclis seçilənədək keçid dövrünün Milli Məclisinə deyil, Azərbaycan Respublikası Ali Sovetinin özünə verilmişdir. Yəni 1991 – 1995-ci illər ərzində fəaliyyət göstərən Milli Məclis məhz keçid dövrü üçün yaradılmış müvəqqəti və keçid dövrünün bitməsi ilə əlaqədar funksiyalarına xitam verilmiş bir qurum olduğundan və İddiaçı 30 oktyabr 1991-ci il tarixdə qəbul olunmuş (19 may 1992-ci il, 26 avqust 1992-ci il, 15 iyun 1993-cü il tarixli əlavə və dəyişikliklərlə) «Azərbaycan Respublikası Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən təyin edildiyindən ona sabiq deputat kimi əmək pensiyasının hesablanması mümkün deyil. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı «iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması» tələbinə dair iddiası əsaslı deyil və cavabdeh inzibati orqanın üzərinə həmin pensiya təyinatı üzrə öhdəlik qoyula bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya sabiq deputat kimi əmək pensiyasının hesablanması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar