Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7662/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 31.08.1992-ci il tarixli 157 №-li sərəncamına əsasən, 6 №-li X7 baş həkimi Rumiya Sultanovanın göstərişi ilə sürücü işlədiyi UAZ-452 markalı, 10-97AQU nömrəli maşınla 31.08.1992-ci il tarixində 10 gün müddətində Tər-Tər rayonu Ağdərə-Çıldıran döyüş zonasında səyyar hospital tərkibində hərbiçilərə sürücü xidmətləri göstərmişdir. Orada olduğu müddətdə o, başından zərbə almış, ayaqüstü mikroinfarkt keçirtmiş, dəfələrlə ölümlə üz-üzə gələrək, döyüş yerindən yaralı və həlak olmuş döyüşçüləri maşını ilə təhlükəsiz Ağdərə və Tər-Tər hospitalına aparmışdır. Bir sözlə, ona hərbiçilər tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmişdir. Bununla əlaqədar olaraq ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, qanunvericilik normalarının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 07.04.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq Qurum tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hərbi qulluqçu statusuna malik olmadığınıza görə Sizə “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaratdığı müvafiq komissiyaya müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 21.05.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş “müharibə veteranı” statusunun verilməsinə dair ərizə və sənədlərinizə baxılmışdır. Belə ki, təqdim etdiyiniz sənədlərdən məlum olur ki, Siz 17.02.1994-cü il tarixdə N saylı hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək məqsədilə deyil, Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 sürücüsü kimi sanitar köməklik göstərilməsi məqsədilə döyüş bölgəsinə ezam olunmusunuz. Bildiririk ki, “Müharibə veteram, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Bu səbəbdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyinizə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün Sizə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi 6 nömrəli X8 tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış 23.02.2021-ci il tarixli 50 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı Rüfət oğlu 26.08.1992-ci il tarixdən 6 saylı UKX-na “UAZ-452” markalı maşına sürücü vəzifəsinə qəbul edilmişdir (Əmr № 61 §3- 29.08.1992-ci il). Həqiqətən o, 10 gün müddətinə cəbhə xəttinə ezam olunub və bununla əlaqədar ona ƏKŞ-nın 08.10.1992-ci il tarixli, 26 №-li Protokoluna əsasən 2500.00 (iki min beş yüz) manat məbləğində maddi yardım edilib (Əmr № 72 §1- 13.10.1992-ci il). İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli X4 13.10.1992-ci il tarixli 72 §1 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı - xəstəxananın sürücüsünə ailə vəziyyəti ilə əlaqədar və cəbhə xəttinə ezam olunduğu üçün iki min beş yüz manat məbləğində maddi yardım edilməsi əmr edilmişdir. Əsas: ƏKŞ-nın 26№-li 08.10.1992-ci il tarixli Protokolu. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli X5 04.08.1998-ci il tarixli 87 nömrəli arayışından görünür ki, İddiaçı Rüfət oğlu həqiqətən Azərbaycan Respublikası Səhiyyə Nazirinin göstərişi və Respublikada yaranmış müharibə vəziyyəti ilə əlaqədar olaraq Tərtər rayonunun əhalisinə və hərbçilərə tibbi xidmət göstərmək məqsədi ilə 31.08.1992-ci il tarixdən 10 gün müddətinə həmin rayona ezam edilmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 6 nömrəli X8 tərəfindən məhkəməyə ünvanlanmış 30.07.2021-ci il tarixli 185 saylı məktubdan görünür ki, vətəndaş İddiaçı Rüfət oğlu 26.08.1992-ci il tarixdən 6 saylı UKX-na “UAZ-452” markalı maşına sürücü vəzifəsinə qəbul edilib (Əmr № 61 §3- 29.08.1992-ci il). Həqiqətən o, 10 gün müddətinə cəbhə xəttinə ezam olunub və bununla əlaqədar ona ƏKŞ-nın 08.10.1992-ci il tarixli, 26 №-li Protokoluna əsasən 2500.00 (iki min beş yüz) manat məbləğində maddi yardım edilib (Əmr № 72 §1- 13.10.1992-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İddiaçı ona «Müharibə Veteranı» adı və vəsiqəsinin verilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadı. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən müharibə veteranı adı şəxsin döyüşlərdə iştirakını sübut edən sənədlər təqdim edildiyi halda verilir. İddiaçı onun döyüşlərdə iştirakını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmadığından, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7662/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7662/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver