Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7662/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 3 saylı Bakı Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Bakı Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X1 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. xx.xx.2013-cü il tarixdə “vətəndaşın öz istəyi” əsasında soyadı “Əliyev”dən “Hüseynov”a dəyişdirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli “soyadının “Hüseynov”dan “Əlizadə”yə dəyişdirilməsi barədə” ərizə ilə 3 saylı Bakı Cavabdehnə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Soyadınızı “Hüseynov”-dan “Əlizadə”-yə dəyişdirmək istəyiniz ilə bağlı bildiririk ki, sizin soyadınız 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli 32 №-li adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən “Əliyev”-dən “Hüseynov”-a dəyişdirilmişdir. Soyadınızın yenidən dəyişdirilməsi üçün Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri sizdə olmadığından ərizənizin tərəfimizdən təmin olunması mümkün deyildir.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadın “Hüseynovdan” “Əlizadəyə” dəyişdirilməsi vəzifəsinin 3 saylı Bakı "ASAN xidmət" Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı soyadının xx.xx.2013-cü il tarixli 32 saylı adın, ata adının və soyadının dəyişdirilməsi barədə Bakı 3 saylı “ASAN xidmət” mərkəzinin akt qeydinə əsasən “Əliyevdən” “Hüseynova” dəyişdirilmişdir. Həmin dövrdə mövcud dəyişməni labüd edən və narahatçılığına səbəb olan şəxsi xarakterli səbəblər halhazırda aradan qalxdığı üçün iddiaçı xx.xx.2025-ci il tarixdə aradan 11 il keçdikdən sonra 3 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə soyadının “Hüseynovdan” “Əlizadəyə” dəyişdirmək xahişi ilə müraciət etmişdir. Lakin yuxarıda adını çəkdiyi dövlət qurumu onun xahişinə rədd cavabı vermiş, bununla da gənclik səhvi ucbatından məhrum olduğu əsl soyadına qayıdışı yasaqlamışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmn edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüququnun pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası 190.1. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 190.2. Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”:
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. ... 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Əliyev”dən “Hüseynov”a dəyişiklik edilmiş soyadın yenidən “Hüseynov”dan “Əlizadə”yə dəyişdirilməsinə yönəlmişdir. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı yuxarıda istinad olunan normalar qanuni maraq olduğu təqdirdə hər kəsin prinsip olaraq bu hüquqa malik olduğunu təsbit edir. Buna görə, müvafiq qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsini (o cümlədən növbəti dəfə) tələb edə bilər. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları bunu istisna edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin kontekstindən yanaşılır. Avropa İnsan Hüquqları Məhkəməsinin oturuşmuş presedent hüququna görə, dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğu və əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağlılığının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alınaraq, şəxsin ad (soyad) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər tətbiq edilməsi mümkündür. Bu zaman bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyi də diqqətə alınmalıdır. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasına dövlət orqanlarının istədiyi kimi müdaxiləsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq, həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn dövlətlər hər nə qədər geniş mülahizə sərbəstliyinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutur. AİHM-in oturuşmuş presedent hüququna görə, qeyd olunan hüquqdan istifadəyə hər bir müdaxilə konkret bir məqsədə, ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Bu baxımdan məhkəmə qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququ prizmasından qiymətləndirilməli olan konstitusion hüquq kimi baxılmalıdır. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, tətbiq olunan məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Qeyd olunanların hazırkı mübahisəyə münasibətdə tətbiqi ilə bağlı olaraq aşağıdakılar nəzərə alınmalıdır. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi, Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Sözügedən Qaydalarda ad və soyadın birinci dəfə dəyişdirilməsi ilə növbəti (ikinci, üçüncü və s.) dəfə dəyişdirilməsinə münasibətdə müxtəlif tələblər müəyyən edilir. Başqa sözlə, ad və soyadın növbəti dəfə dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallarda mümkündür. Məhkəməsi qeyd edir ki, hazırkı mübahisə üzrə məhz sözügedən Qaydaların 6.24- 6.28-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri müəyyən edilmir. Beləliklə, iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsindən imtina qanunun birbaşa göstərişi əsasında qəbul edilmiş qaydalardan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlib-yönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olub-olmadığının müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Avropa Məhkəməsinin oturuşmuş presedent hüququna görə ictimai marağın tələb etdiyi hallarda ad (soyad) dəyişdirmə imkanına qanuni məhdudiyyətlərin tətbiq olunması mümkündür. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar həm də dövlət təhlükəsizliyi mənafeləri üçün və digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu mənada, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında adın və soyadın ikinci dəfə dəyişdirilməsi ilə bağlı nəzərdə tutulan məhdudiyyət milli təhlükəsizliyi təmin etmək, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədləri naminə dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təşkil etməyə yönəlmiş legitim maraqlardan irəli gəlir. Məhkəmə hesab edir ki, sözügedən məhdudiyyət həmçinin “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından da yolveriləndir. Bu zaman şəxsin əsas hüquqları ilə ictimai maraqlar arasında ədalətli balans təmin olunur. Çünki şəxs birinci dəfə müəyyən tələblərin ödənilməsi halında ad və soyadını rahatlıqla dəyişmək imkanına malikdir. İddiaçı da özünün bu hüququnu maneəsiz reallaşdırmışdır. Lakin nəzərə almaq lazımdır ki, istədiyi soyadı daşımaqla bağlı məsələ şəxsi hüquq olmaqla yanaşı, həm də dövlətin təşkilati sisteminin normal və düzgün işləməsi baxımından da əhəmiyyət kəsb edir. Odur ki, ad və soyadın dəfələrlə dəyişdirilməsi sözügedən təşkilati sistemin düzgün qurulması və işləməsi baxımından real problemlər yarada bilər. Məhz bu legitim məqsədlər nəzərə alındığında, istinad olunan Qaydalarda ad və soyadın ikinci dəfə dəyişdirilməsinə qoyulan məhdudiyyət “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından yolverilən sayılmalıdır. Demokratik cəmiyyətdə zərurilik meyarı üzrə qiymətləndirmə aparılan zaman iddiaçını soyadını ikinci dəfə dəyişməyə sövq edən səbəblər də nəzərə alınmalıdır. İddiaçı isə bununla bağlı ağlabatan, tutarlı və inandırıcı səbəblər göstərməmiş, sadəcə olaraq soyadını dəyişmək istədiyini və ilk dəfə soyadının dətişməsi gənclik səhvi olduğunu bildirir. Lakin hazırkı soyadın onun üçün hüquq və azadlıqların həyata keçirilməsi baxımından hansı problem və ya məhdudiyytələr yaratdığını, hüquqlarını həyata keçirməyə hansı şəkildə maneə törətdiyini qeyd etmir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri əsaslı səbəb kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya məxsus olan hansısa rəsmi sənəddə əvvəlki soyadının göstərilməsinin onun üçün problemlər yarada biləcəyi də ağlabatan görünmür. Çünki iddiaçı soyadının dəyişdiyini təsdiq edən sənədi təqdim etməklə hüquq və vəzifələri ilə bağlı məsələləri asanlıqla həyata keçirə bilər. Bundan başqa, iddiaçı məhkəməyə bu qəbildən olan konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübutlar da təqdim etməmişdir. İddiaçının real problemlərlə qarşılaşdığı qənaətinə gəlmək üçün yetərli əsasların mövcudluğu da iş üzrə materiallarla təsdiq olunmur.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X2