Məhkəmə qərarları › İş №2-1(112)-7664/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7664/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7664/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "əmək pensiyasının yenidən hesablanması və ödənilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qulluq stajına görə pensiya təyin edildiyi (16 noyabr 2011-ci il) tarixdən əmək fəaliyyətini davam etdirdiyi dövr ərzində, yəni 2022-ci ilin sonunadək qazandığı, fərdi hesabının sığorta hissəsində toplanmış və uçota alınmış 50419,63 manat pensiya kapitalını Qanunun 37-ci maddələrinin tələblərinə uyğun olaraq işləməyən pensiyaçı kateqoriyasına keçdiyinə görə 72 aya bölməklə təyin olunmuş pensiyasının 700 manat məbləğində artırılması, işləməyən pensiyaçı kateqoriyasına aid edildiyi tarixdən keçən 15 ay üçün hər ay üçün 700 manat hesablanmaqla, birdəfəlik olaraq 10 500 manat ödəniş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə məhkəmə hazırlıq icraatına başlanmışdır. İddiaçı məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatət təqdim edərək, bildirmişdir ki, iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar həll edilmiş, iddiaçının pensiyası qanunun tələblərinə uyğun olaraq yenidən hesablanmışdır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-də işin icraata qəbul edilməsindən sonra, hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmadığından, həmin Məcəllənin 1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində (bundan sonra - MPM) göstərilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər (170.1.). Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 23.1, 45.4, 49, 81-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "əmək pensiyasının yenidən hesablanması və ödənilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar