Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7665/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı «cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və əsassız hesab edilməsi, ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Cavabdehnə qarşı «cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və əsassız hesab edilməsi, ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı məhkəmə qərarının icra edilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək məhkəmə qərarının icra edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Həmin şöbə ərizəni 17 mart 2020-ci il tarixli 5/A-105/44-016/34 saylı məktubla baxılması üçün Cavabdehnə göndərmişdir. Lakin Cavabdeh həmin məktubla göndərilən şikayət ərizəsinə cavab verilməsini təmin etməmişdir. Aşağıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin həmin ərizəyə cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 57-ci madddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2, 9.6 və 10.2- 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. İşin faktiki hallarından göründüyü kimi, yerli icra qurumu tərəfindən məhkəmə qərarı icra edilməyib. Yerli icra qurumu məhkəmə qərarının icra edilməsi barədə onun (iddiaçının) müraciətlərini cavablandırmayıb. Bununla əlaqədar olaraq, o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinə şikayət etmişdir. Adıçəkilən şöbə tərəfindən həmin ərizə baxılması üçün Ədliyyə Nazirliyinə göndərilib. Lakin Ədliyyə Nazirliyi müraciətin cavablandırılmasını təmin etməyib. Ədliyyə Nazirliyinin müraciəti cavablandırmaqdan imtina etməsi «Vətəndaşların müraciətləri haqqında», «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası qanunlarlnın müddəalarına, «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat»ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanının 3-cü bəndinin, «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2004-cü il tarixli 4 nömrəli Fərmanının 7-ci bəndinin tələblərini pozmuşdir. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 17 mart 2020-ci il tarixli 5/A-105/44-016/34 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi və şikayət ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (maddə 2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (maddə 2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.4-cü maddəsinə görə hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 25.1-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə görə tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaratmaq, icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxmaq, müvafiq qərar qəbul etmək, onlardan şikayət vermək müddətini və qaydasını izah etmək İcra xidmətinin icra məmurunun vəzifəsidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı iddia ərizəsində hansı məhkəmə aktı ilə proses iştirakçısı (iddiaçı, cavabdeh və ya digər statusla) kimi çıxış etdiyi və həmin məhkəmə aktının icrası ilə bağlı müraciət etdiyini əsaslandırmamış, eləcə də bu barədə məhkəməyə əlavə məlumat da təqdim etməmişdir. İştirak etmədiyi icra işi üzrə müvafiq məsələ ilə bağlı isə, iddia qaldırmaq üçün onun subyektiv hüququ yaranmış olmur. Beləliklə hazırkı məhkəmə icraatında müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7665/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7665/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver