Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7665/2025 21.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlqədar əlillik təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlqədar əlillik təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə 21 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1993-cü ildə doğulmuşdur. İddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2024-cü il tarixli Qərarına əsasən iddiaçıda olan diaqnoz – F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə, “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. İddiaçı Mingəçevir Şəhər psixonevroloji Dispanserinin K00161155ZXC nömrəli göndəriş əsasında xx.xx.2024-cü il tarixdə cavabdeh Agentlikdə əyani müayinə olunmuş və diaqnozun öz təsdiqini tapmaması ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı Mingəçevir Şəhər psixonevroloji Dispanserinin J00240625EQT nömrəli göndəriş əsasında xx.xx.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixli, J00240625EQT nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, arayışda əks olunan xəstəliklərə əsasən ona əsas diaqnoz kimi F62.0 diaqnozu (Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi) qoyulmuşdur. Qoyulan diaqnoz ona əlilliyin təyininə əsas verir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda işin faktiki halları və qanunvericilik normaları sadalanmış, lakin etirazda iddia tələbinin rədd olunması ilə bağlı etirazın dəlilləri göstərilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı İİ Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak edərəkən xəsarət almış və Müdafizə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadənləndirilərək “Hərbi Travmadır” Azərbaycan Respublikasının müdafiəsi zamanı alnmışdır” kimi qeyd edilçmişdir. İddiaçı Mingəçevir PND-nın J00240625EQT nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2025-ci il tarixdə əyani müayinə olunmuş və diaqnoz diaqnozun əlillik əlaməti təyin etməməsi əsas ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının diaqnozu – “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihat fikirləri, koqnitiv funksiyaların enməsi ilə” qeyd edilmişdir. Hazırda iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixli göndəriş əsasında ona, Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsinə yönəlmişdir. Cavabdeh isə bildirir ki, iddiaçıda olan diqanoz əlillik əlaməti təyin etmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Mingəçevir PND-nın xx.xx.2024-cü il tarixli, J00240625EQT nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihat fikirləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 5385 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 3818/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ (konversion) pozuntu, özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5080/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4479 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 11515/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxu pozuntusu, əsəbilikdən şikayətlənmişdir. Dərmanlardan Novarin, Tizercin, Depakin qəbul etdiyini söyləmişdir. Zahirən səliqəli, düşüncəsi aydın olmuşdur. Bələdliyi bütün növlərdə qorunmuşdur. Emosional labil izlənilmişdir. Mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun müşahidə edilmişdir. Özünü asaraq intihar etmək istədiyini, lakin atasının mane olduğunu söyləmişdir. Özünə və ətrafa qarşı xəsarəti olmamışdır. Qıcolmalardan şikayət etsə də, izahatını verə bilməmişdir. Ekspertiza üçün əhəmiyyətli instrumental (EEQ,MRT) müayinə nəticələri təqdim etməmişdir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 6358 nömrəli Travma haqqında arayışda absurd olaraq xəsarət kimi psixi diaqnoz qeyd olunmuşdur. Ailəli, 3-cü sinifdə oxuyan və 3 yaşında iki övladı olduğunu söyləmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət dəyişikliyi. Ailə-məisət adaptasiyası" kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 1590 №-li ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynalxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
7. Psixi və davranış pozuntuları … 7.7.1. fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi – F62.0 Mingəçevir PND-nın J0024062EQT nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihat fikirləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu göstərilmişdir. Meyarlarda həmin diaqnozun qiymətləndirilməsi ilə bağlı iki bənd mövcuddur: 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski; 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması. İş materiallarında olan tibbi sənədlərdən, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından müəyyən edilir iddiaçıda intihar cəhdləri (fikirləri) mövcuddur. Bu hal, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi zamanı da qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçının hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət dəyişikliyi. Ailə-məişət adaptasiyası" kimi müəyyənləşdirilmişdir. Meyarların istinad olunan bəndindən (7.1.1.1) göründüyü kimi, iddiaçının fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski qeyd eidlmişdir. İddiaçıda ailə-məişət dezaptasiyasının olması cavabdehin əyani müayinəsi zamanı müəyən edilmişdir, həmçinin iddiaıçnın özünə zərər yetirmə riski (intihar fikirləri) işdə olan digər tibbi sənədlərlə də təsbiq edilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 921/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-522/2024 nömrəli 2-1(102)- 2378/2023 nömrəli qərarları; 2- 1(102)-2458/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)- 2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2- 1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli, 2-1(102)-437/2024 nömrəli, 2- 1(102)-2500/2023 nömrəli, 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli 2-1(102)-2636/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)-2950/2024 nömrəli 2-1(102)-3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir”. Məhkəmə qeyd edir ki, iddiaçıda olan diqanozun səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğundan və bu barədə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı olduğundan təyin ediləcək əlilliyin səbəb əlaqəsi də həmin diaqnoza uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Çingiz Şahin oğluna əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli, J00240625EQT nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov