Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7667/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən 550 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 71 nömrəli sərəncamına əsasən 2 saylı Zeytun Sovxozunda həyətyanı torpaq sahəsinə olan ehtiyacı nəzərə alaraq hər ailə üçün 0,06 hektar hesabı ilə 25 ailə üçün nəzərdə tutulmuş 1,5 hektar həyətyanı torpaq fondu torpaq qanunvericiliyilə uyğun sovxoz tərəfindən vətəndaşlar arasında bölünməsinə icazə verilmiş və həmin sərəncam əsasında X8 0,06 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra X12 tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, 2002-ci ildə həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Qeyd olunan texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin sahəsinin 550 kv.metr olması müəyyən edilmişdir. Bildirilir ki, X12 xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə X5 və bu barədə 2002-ci ildə tərtib edilmiş texniki pasportun üzərində qeyd aparılmışdır. Bundan sonra 2023-cü ilin sentyabr ayında isə alqı-satqı müqaviləsi əsasında həmin fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə iddiaçı X9 almış və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququmun qeydə alınması üçün iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsası ilə bağlı iddiaçı qeyd edir ki, qeyd olunan torpaq sahəsi 25 ildən artıq müddətdir ki, onun və yuxarıda adları gstərilən şəxslərin daimi sahibliyində və istifadəsində olmaqla, həmin torpaq sahəsinin hüdudları daxilində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış fərdi yaşayış evi mövcuddur və həmin torpaq sahəsi ilə bağlı hər hər hansı üçüncü şəxslərlə də mübahisə yoxdur. Qeyd olunan imtina ilə razılaşmayaraq iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********02 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli **********42 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bildirilir ki, fərdi yaşayış evi ilkin olaraq X10 adına qeydiyyatdan keçmişdir. Daha sonra xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X7 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsi əsasında isə fərdi yaşayış evi X11 adına qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixli, 4Ə-379 saylı alqı-satqı müqaviləsinə əsasən isə İddiaçı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İdarənin arxivində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 2 nömrəli Zeytun sovxozu, 259A saylı fərdi yaşayış evi ilə bağlı torpaqayırma sənədi aşkar olunmamışdır və fərdi yaşayış evinin ilkin mülkiyyətçisinin (X16) adına hüquqmüəyyənedici sənədlərin təqdim olunması məqsədəmüvafiqdir. Həmçinin təqdim olunmuş texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi 2 nömrəli X14 Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 550 kv.m qeyd olunsa da, faktiki olaraq 567.3 kv.m təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia təəbinin rədd edilməsini xahiş etmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 16 mart 1998-ci il tarixli, 71 №-li sərəncamı ilə X8 0,06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
8. Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib olunmuş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Zeytun küçəsi, ev 259A ünvanında yerləşən fərdi yaşayış evinin həyatyani sahəsi 550 kv.m təşkil edir.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır.
10. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi X14 Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Odur ki, torpaq sahəsinin ayrılmasına dair sovxoz direktorunun əmri, əmrin arxiv arayışı və torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməlidir. Bundan başqa, İdarənin arxivində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 2 nömrəli Zeytun sovxozu, 259A saylı fərdi yaşayış evi ilə bağlı torpaqayırma sənədi aşkar olunmamışdır və təqdim olunmuş texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sənədlər toplusundan görünür ki: -08 oktyabr 2002-ci il tarixli müqaviləyə əsasən X4 rayon Texniki İnventarlaşdırma Bürosunun 08 oktyabr 2002-ci il tarixli 5926 saylı formaya və 509 saylı inventar işli 21395 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus ünvan 5 ünvanında evin yalnız 550 kv.m torpaq sahəsini və İ otaqlı evin yaşayış sahəsini X1. -14 yanvar 2004-cü il tarixli müqaviləyə əsasən X3 rayon Texniki İnventarlaşdırma Bürosunun 21395 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus ünvan 5 ünvanında yerləşən evi X2. -xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X15 ünvan 6 ünvanında yerləşən evi İddiaçı satmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi) 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. Beləliklə işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin mülkiyyətçisi X17 olmuş, daha sonra fərdi yaşayış evi X8, sonra isə X15 olmuşdur. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evi X7 xüsusi mülkiyyətində olduğu zaman, 0,06 ha torpaq sahəsinin ona ayrılması ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 16 mart 1998-ci il tarixli, 71 №-li sərəncam qəbul edilmişdir. Adıçəkilən şəxs daşınmaz əmlakın alqı-satqısı zaman fərdi yaşayış evi ilə yanaşı torpaq sahəsinin də alqı-satqısını həyata keçirmişdir ki, bununla bağlı müvafiq olaraq Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib olunmuş fərdi yaşayış fonduna daxil olan yaşayış evin texniki pasportunda da dəyişiklik olmuşdur.
22. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtinanın əsaslarında iddiaçı tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyinə istinad edilsə də, cavabdeh yuxarıda adıçəkilən sənədlərin qüvvədə olduğunu, iddiaçının həmin sənədlər və mülkiəqd əsasında fərdi yaşayış evi ilə yanaşı, həmçinin torpaq sahəsinə dair hüquqlarının yarandığına məhəl qoymamışdır.
23. Cavabdeh tərəfindən torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 saylı sərəncamında göstərilmişdir ki, Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron rayon icra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983.31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın.
24. Göründüyü kimi, əvvəllər Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlar sonradan Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Lakin torpaqayırma zamanı həmin torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin balansında olmuşdur ki, bu da faktiki olaraq göstərilən imtinanın formal xarakter daşıdığının göstəricisidir.
25. Torpaq sahəsinin faktiki ölçüsünün çox olmasına münasibətdə isə Məhkəmə bildirir ki, ümumiyyətlə iddiaçı məhz mülki-əqd əsasında əldə etdiyi torpaq sahəsinə hüquqlarının qeydiyyatını həyata keçirmək istəyir ki, bu da cavabdehin yazılı etirazda göstərdiyi dəlili əhəmiyyətli hesab etmir.
26. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
28. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinin vtələbləri təmin edildiyindən, iddiaçının sözügedən daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 550 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva