Məhkəmə qərarları › İş №2-1(112)-7667/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7667/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7667/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür və xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64830/2023 nömrəli qərarında qeyd edilmişdir ki, 4188,71 manat pensiya məbləği yenidən hesablanaraq 4219,05 manat təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-8607/2024 nömrəli qərarında qeyd edilmişdir ki, 4691,58 manat pensiya məbləği yenidən hesablanaraq 4315,25 manat təyin edilmişdir. (Yenidən hesablama (45-ci maddə tətbiq edilməklə), xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64830/2023 nömrəli sərəncam etibarsız hesab edilsin). İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə qərarının ləğv edilməsini, barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-8607/2024 nömrəli qərarının ləğv edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. ƏPH Qanunun 9.3cü maddəsinə əsasən mülki aviasiyadan pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. Növbəti 6 il stajın tamamlanması ilə 2023-cü ildə müraciəti əsasında pensiyanın yenidən hesablanması icra edilib, lakin cavabdeh qurum xx.xx.2022 tarixli 530 nömrəli Qanunun 2.2-ci maddəsini rəhbər tutaraq qanuna zidd olaraq pensiyanın yenidən hesablanmasını aparmışdır. Cavabdeh qurum tərəfindən Qanun səhv tətbiq edilir, pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edilir. Bununla qətiyyən razı deyil, narazılığını əsaslandırır. Cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir, ona görə ki: “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib, həmin cümlə 543 nömrəli qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş 543 nömrəli qanunda yoxdur. O isə xx.xx.2017-cı ildən əvvəl pensiyaya çıxmışdır. Ona pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilib. Artırıla bilməz, axı bu həm də pensiya təyin ediləndə aparılmış inzibati icraatın yenilənməsi deməkdir, hansı ki, vətəndaşın etimad hüququnu pozur. 144 ay yalnız 37.3.1-ci maddə əsasında maksimum 72 aya qədər azaldıla bilər. 543 nömrəli qanun geriyə şamil edilsəydi bu halda ona pensiya təyin edilməsi də yenidən aparılardı. Əgər 543 nömrəli qanunda yazılsaydı ki, xx.xx.2017 tarixədək təyin edilmiş pensiyaların yenidən hesablanması hallarına qanun şamil edilir, o halda cavabdeh haqlı olardı. Əks halda əgər 543 nömrəli qanunu geriyə şamil etsək alınan nəticə odur ki, 543 nömrəli qanun pensiyanın təyin edilməsi hallarında geriyə şamil edilmir, pensiyanın yenidən hesablanması hallarında şamil edilir. Bununla bağlı 543 nömrəli qanunda göstəriş yoxdur. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində tələbinin əsasları kimi ona güzəştli şərtlərlə əmək pensiyası təyin edildikdən sonra pensiyanın yenidən hesablanması üçün tələb olunan 6 il iş stajının xx.xx.2022-ci il tarixdən sonra tamam olduğunu və "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasının ona tətbiq edilməməli olduğunu qeyd etmişdir. Məhkəmədən cavabdeh tərəfindən aparılmış yenidən hesablanmanın ləğv edilməsini, "Əmək pensiyaları haqqında" Qanunun qüvvədən düşmüş 45-ci maddəsinin ikinci cümləsinin müddəaları nəzərə alınmadan Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın hesablanması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər kı, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İddiaçı əmək pensiyası xx.xx.2023-cü il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 3880,62 manat (indeksləşdırilmə nəzərə alınmaqla hazırda 4315,25 manat) məbləğində müəyyən edilməli olduğu halda, 4219,05 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibatı icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibatı orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibatı orqanın inzibatı aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, İddiaçı barəsində inzibati icraat başlamışdır. Mərkəzi Filialda mövcud olan sənədlərdə qeyd olunanlara əsasən iddiaçının əmək pensiyasının orta aylıq əmək haqqına uyğun, xx.xx.2007-ci il tarixinə 614,30 manat (1 yanvar 2006-cı il tarixinədək faktiki uçuş saatınıza görə müraciət etdiyin aydan əvvəlki əmək fəaliyyətin axırıncı 24 ayına (2004-2005-ci illər) əsasən hesablanmış 78394200 00 manat əmək haqqından müəyyənləşdirilmiş 1038,47 manat orta aylıq əmək haqqı) (78394200,00:24=3266425,00:5000=653,29x85%=555,29 manat miqdarında) hesablanılmış xx.xx.2007-ci ıl tarixinədək indeksləşdirılməklə 614,30 manat müəyyən edilərək (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 2675,03 manat)) məbləğində əmək pensiyası ödənilməli olduğu halda, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınan 1108,80 manat pensiya sığorta kapitalı səhvən nəzərə alınmaqla hesablanaraq 7,70 (1108,80:144—7,70) manat məbləğində sığorta hissə müəyyən edilməklə əmək pensiyasının üzərinə əlavə edilərək həmin tarixə 622,00 manat (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023cü ıl tarixinədək 2724,23 manat)) əmək pensiyası ödənilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci ıl tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hıpovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixə yaşı ilə Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadı, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə kı şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın ləyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərim nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gəlirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquq aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iddia tələbi həm də onunla əsaslandırılmışdır ki, Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsində pensiyanın “yenidən hesablanma” qaydası deyil, “hesablanma” qaydası müəyyən edilmişdir, yəni həmin müddəa pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar xx.xx.2022-ci il tarixədək qüvvədə olmamış, 2022-ci ilin aprel ayında ləğv edilmişdir. "İnzibati icraat haqqında" Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar İddiaçı mülahizələrinin dinlənilməsi üçün 24 iyun 2024-cü il tarixədək mülahizələrin və eyni zamanda artıq ödənilmiş vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığın təqdim edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkündür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanundan: 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1.yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir (dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir): Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11-ci maddəsinə əsasən 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır. Həmin Qanunun 2-ci maddəsinə (Keçid müddəaları) əsasən: 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İddiaçı (45-ci maddəyə yeni məzmunda ikinci cümlə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək) mülki aviasiyadan pensiyaya çıxmış və pensiyaya çıxandan sonra elə mülki aviasiyada eyni peşə üzrə əmək fəaliyyətini davam etdirən şəxsdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı barəsində 2023-cü ildə onun maraqlarını təmin edən qaydada (əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan) əmək pensiyalarının yenidən hesablanması həyata keçirilmiş, lakin daha sonra 2024-cü ilin iyun aylarında həmin qərar cavabdeh tərəfindən ləğv və ya etibarsız hesab edilərək pensiyanın fərqli qaydada (əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla) hesablanması həyata keçirilmiş, nəticədə pensiya məbləği azalmışdır. Belə ki, müvafiq hesablama nəticəsində sığorta kapitalı daha böyük məbləğə bölünür ki, artımın məbləği azalmış olur. Odur ki, qeyd edilən iddiaçıya münasibətdə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyanın yenidən hesablanma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla hesablanmışdır. Odur ki, qeyd edilən iki iddiaçı əmək pensiyasının qeyd edilən qaydada (əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan) yenidən hesablanmasını tələb edir. Cavabdeh 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (Keçid müddəlarına) istinadən normanın ləğvinin (45-ci maddənin ikinci cümləsi) həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmədiyini bildirir. Odur ki, iddiaçılar qeyd edilən kateqoriyadan olan şəxslər olduğu üçün onlara münasibətdə əvvəlki qanunun müddəaları tətbiq olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mübahisələndirilən qərar qəbul edilərkən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından tamamilə formal xarakter daşımış, iddiaçının inzibati icraatda iştirakı və dinlənilmə hüququ təmin edilməmişdir. Məhkəmə hesab edir ki, dinlənilmə həyata keçirildiyi halda (yuxarıda qeyd edildiyi kimi cavabdeh bu tələbə riayət etdiyini qeyd edir), həmin hüququn təmini formal həyata keçirilməməlidir. Belə ki, iddiaçıların hazırkı iddia tələbində bildirdikləri dəlillərə (keçid müddəalarının onlara münasibətdə tətbiq edilməsinin yolverilməzliyi) inzibati icraat zamanı hər hansı münasibət bildirilməmişdir. Bu səbəbdən iddiaçının dinlənilmə hüququnun təmin edilməsindən (faktiki olaraq) imtina edilməklə aparılmış inzibati icraat onun nəticələrinə təsir edən əhəmiyyətli dərəcədə pozulmuşdur. Digər tərəfdən məhkəmə hazırda mübahisələndirilən qərarla iddiaçının xeyrinə olan inzibati aktın (sərəncamın) etibarsız hesab edilməsini qanunsuz hesab edir. Belə ki, inzibati aktın etibarsız hesab edilməsinin əsasları “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən müəyyən edilir. Hazırda cavabdehin təqdim etdiyi dəlillər əvvəllər qəbul edilmiş aktın etibarsızlığına deyil (belə ki, həmin Qanunun 65-ci maddəsinin əsasları hazırki işin hallarına əsasən müəyyən edilmir), ləğvinə əsaslanır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, müvafiq əsaslar olduqda inzibati orqan qəbul etdiyi aktın inzibati aktı həmin Qanunun 67.2-ci maddəsinə əsasən ləğv edə bilər (etibarsız hesab edə bilməz). Odur ki, qeyd edilənlər “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktların ləğvi üçün yetərlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Bununla belə, məhkəmə maddi hüquq normasının (keçid müddəalarının) cavabdeh tərəfindən tətbiqinə münasibətdə öz mövqeyini normanı təfsir etməklə bildirməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, Qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.9-cu maddəsinə əsasən, qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır. Hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi isə məhz məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun şikayəti üzrə 2012-ci il 18 may tarixli Qərarı). Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014cü il 29 aprel tarixli Qərarı) Nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarı). Odur ki, məhkəmə qeyd edilən yanaşmadan çıxış edərək 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsini (Keçid müddəlarını) konstitusiya hüquqi mənasına, digər normalarla qarşılıqlı əlaqəsinə və tənzimləmə predmetinə uyğun tətbiq edilməli olduğu qənaətindədir. Məhkəmə (təkrarən) qeyd edir ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. İşin hallarından görünür ki, “keçid müddəaları” (ləğv edilmiş 45-ci maddənin ikinci cümləsi) cavabdeh tərəfindən ultraaktiv formada tətbiq olunaraq müvafiq hesablama qaydası iddiaçıların əmək pensiyası təyin edildikdən sonra qazandıqları sığorta kapitalı əsasında pensiyalarının yenidən hesablanması hallarına da şamil edilmişdir. Bununla əlaqədar məhkəmə normanın (qanunun) ultraaktivliyi (normanın yaşanması) ilə bağlı hüquq nəzəriyyəsindən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, bu anlayış hüquq nəzəriyyəsində və tətbiqində müəyyən qanunların və ya hüquqi normaların ləğv olunmasına baxmayaraq, əvvəlki dövr üçün qüvvədə qalması və tətbiq edilməsi vəziyyətini təsvir edir. Normanın (qanunun) yaşanması (normanın ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin tətbiqində məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə daxil olmuş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır və məhz qeyd edilən məqsəd baxımından (həmin vəziyyəti tənzimləyən hüquq münasibətinə daxil olmuş hüquq subyektlərinin hüquq və maraqlarının qorunması) tətbiq və təfsir edilməlidir. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir. Hüquq normasının ultraaktivliyinin xüsusiyyətləri: - Qüvvədən düşmüş normanın tətbiqi: Hüquqi norma artıq qüvvədən düşsə də, müəyyən hüquqi münasibətləri tənzimləmək üçün istifadə olunur. Bu, adətən, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid olur. - Geri təsir prinsipindən fərqi: Ultraaktivlik, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid edilməsi ilə bağlıdır. Bu, normanın geri təsir etməsi deyil, əksinə, müəyyən dövr üçün normanın tətbiq edilməsinin davamıdır. - Məqsəd: Hüquq normasının ultraaktivliyi hüquqi sabitlik və hüquq münasibətlərinin düzgün tənzimlənməsi məqsədini daşıyır. Bu, keçmiş hüquq münasibətlərini həmin münasibətlər yaranan zaman mövcud olan normalarla tənzimləməyə imkan verir. Hüquq normasının ultraaktivliyi ilə bağlı praktiki əhəmiyyəti keçid dövrlərində hüquqi proseslərin düzgün və ədalətli həll edilməsini təmin edir, eləcə də hüquq normalarının ardıcıllığını və hüquqi münasibətlərin sabitliyini qoruyur. Bu anlayış hüququn tətbiqində əsasən keçmiş hadisələrə baxış zamanı istifadə olunur və hüquqi praktika üçün vacibdir. Məsələn, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun qüvvəyə mindiyi vaxt 9.8-ci maddədə nəzərdə tutulmuşdur. Belə ki, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam və zərərli əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur. Odur ki, məhkəmə qeyd edir ki, norma ancaq (i) yeni qanunda təsbit edildiyi halda ultraaktiv təsirini saxlaya bilər; (ii) tənzimlədiyi münasibətlərə və faktlara münasibətdə yaşanan (ultraaktiv) ola bilər (yəni tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz); (iii) yeni qanun əvvəlki (köhnə) qanuna münasibətdə hüquq subyektləri üçün daha əlverişsiz tənzimləmə şəraiti yaratmış olmalıdır ki, “köhnə” qanunun qüvvədə olduğu dövrdə hüquq münasibətlərinə daxil olmuş (davam edən hüquq münasibətləri baxımından) subyektlərin hüquq və maraqlarını qorumuş olsun. Odur ki, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəalarına) əsasən müəyyən edilmiş tənzimləmə (qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının (əmək pensiyası təyin olunduqdan sonra toplanmış pensiya kapitalı əsasında) yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi) yuxarıda qeyd edilənlər əsasında təfsir və tətbiq edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması qaydasını tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli Qanun qüvvədə olduğu müddətdə 9-cu maddəyə əsasən yaşa görə pensiya hüququ yaranmış şəxslərə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına səbəb olmur. Bu qayda (artıq qeyd edilən qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasının yolverilməzliyi) keçid müddəalarında nəzərdə tutulmuşdur, lakin məhkəmə hesab edir ki, həmin müddəa keçid müddəalarında nəzərdə tutulmasa belə, hüququn ümumi prinsipləri baxımından (qanunun özündə nəzərdə tutulmuş hallar istisna olmaqla) fərqli qaydanın tətbiqi istisna olunur. O ki qaldı sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasına, müvafiq tənzimləmə məhz Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, işləyən əmək pensiyaçılarına münasibətdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sığorta kapitalı əsasında yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.2-1-ci maddə isə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanması üçün müraciəti şərtləndirir). Odur ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi pensiyanın təyin edilməsini qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Odur ki, yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz. Məhkəmənin qeyd edilən qənaəti həm də ona əsaslanır ki, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı da məhz 45-ci maddənin ikinci cümləsinə edilən əlavə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək həyata keçirilmişdir. Odur ki, yuxarıda qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixli qanunun 2.2-ci maddəsi ilə təsbit edilmiş keçid müddəaları qeyd edilən qaydada sistemli (digər hüquq normaları ilə əlaqəli olaraq) və məqsədlər baxımından təfsir edildikdə cavabdeh inzibati orqanın hərəkətləri və iddiaçıya münasibətdə əvvəllər 2023-cü ildə qəbul edilmiş qərarın 2024-cü ildə ləğv edilməsi və Qanunun 37.3.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanmaması, işləyən əmək pensiyaçısı kimi sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması qanunsuz olmuşdur. Odur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmasına dair qayda tətbiq edilməməlidir. Hazırki iş üzrə məhkəmənin mövqeyi məhz qeyd edilən qənaətə əsaslanır və cavabdeh tərəfindən iddiaçının əvvəlki məbləğdə pensiyası yenidən hesablanarkən qeyd edilən yanaşma əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mümkün formal xətalar aradan qaldırılaraq “Əmək pensiyaları haqqında” Qanunun ləğv edilmiş 45-ci maddəsinin 2-ci cümləsi və həmin normanın ləğvi ilə əlaqədar keçid müddəaları tətbiq edilməklə aparılmış yenidən hesablama ləğv edilməli, iddiaçının müdaxilədən əvvəlki (müvafiq qərarla pensiya məbləği azalmamışdan əvvəl) məbləğdə pensiyası bərpa edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-8607/2024 nömrəli qərarı ləğv edilsin, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar