Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7668/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı üçüncü şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi “müharibə veteranı statusu və vəsiqə verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “müharibə veteranı statusu və vəsiqə verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 2 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 202-k №-li xx.xx.2020-ci il tarixli əmrinə əsasən hərbi vəziyyətlə əlaqədar 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Şüa diaqnostikası Kabinetinin Şüa diaqnostika üzrə Kabinetinin Şüa diaqnostika üzrə həkimi İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2020 il tarixdən Füzuli rayonu Mərkəzi Rayon Xəstəxanasına ezam edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 243 №-li Arayışına əsasən iddiaçı “Qarabağ-Vətən” müharibəsində xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Füzuli rayon Mərkəzi Xəstəxanasında yaralı əsgərlərin müayinəsində və müalicəsində aktiv iştirak etmişdir (Əsas: Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 419 nömrəli arayış). İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabeh) müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir. İmtina məktununda qeyd edilmişdir ki, “...Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “Müharibə veteranları” hissəsinin onuncu və on birinci absazlarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin birinci hissəsinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-10.11,2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinizə, işləmədiyinizə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığınıza görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı statusu və vəsiqə verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 17 saylı Birləşmiş Şəhər xəstəxanasında Şüa diaqnostika həkimi vəzifəsində işləyir. O, 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin xx.xx.2020-ci il tarixli, 202-k nömrəli əmri ilə, xx.xx.2020-ci il tarixdən Füzuli Rayon Mərkəzi Xəstəxanasına ezam edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Vətən müharibəsi zamanı cəbhə bölgəsi olan Füzuli rayon Mərkəzi xəstəxanasında işləmişdir. Bununla bağlı həmin xəstəxana tərəfindən müvafiq xasiyyətnamə də, verilmişdir. O, Füzuli Rayon Mərkəzi Xəstəxanasında yaralı əsgərlərin müayinəsində və müalicəsində aktiv iştirak etmişdir. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia ərizəsinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Çünki iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzə komissiya” tərəfindən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Üçüncü şəxs iddia tələbinə yazılı etiraz verərək iddia ərizəsinin təmin olunmaması barədə sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi E.Rəfailovanın xx.xx.2020-ci il tarixli “202-k” nömrəli əmri ilə hərbi vəziyyətlə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdən “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ezam edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi öz vəzifə öhdəliyini sözügedən tibb müəssisəsində icra etmişdir. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, müraciətə Nazirliyin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən xx.xx.2024-cü il tarixdə iclasda baxılaraq barəsində müsbət qərar verilməmişdir. İddiaçının iddia ərizəsinə nəzər yetirdikdə aydın olur ki, o, öz əmək funksiyalarını “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim kimi icra etmişdir. “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi döyüş bölgəsindən kənarda, yəni Füzuli rayonunun işğaldan azad olunmuş bölgəsində yerləşmir. Bu əsasla da iddiaçı döyüş bölgəsində xidmət etməmişdir. Sözügedən münasibətləri tənzimləyən maddi hüquq normalarının yer aldığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Füzuli rayonunun 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. Həmin Əsasnamənin qeyd hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə tibbi təminatda nəzərdə tutulur. Maddi hüquq normasından göründüyü kimi Füzuli rayonu ilə bağlı bilavasitə tarix və ərazi aidiyyəti müəyyən edilmişdir. Belə ki, Füzuli rayonu üzrə 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş döyüş əməliyyatlarının aparıldığı ərazilərdə tibbi təminat üzrə fəaliyyət nəzərdə tutulmaqdadır. Lakin “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin inzibati binalarının hamısı 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmayan və döyüş əməliyyatlarının aparılmadığı ərazilərdə yerləşməkdədir. Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi iddiaçı tərəfindən verilmiş iddia tələbi qanunsuz və əsassızdır. İddiaçının tələbinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə uyğun gəlməməsi barədə: Qeyd edilənlərdən aydın olduğu kimi, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi döyüş bölgəsindən kənarda, yəni Füzuli rayonunun işğaldan azad olunmuş bölgəsində yerləşmədiyindən İddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin doqquzuncu yarımbəndinə əsasən döyüş bölgəsində xidmət etməmişdir. Tərəflərin iştirakı və izahatları: Üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirdir ki, iddiaçının ezam olunduğu Xəstəxana Füzuli rayonun Bəhmənəli kəndində, yəni Füzuli rayonunun işğal olunmamış hissəsində yerləşir. Ümumiyyətlə “TƏBİB”-in bütün xəstəxanları işğal olunmamış ərazilərdə fəaliyyət göstərmişdir. Oxşar işlər üzrə sürücülər barədə Ali Məhkəmənin qərarının mövcudluğu ilə bağlı qeyd etmək istəyir ki, tibb işçilərindən fərqli olaraq sürücülər idarə etdiyi avtomobillərlə döyüş bölgələrinə daxil olaraq yaralı və vəfat etmiş əsgərlərin təxliyyəsində iştirak etmişlər. Ona görə də, həmin qərarlarla müəyyən edilmiş işin halları hazırkı işlə uyğun deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, lakin həmin məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair işdə hər hansı sübut olmadığından və iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinə riayət edildiyi qənaətinə gəlir. Məhkəmə iddia tələbinə cavab verməli olan şəxsin Müdafiə Nazirliyi olmaması əsası ilə iddianın mümkün sayılmamasına dair cavabdehin etirazının dəlillərini də əsaslı hesab etmir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçı tibb işçisi kimi Füzuli Rayon Mərkəzi Xəstəxanasına ezam edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə görə isə, döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxlərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Cavabdeh hesab edir ki, iddiaçı Nazirliyin hərbi qulluqçusu deyil və döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmamışdır. Məhkəmə qeyd edir ki, bu hal iddianın mümkün sayılması üçün deyil, mahiyyəti üzrə iddianın rədd olunmasına yönəlmiş haldır. Belə ki, nə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşməmiş, nədəki iddiaçının çalışdığı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi müharibə veteranı vermək səlahiyyətinə malik deyildir. Belə olan halda, iddia tələbi düzgün olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yönəlmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı Bakı şəhər Baş Səhiyyə İdarəsi 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Şüa diaqnostikası Kabinetinin Şüa diaqnostika üzrə Kabinetinin Şüa diaqnostika üzrə həkimidir. Xəstəxananın 202-k №-li xx.xx.2020-ci il tarixli əmrinə əsasən hərbi vəziyyətlə əlaqədar iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək “Füzuli Rayon Mərkəzi Xəstəxanası”na ezam olunmuş və həmin tarixlərdə yaralı əsgərlərin müayinəsində və müalicəsində aktiv iştirak etmişdir. İddiaçı bu hala istinad edərək ona müharibə veteran adı və vəsiqəsinin verilməsini tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçı Nazirliyin hərbi qulluqçusu deyildir, eyni zamanda döyüş əməliyyatlarının aparıldığı əraziyə ezam olunmamışdır. Üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək bildirir ki, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi döyüş bölgəsindən kənarda, yəni Füzuli rayonunun işğaldan azad olunmuş bölgəsində yerləşmir. Bu əsasla da iddiaçı döyüş bölgəsində xidmət etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla, iddia tələbi rədd edilməlidir. Belə ki, Veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsi, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimlənməsi, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirilməsi müvafiq olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi ilə tənzimlənir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə qeyd edir ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 10-cu və 11-ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci bəndinin 10-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur. Əsasnamənin 1-ci bəndinin 10-cu abzasının məzmunundan göründüyü kimi, həmin bəndə əsasən o şəxslərə müharibə veteranı adı verilir ki şəxs: 1) ...Füzuli rayonunun 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olsun; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olsun; 3) və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunsun. İddiaçının hərbi qulluqçu və ya hərbi hissələrin mülki işçisi olmaması, eyni zamanda işin mübahisələndirilməyən halı olduğundan 1-ci və 2-ci bəndləri iddiaçıya aid etmək olmur. 3-cü bəndlə bağlı qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə normanın həmin hissəsinin dispozisiya şərtləri də ödənilmir. Belə ki, iddiaçının Əsasnanənin Qeyd hissəsində təsbit edilmiş döyüş əməliyyatlarının digər təminat növü, yəni tibbi təminat növü hesab edilməsi üçün, onun döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması zəruridir ki, iddiaçı döyüş tapşırığının aparıldığı əraziyə deyil, Füzuli rayonunun döyüş bölgəsindən kənarda, işğaldan azad olunmuş ərazilərdə yerləşməyən “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ezam olunmuşdur. Məhkəmə qeyd edir ki, şəxsə müharibə veteranı adının verilməsinin mahiyyəti ondan ibarətdir ki, şəxsin bilavasitə döyüş tapşırığını yerinə yetirməsi və ya döyüş əməliyyatlarının aparıldığı ərazidə ezam olunması nəticəsində yaralanma, travma və ya digər xəsarətlər alması, həmçinin onun ölümü ilə nəticələnəcəyi təhlükəsi vardır. Bu səbəbdəndir ki, şəxs müharibə veteranı adının verilməsi üçün onun bu növ təhlükələrlə üz üzə olması, bilavasitə döyüş əməliyyatarında iştirak edən və döyüş tapşırğını icra edən hərbi qulluqçu və ya hərbi orqanların mülki işçisi olması, eyni zamanda hərbi qulluqçu olmasa da, döyüş əməliyyatlarının digər təminatı növü üzrə (hazırkı işdə tibbi təminat) həmin əməliyyaltarın aparıldığı ərazilərdə hərbi qulluqçuların müayinsi və müalicəsində iştirak etməsi və nəticədə yuxaırda qeyd edilən təhlükələrlə üzüzə olması zəruridir. Baxılan işdə isə, iddiaçının xidmət etdiyi Xəstəxana bu əməliyyatların aparıldığı ərazidən, döyüş bölgəsindən kənarda olmuş, iddiaçının hər hansı yaralanma, xəsarət alma və ya ölüm təhlükəsi olmamışdır. Odur ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən iddiaçıya müharibə veteranı adının verilməsi üçün nəzərdə tutulmuş dispozitiv şərtlər yerinə yetirilmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7668/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7668/2024
02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver