Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-767/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 Xüsusi Şərtlərlə Təyinat X10 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ona xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa ğörə əmək pensiyasının təyin edilməsinin, təyin olunacaq əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Orta məktəbi bitirdikdən xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır, xx.xx.2017-ci il tarixə kimi onun 25 ildən artıq ümumi stajı, 12 il 6 aydan artıq zərərli əmək stajı olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında DSMF-nun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən ona xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cü maddəsinin tələblərinə görə o, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, xx.xx.2017-ci il tarixinə qədər o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən 12 il 6 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən artıq ümumi əmək stajı toplamışdır. Ona şöbə tərəfindən 213 manat pensiya təyin olunmuş və 2019-cu ilin mart ayına qədər qeyd olunan məbləğdə pensiya almışdır. 2019-cu ilin aprel ayında şöbənin əməkdaşları onu şöbəyə dəvət edərək bildirdirmişlər ki, şöbədə nazirliyin daxili audit yoxlaması keçirilib və auidit yoxlamasının nəticəsinə görə müəyyən olunmuşdur ki, ona pensiya təyin olunarkən tələb olunan güzəştli stajının olmaması müəyyən olunmuşdur. Təbiidir ki, o, daxili audit yoxlamasının qərarı ilə razılaşmadan və Filiala rəsmi ərizə ilə müraciət etmiş və həmin təşkilatdan xx.xx.2020-ci il tarixli, **********8 saylı cavab məktubu verilmiş və cavab mətubunda ona şifahi verilmiş cavab öz əksini tapmışdır. O, cavab məktubu ilə razılaşmır və hesab etmişdir ki, daxili audit yoxlamasının nəticəsi və ona unvanlandırılmış cavab məktubu qanunsuzdur. xx.xx.1996-cı il tarixə kimi işlədiyi zərərli vəzifələri nəzərə alınmasa belə xx.xx.1996-cı ildən xx.xx.2019-cu il tarixə kimi işlədiyi vəzifənin təmirçi çilingər peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmasını nə daxili audit, nə də XŞTİ-si inkar edə bilməz. Belə olan halda onun 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması təkzib edilməzdir. Qanunsuz daxili audit yoxlaması nəticəsində ona 2019-cu ilin aprel ayından pensiya ödənilməsi dayandırılmış və ondan 2156.51 manat guya artıq ödənilmiş məbləğ alınaraq şöbənin hesabına ödənilmişdir. Ona əmək pensiyası, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, tam əmək stajı toplamış olduğu dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Onun tam əmək stajı toplamış olduğu dövrdə, yəni xx xxxxxx 1993-cü il tarixindən xx xxxxxx 2006-cı il tarixinə qədər “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 57 yaşdan əmək pensiyası təyin olunması hüququ verən 13-cü maddəsi heç bir dəyişiklik olmadan qüvvədə olmuşdur. xx.xx.2006-cı ildən isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun qüvvədədir ki, həmin Qanunun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq ona 57 yaşdan, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalıdır. Cavabdeh iddia tələbinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixində, yəni xx.xx.2017-ci il tarixindən sonra tamam olduğundan, ona Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəyə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli iş stajını toplaması tələb olunur. İddiaçı isə müvafiq güzəştli iş stajını (12 il 6 ay) qeyd olunan tarixədək toplamamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1983-cü ilə qədər (3 il 3 ay 28 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - “xxxx” Dövlət Neft Şirkəti tərəfindən verilmiş **********30020123X00285 №-li, xx.xx.2017-ci il tarixli iş stajına dair arxiv arayışından görünür ki, xxxx-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1961-ci il təvəllüdlü X7 həqiqətən xx.xx.1996-cı ildə (əmr № 235/k, xx.xx.1996-cı il) “Qum adası” NQÇİ-nin Qaz kompressor sexinə qaz kompressorlarının 5-ci dərəcəli təmirçi-çilingəri peşəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci ildə (əmr № 123/ş ) qaz kompressorlarının 6-cı dərəcəli təmirçi - çilingəri peşəsinə keçirilmişdir. xx.xx.2003-cü ildə (əmr № 604, xx.xx.2003-cü il) texnoloji qurğuların təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə (əmr № 405, xx.xx.2008-ci il) 6-cı dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə (əmr № 899/k, xx.xx.2010-cu il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. - “X11 Company Limited” Azərbaycan Nümayəndiliyi tərəfindən verilmiş arayışdan görünür ki, 1961-ci ildə anadan olmuş İddiaçı həqiqətən "BEOCL" şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində xx.xx.2010-cu il tarixdən (Əmr 01, xx.xx.2010) xx.xx.2014-cü il tarixinə kimi Qaz kompressor sexində təmirçi-çilingər və xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi əməliyyat departamentinin mexanika şöbəsində təmirçi-çilingər, xx.xx.2015-ci il tarixdən hal-hazıra kimi əməliyyat departamentinin hasilat şöbəsinin KS, QYH və N sahəsində təmirçi-çilingər peşəsində işləyir. - “xxxx” Dövlət Neft Şirkətinin **********10210033B00998 №-li, xx.xx.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən "Qum Adası" NQÇİ-nin Qaz kompressor sexində xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək «qaz kompressorların təmirçi çilingəri», xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin sexdə «təmirçi çilingər», xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək «texnoloji qurğuların təmiri üzrə çilingər», xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək «təmirçi çilingər» peşəsində işləmişdir. Bu peşə adları, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunan 1 №-li Siyahısında “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “2. Neft və qaz kondensatının hasilatı” yarımbölməsində “1100000a-18547” peşə koduna, xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunan Siyahısında “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsinin “a) fəhlələr” hissəsində “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər” sətrinə uyğundur: xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi müddət Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 №-li qərarının 1№-li Siyahı, bölmə X, yarımbölmə - 2 a, peşənin kodu 1100000a-18547, “texnoloji qurğuların təmiri üzrə çilingərlər”, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi müddət Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 №-li qərarı, bölmə 10, yarımbölmə- 10.2 “a”, “neft, qa və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər”. Arayış xxxx-ın Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixlixxxx**********30020123X00285 nömrəli «iş stajı haqqında» arxiv arayışına əsasən yazılmışdır. Qeyd: X4 peşəsinin adının dəyişmə səbəbi ştat cədvəlində aparılmış dəyişikliklərlə əlaqədardır. Yəni, yerinə yetirilən işin xüsusiyyəti (əmək funksiyası) dəyişməmişdir. Belə ki, İddiaçı əmək funksiyası Qaz kompressor sexində kompressor qurğularının (texnoloji qurğuların) təmiri işlərini icra etmək olmuşdur. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək (2 il 3 ay 6 gün) Baku Alyuminiy-Layihə Zavodunda çilingər tələbəsi, 2-ci və 3-cü dərəcəli çilingər, xx.xx.1983-cü ildən xx.xx.1996ci ilədək (13 il 0 ay 1 gün) Baku Alyuminiy-Layihə Zavodunda 4-cü, 5-ci və 6-cı dərəcəli çilingər, xx.xx.1996-cı ildən xx.xx.2010-cu ilədək (14 il 0 ay 29 gün) “Qum Adası” NQÇİ-də 5-ci və 6-cı dərəcəli təmirçi çilingər, xx.xx.2010-cu ildən xx.xx.2019-cü ilədək (8 il 6 ay 1 gün) “BEOCL” Azərbaycan nümayəndəliyində təmirçi-çilingər vəzifələrində işləmişdir. xx.xx.2019-cu il tarixdən “xxxx” QSC-də bağban vəzifəsinə müvəqqəti qəbul edilmişdir. - İdarə tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli iş stajı x xxxxxx 2006-cı il tarixinədək 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:
1. İddiaçının 57 yaşının tamam olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı İddiaçı xx.xx.2006-cı ilədək ümumi iş stajı hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən çox, yəni 27 il 9 ay 5 gün olsa da güzəştli iş stajı 12 il 6 aydan az, yəni 9 il 4 ay olması (xx.xx.1996-cı il tarixdən xx.xx.2006-ci il tarixədək "Qum Adası" NQÇİ-nin Qaz kompressor sexində işlədiyi müddət) müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı yaransa da tələb olunan güzəştli iş stajı olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova