Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7673/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi» dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 64 saylı qərarına əsasən iddiaçıya (İddiaçı) Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz küçəsi, ev 52/1 ünvanında yerləşən torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” də tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər qanunauyğun şəkildə hazırlanaraq hüquqlarının dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, müraciəti təmin olunmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci maddələrinə, İPM-in 2.1, 33.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2, 8, 9, 11, 12.1, 15-ci maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz küçəsi, ev 52/1 ünvanında yerləşən torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş 11 avqust 2021-ci il tarixli məktubunda iddia ilə bağlı etirazda aşağıdakılar bildirilir: - İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz küçəsi, ev 52/1 ünvanında olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 3 mart 2021-ci il və 20 may 2021-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən sənədlərə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə (kadastr planı) 1.000 kv.m torpaq sahəsi göstərilmişdir, lakin faktiki 1.806 kv.m təşkil edir. Belə ki, fərdi yaşayış evi kadastr planında göstərilən koordinatlardan kənarda olmaqla əlavə torpaq sahəsi üzərində inşa edilmişdir. Bundan əlavə, təqdim edilən sənədin tarixində uyğunsuzluq var. Abşeron rayonu 2 nömrəli Sovxoz üzrə 14 nömrəli əmrdən çıxarış 29 may 2000-ci il tarixlidir, lakin AR Milli Arxiv İdarəsi tərəfindən verilmiş 29 nömrəli çıxarışın tarixi isə 1 mart 1991-ci il tarixlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında»” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 11.1 və 23-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Sabunçu rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı ilşin faktiki halları ilə əlaqədar fiziki və hüquqi şəxslər tərəfindən tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron RİH Abşeron Rayon Dövlət Arxivinin arxiv arayışının surətindən görünür ki, Abşeron rayonu 2 nömrəli Sovxoz üzrə 1 mart 1991-ci il tarixli 29 nömrəli əmrlə Sovxoz əmək kollektivi şurasının 11 may 1990-cı il tarixli 1 nömrəli protokol qərarına əsaslanaraq, adları qeyd olunan sovxoz fəhlə və qulluqçularına, o cümlədən İddiaçı hər birinə 0,10 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən İddiaçı adına Bakı şəhərinin Pirşağı qəsəbəsində 1.000 kv.m ölçüdə torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İş materiallarından görünür ki, AR Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət TİMHQ və Şəhərsalma Kadastrl İdarəsinin Abşeron rayon X1, Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 40 kv.m, köməkçi sahəısi 40 kv.m olan iki otaqdan ibarət yaşayış evi İddiaçı mülkiyyət hüququ əsasında 23 nyabr 2004-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155-İQ nömrəli «Torpaq islahatı haqqında» Qanununun 9-cu maddəsinə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2.5-ci bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı şəhəri Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 64 saylı qərarına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz küçəsi, ev 52/1 ünvanında yerləşən torpaq sahəsi ayrılmışdır. İddiaçının həmin torpaq sahəsində inşa edilmiş 2 otaqdan ibarət fərdi yaşayış evinə mülkiyyət hüquqları əvvəlki dövrdə səlahiyyətli olmuş aidiyyəti qeydiyyat orqanı Abşeron rayon X1, Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən qeydə alınmışdır. İddiaçı ona ayrılmış həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi ilə bağlı ərizə ilə cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh qaldırılan məsələnin həllindən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır: 1) təqdim edilən sənədlərə əsasən torpaq sahəsi DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə (kadastr planı) 1.000 kv.m ölçüdə göstərilsə də, faktiki olaraq 1.806 kv.m təşkil edir; 2) fərdi yaşayış evi kadastr planında göstərilən koordinatlardan kənarda olmaqla əlavə torpaq sahəsi üzərində inşa edilmişdir; 3) təqdim edilən sənədin tarixində uyğunsuzluq var – Abşeron rayonu 2 nömrəli Sovxoz üzrə 14 nömrəli əmrdən çıxarış 29 may 2000-ci il tarixlidir, lakin AR Milli Arxiv İdarəsi tərəfindən verilmiş 29 nömrəli çıxarışın tarixi 1 mart 1991-ci il tarixlidir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və reyestrdən çıxarışın verilməsini tələb edir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə müəyyən edilmiş aşağıdakı xüsusatları və bunların əsasında yaranmış qənaəti diqqətə çəkir: - Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Sovxoz, 52/1 saylı 2 otaqdan ibarət fərdi evi İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bu qeydiyyat «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən qüvvəsini saxlayır. Həmin evin yerləşdiyi həyətyanı sahəsi, hansı ki, hələ 1 mart 1991-ci il tarixdə ayrılmışdır, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi kimi Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155-İQ nömrəli «Torpaq islahatı haqqında» Qanununun 9 və 10-cu maddələrinə əsasən mövcud olduğu ölçüdə onun mülkiyyətinə keçmişdir; - İddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha ölçüdə torpaq sahəsinin ayrılması barədə Abşeron rayonu 2 nömrəli Sovxoz üzrə 1 mart 1991-ci il tarixli 29 nömrəli (Sovxoz əmək kollektivi şurasının 11 may 1990-cı il tarixli 1 nömrəli protokol qərarına əsaslanan) əmrinin mövcudluğu müvafiq arxiv arayışı ilə təsdiqini tapır və həmin əmr mübahisələndirilmədiyindən, eləcə də etibarsız sayılmadığından, habelə onda əks olunan məlumatların həqiqətə uyğun olmaması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər qiymətləndirilir. İddiaçıya torpaq sahəsinin aurılması barədə Abşeron rayonu 2 nömrəli Sovxoz üzrə əmr «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəalarına (Siyahının 2.5-ci bəndinə) görə həmin torpaq sahəsinə onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi çıxış edir; - cavabdeh DƏDDX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müvafiq müraciəti üzrə imtina məktubunda (həmçinin iddiaya qarşı yazılı etirazında) göstərilən dəlillər formal xaraterlidir və hüquqların qediyyatından imtina üçün əsas ola bilməz. Belə ki,1) iddiaçı daşınmaz əmlakın dövlət reyestrində 1.806 kv.m ölçüdə yox, müvafiq sənədlərdə əks olunan ölçüdə, yəni 1.000 kv,m ölçüdə torpaq sahəsinə hüquqlarının qeydiyyatını tələb edir; 2) iddiaçı fərdi yaşayış evinə deyil, torpaq sahəsinə hüquqlarının qeydiyyatını tələb edir. Onun yaşayış evinə hüquqlarının qeydiyyatı qüvvəsini saxlayır və həmin qeydə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir; 3) təqdim edilən sənədin tarixində uyğunsuzluqlar mövcud olsa belə, qeydiyyatın aparılmasında mühüm rol oynamır, çünki, hüquqların qeydiyyatının aparılması üçün yalnız sovxoz rəhbərinin əmri yetərli əsasdır, hansı ki, belə əmr mövcuddur və qüvvədədir. Belə olan halda məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, mülkiyyət hüquqlarının qeydiyyata alınmasından əsassız olaraq imtina edilməsi, iddiaçının müvafiq daşınmaz əmlak üzərində sərəncam hüququnun əmələ gəlməsini məhdudlaşdırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz küçəsi, ev 52/1 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmalakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 68, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz küçəsi, ev 52/1 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmalakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7673/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7673/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver