Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7674/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi XXX Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14280/2023 saylı və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-23824/2024 nömrəli qərarların ləğv edilməsi və təyin olunmuş pensiyanın əsassız dayandırıldığı (azaldıldığı) xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yenidən hesablanaraq ödənilməsi, hal-hazırki vaxtadək əsassız tutulmuş (büdcəyə bərpa edilməsi ilə bağlı əvəzləşdirmə) məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-1051/2025 saylı artıq ödənilmiş pul vəsaiti haqqında qərarın ləğv edilməsi və təyin olunmuş pensiyanın əsassız dayandırıldığı (azaldığı) xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yenidən hesablanaraq ödənilməsi, hal-hazırki vaxtadək əsassız tutulmuş (büdcəyə bərpa edilməsi ilə bağlı əvəzləşdirmə) məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14280/2023 saylı və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 23824/2024 nömrəli qərarların ləğv edilməsi və təyin olunmuş pensiyanın əsassız dayandırıldığı (azaldıldığı) xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yenidən hesablanaraq ödənilməsi, haı-hazırki vaxtadək əsassız tutulmuş (büdcəyə bərpa edilməsi ilə bağlı əvəzləşdirmə) məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təqvim ili 25 il 4 ay, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 31 ildən artıq olmaqla hərbi xidmət dövrü keçmiş və 05 dekabr 2022-ci il tarixdə (əmr Nb 0293) Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bununla əlaqədar ona 2157 manat məbləğində i pensiya təyin edilmişdir xx.xx.2023-cü il tarixdə yenidən hərbi xidmətə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdən əmək pensiyası dayandırılmış, mobil telefonuna sms -lə məlumat gələrək əmək pensiyasının 154 manat 20 qəpik təşkil edilməsi qeyd edilmiş, ödənilən həmin məbləğə əsasən əmək pensiyadan tutulmalar həyata keçirilməyə başlanılmış və hal-hazırda 171 manat 33 qəpik pensiya kartına köçürülür. Təyin olunmuş pensiyanın əsassız azaldıldığı xx.xx.2023-cü il tarixdən -xx.xx.2024-cü il tarixədək hesablanaraq ödənilməsi, əmək pensiyasından tutulmanın dayandırılması, həmçinin əsassız geri alnmış məbləğlərin qaytarılması,eləcədə pensiyanın indeksləşdirilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət ünvanlamışdır. Cavabdeh tərəfindən (ünvanıma göndərilmiş xx.xx.2025-ci il tarixli №3-17-l/2-M- 1051/2025 saylı artıq ödənilmiş pul vəsaiti haqqında qərarı-ünvanına çatma xx.xx.2025) “Əmək pensiyaları haqqında” Qanunun 6.1.4;6.1.6.;6.1.9;20.1.1 l;32.1-l-ci və 39.1-ci maddələrinə istinad edilərək qalıq artıq ödəmələrin müəyyən edilməsi haqqında ərizə iddiaçının ünvanına göndərilmişdir. İnzibati orqanın əmək pensiyasında tutulma barədə dəlilləri qanunsuzdur, əsasızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 6.1.4;6.1.6.;6.1.9:20.1.11:32.1-1-ci və 39.1-ci maddələrinə istinad etməsi qanunsuzdur, çünki qeyd edilən dövr üçün də cavabdeh əmək pensiyasının ödəmək öhdəliyini daşıyırdı. Qanunvericiliyə əsasən, əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılmasının əsası qismində çıxış etmir. Əksinə, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçısı statusunu müəyyən etmiş, həmin şəxslərin sonradan işləməyən əmək pensiyaçısı statusu müəyyən edildiyi təqdirdə isə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir. Cavabdehin ödənilmiş əmək pensiyası məbləğindən tutulması, eləcədə xidmətə bərpa olunan müddətdə əmək pensiyasının dayandırılması (azaldılması) qanuna zidd olmuş, eləcədə yenidən xidmətə bərpa edilən dövrdə sığorta hissəsi ilə ödənilmiş əmək pensiyası düzgün hesablanmamış bununlada Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iş materiallarına əsasən xx.xx.1979-ci il təvəllüdlü İddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması, tutulmanın dayandırılması və əmək pensiyası üzrə tutulmuş məbləğlərin geri qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-1051/2025 saylı məktubu ünvanlanmışdır. Belə ki, sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən, “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, İddiaçı 5 dekabr 2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda iddiaçının 17 mart 2023-cü il tarixdən yenidən həqiqi hərbi xidmətə qəbul olunduğu qeyd edilib. Müvafiq araşdırma ilə əlaqədar onun əmək pensiyası 1 avqust 2023- cü il tarixdən dayandırılıb. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Buna görə də, 2023-cü ilin sentyabr ayında iddiaçının əmək pensiyası yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilib. Eyni zamanda, əmək pensiyası 17 mart 2023-cü il tarixdən yenidən hesablanaraq İddiaçı artıq ödənilmiş 4991,53 manat vəsait müəyyən olunub. Həmin vəsaitin 278,07 manatı xx.xx.2023-xx.xx.2024- cü il tarixləri arasındakı dövr ərzində hissəhissə əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib, qalıq artıgödəmə 4713,46 (4991,53-278,07) manat təşkil edib. Bundan sonra iddiaçının müraciətinə əsasən, əmək pensiyasından tutulma 1 yanvar 2025-ci il tarixdən dayandırılıb. 29 noyabr 2024-cü il tarixdən yenidən ehtiyata buraxılmağı ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq 2398,60 manat məbləğində müəyyən olunub. Həmçinin əmək pensiyasının keçmiş müddət üçün yenidən hesablanaraq iddiaçıya ödənilməli olan 2375,61 manat pul vəsaiti müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1,9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı artıq ödənilmiş qalıq 4713,46 manat vəsaitdən ona ödənilməli olan 2375,61 manat vəsait çıxılaraq büdcəyə bərpa edilib, hazırda qalan artıgödəmə 2337,85 manat (4713,46- 2375,61) təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1979-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 7 yanvar 2025-ci il tarixli 3-17-1/2-M-1051/2025 nömrəli “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubunda qeyd edilmişdir ki, “sonuncu xidmət keçdiyiniz orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, sizə 5 dekabr 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, xidmət etdiyiniz orqan tərəfindən təqdim edilmiş məktubda 17 mart 2023-cü il tarixindən yenidən həqiqi hərbi xidmətə qəbul olunduğunuz qeyd edilib. Müvafiq araşdırma ilə əlaqədar əmək pensiyanız 1 avqust 2023-cü il tarixindən dayandırılıb. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Qanunun 37.3.4-cü maddəsinə əsasən, Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Buna görə də, 2023-cü ilin sentyabr ayında əmək pensiyanız yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilib. Eyni zamanda, pensiyanız 17 mart 2023-cü il tarixindən yenidən hesablanaraq sizə artıq ödənilmiş 4991,53 manat vəsait müəyyən olunub. Həmin vəsaitin 278,07 manatı xx.xx.2023-xx.xx.2024- cü ii tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib, qalıq artıqödəmə 4713,46 (4991,53- 278,07) manat təşkil edib. Müraciətinizə əsasən, əmək pensiyanızdan tutulma 1 yanvar 2025-ci il tarixindən dayandırılıb. Bundan başqa, 29 noyabr 2024-cü il tarixindən yenidən ehtiyata buraxılmağınızla əlaqədar əmək pensiyanız yenidən hesablanaraq 2398,60 manat məbləğində müəyyən olunub. Həmçinin əmək pensiyanız keçmiş müddət üçün yenidən hesablanaraq sizə ödənilməli olan 2375,61 manat pul vəsaiti müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1,4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, sizə artıq ödənilmiş qalıq 4713,46 manat vəsaitdən sizə ödənilməli olan 2375,61 manat vəsait çıxılaraq büdcəyə bərpa edilib, qalan artıqödəməniz 2337,85 (4713,46-2375,61) manat təşkil edir. Həmin 2337,85 manat vəsaitin əmək pensiyanızdan hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz, xahiş olunur”. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən İddiaçı pensiya işinə dair sənədlərin və onun müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3- 3-14280/2023 nömrəli xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən, İddiaçı yenidən xidmətə qayıtması ilə əlaqədar pensiya məbləği yenidən hesablanmış və 171,33 manat təyin edilmiş, 8732,20 manat artıq ödəmə yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3- 3-23824/2024 nömrəli xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən, İddiaçı yenidən ehtiyata buraxılması ilə əlaqədar pensiya məbləği yenidən hesablanmış və 2398,60 manat təyin edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun əsasən 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. 38.2. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın: 1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir; 6.1-ci bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda;..6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə;..6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;6.1.7. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə; 6.1.8. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda;6.1.9. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda. 6.3-cü bəndinə əsasən avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması zamanı Qanunun 22-1-ci maddəsinin tələbləri nəzərə alınır. 6.6.-ci bəndinə əsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və yaonları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə ilkin olaraq yuxarıda sadalanan “İnzibati icraat haqqında” Qanunun normalarına əsasən qeyd edir ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar. İşin faktiki hallarına əsasən iddiaçıya 5 dekabr 2022-ci ildə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmişdir. 17 mart 2023-cü ildə isə iddiaçı yenidən həqiqi hərbi xidmətə qəbul olunmuşdur. Cavabdeh tərəfindən müvafiq araşdırmanın nəticəsində iddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14280/2023 saylı inzibati akt qəbul edilmiş və pensiya məbləği yenidən hesablanaraq 171,33 manat təyin edilmiş, nəticədə 8732,20 manat artıq ödəmə yaranmışdır. Sonradan 29 noyabr 2024-cü ildə iddiaçı yenidən ehtiyata buraxılmış və cavabdeh tərəfindən iddiaçı barəsində 3-17-1/3-3- 23824/2024 nömrəli xx.xx.2024-cü il tarixli inzibati akt qəbul edilmiş, nəticədə iddiaçıya 2398,60 manat pensiya məbləği təyin edilmişdir. Hazırda iddiaçı cavabdehə müraciət edərək, göstərilən inzibati aktların ləğv edilməsini və əsassız tutulmuş məbləğlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya imtina edilmiş və nəticədə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlkin olaraq məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati araşdırılma aparılmış və iddiaçıya 7 yanvar 2025-ci il tarixdə məktub ünvanlayaraq yazılığı razılığının təqdim edilməsini təklif etmişdir. İnzibati iş üzrə mübahisə edilməyən hal ondan ibarətdir ki, iddiaçıya 5 dekabr 2022-ci ildə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmişdir. 17 mart 2023-cü ildə isə iddiaçı yenidən həqiqi hərbi xidmətə qəbul olunmuşdur. 29 noyabr 2024cü ildə iddiaçı yenidən ehtiyata buraxılmışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 38.1-ci maddəsində göstərilmişdir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Belə ki, qanunun bu normasına riayət edilməməsi dövlət büdcəsindən artıq və əsassız vəsaitlərin ödənilməsi ilə nəticələnir. Lakin iddiaçının təqdim etdiyi sübutlar və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında nə əmək pensiyaçısı nə də işəgötürən tərəfindən belə bir məlumatın səlahiyyətli inzibati orqana təqdim edilməsinə dair məlumat aşkar edilmir. Odur ki, cavabdeh haqlı olaraq öz səlahiyyəti çərçivəsində inzibati icraat aparmış və iddiaçıya əmək pensiyasını yalnız sığorta hissəsində ibarət olmaqla ödəmişdir (yuxarıda göstərilən dövrlər üzrə). Göründüyü kimi iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan əmək pensiyası alınması faktı aşkar edilmiş və müvafiq inzibati orqan tərəfindən bu hal araşdırılaraq pensiya ödənişinin dayandırılması və artıq ödənilmiş məbləğin geri tutulması barədə qərar qəbul edilmişdir. Əmək pensiyasının alınması hüququ qanunvericilikdə müəyyən olunmuş şərtlərlə tənzimlənir. Şəxsin həmin şərtlərə cavab vermədiyi halda pensiya ödənişlərinin davam etdirilməsi hüquqi əsasdan məhrum olur. Bu səbəbdən də inzibati orqan tərəfindən pensiyanın tutulması qanuna uyğun hesab edilir. Nəticə etibarilə, cavabdeh tərəfindən vətəndaşın əmək pensiyası almaq hüququna malik olmaması ilə bağlı haqlı olaraq araşdırma aparılmış, mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə inzibati akt qəbul edilmişdir. Bu inzibati akt nəticəsində dövlət büdcəsindən əsassız ödənilmiş vəsaitlərin tutulması təmin olunmuşdur. Belə olan halda, həmin vəsaitlərin iddiaçıya qaytarılması üçün hüquqi əsas mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14280/2023 saylı və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-23824/2024 nömrəli qərarların ləğv edilməsi və təyin olunmuş pensiyanın əsassız dayandırıldığı (azaldıldığı) xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yenidən hesablanaraq ödənilməsi, hal-hazırki vaxtadək əsassız tutulmuş (büdcəyə bərpa edilməsi ilə bağlı əvəzləşdirmə) məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7674/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7674/2025
30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver