Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7675/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 13 saylı evin yaxınlığında cizgidə göstərilən sahədə fərdi yaşayış evinin tikinitisi üçün ayrılmış 0.06 kv.m torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli **********16 nömrəli məktubla bildirmişdir ki, torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulan yol kənarı yaşıllıq ərazisində yerləşir. Həmçinin torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında perimetrik ölçülərdə fərq mövcuddur. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə yenidən eyni tələblə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2022-ci il tarixli **********16 nömrəli məktubla cavab verilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, M.Hadi küçəsi, 13 saylı evin yaxınlığında cizgidə göstərilən sahədə fərdi yaşayış evinin tikinitisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona ailə tərkibinin böyüklüyü və yaşadığı mənzilin qeyri qənaətbəxş olmasını nəzərə alaraq ehtiyacı olan şəxs qismində Xətai rayon İcra Hakimiyyəti Başçısının aparatının 09 mart 2000-ci il tarixli 320№-li sərəncamından çıxarışa əsasən, tərtib edilmiş baş plana uyğun olaraq müstəsna hal kimi məhəllədaxili ərazidə fərdi yaşayış evinin tikintisi üçün Məhəmməd Hadi küçəsi ilə 13 saylı evin yaxınlığında 600 kv.m torpaq sahəsi ayrılmışdır. Uzun illərdir ki, qanuni sahibliyində və istifadəsində olan həmin ərazidə fərdi yaşayış evi tikmişdir və ondan fasiləsiz olaraq istifadə edir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazıllı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və qeyd etmişdir ki, torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulan yol kənarı yaşıllıq ərazisində yerləşir. Həmçinin torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında perimetrik ölçülərdə fərq mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Xətai rayon İcra Hakimiyyətinin “Məhəllədaxili ərazidə müstəsna hal kimi fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 320 nömrəli sərəncamdan çıxarışından görünür ki, Qaçaq Nəbi küçəsi, ev 4 mən. 68-də yaşayan X2, M.Hadi küçəsi, 13 saylı evin yaxınlığında cizgidə göstərilən sahədə 0.06ha. torpaq sahəsinin ayrılması və yaşayış evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qeyd olunan ünvanda Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 320 saylı sərəncamı ilə X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 595.35 kv.m torpaq sahəsinin yerləşmə ərazisi Xətai rayon İcra Hakimiyyətinin memarı tərəfindən razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, M.Hadi 13 ünvanında yerləşən torpağın sahəsi hüquq müəyyənedici sənəd üzrə 600 kv.m, faktiki 605 kv.m-dır. Torpaq sahəsi m/daşı hasar daxilindədir. 2 tərəf qonşu 2 tərəf yoldur. Torpaq sahəsi yerləşmə cizgisində göstərilən yerləşmə mövqeyinə uyğun olsada perimetrik ölçülərində cüzi fərqlər var. Torpaq sahəsinin daxilində 120 kv.m dəmir konstruksiya mövcuddur. İddiaçı hazırda qeyd olunan sənədlərə istinad edərək, onun faktiki istifadəsində olan bu torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası - Xətai rayon İcra Hakimiyyətinin “Məhəllədaxili ərazidə müstəsna hal kimi fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 320 nömrəli Sərəncamını cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən mübahisəli torpaq sahəsinin ümumi istifadə üçün nəzərdə tutulan yol kənarı yaşıllıq ərazisində yerləşməsinə istinad etmişdir. Belə ki, işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən ayrılmış torpaq sahəsinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmadığı və yaşıllıq massivinə aid olduğu müəyyən edilmişdir. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı bir sübutu təqdim etməmişdir. Belə ki, işdə olan mübahisəli ərazinin ortofoto xəritəsindən çıxarışdan görünür ki, həmin ərazidə yalnız bir neçə ağac və kolun bir hissəsi yerləşir. Halbuki “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - maddə 1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur; - maddə 1.0.2. yaşıllıq əraziləri - yaşıllıqların yerləşdiyi və ya yaşıllıq salmaq üçün ayrılmış torpaq sahəsi və ona aid ekoloji mühitdir (məkan). Göründüyü kimi, ərazinin yaşıllıq ərazisi adlandırılması üçün həmin ərazidə ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu olmalıdır, hansı ki, hazırkı iş üzrə bu hal müşahidə edilmir. Bundan əlavə, işdən görünür ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Qanunvericiliyin həmin sənədi hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 13 saylı evin yaxınlığında yerləşmə cizgisində göstərilən sahədə fərdi yaşayış evinin tikinitisi üçün ayrılmış 595.35 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7675/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7675/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver