Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7677/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «müvafiq dövr üzrə müavinətin verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «müvafiq dövr üzrə müavinətin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 2015-ci ildə AR X1 polis zabiti kimi təqaüdə çıxmışdır. Xidmətdə olarkən 1990 – 1992-ci illərdə döyüş bölgələrində iştirak etmişdir. Xidmət etdiyi müddət ərzində müəyyən səbəblərdən müharibə veteranı vəsiqəsi ala bilməmişdir. DİN rəhbərliyinin köməkliyi sayəsində ona 2019-cu ilin noyabr ayında 1990 – 1992-ci illərdə müharibədə iştirakla əlaqədar veteran vəsiqəsi verilmişdir. 2019-cu ilin noyabr ayında sənədlərini 1 saylı Bakı “Dost" Agentliyinə təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq (2019-cu ilin aprel ayında verilmiş) Fərmana əsasən o, hər ay müharibə veteranı iştirakçılarına verilən 80 manat prezident təqüdünü alır. 1 saylı “Dost” Agentliyində olarkən 2019-cu ilin aprel ayından noyabr ayınadək müvafiq məbləğin verilməsini tələb etmişdir. Qurumdan ona bildirilmişdir ki, müvafiq idarədən, yəni həmin vəsiqəni hansı orqan tərəfindən verilməsinə dair arayış gətirilsə də, nəzərə alınacaqdır. İddiaçı bu barədə DİO-dan arayış alıb təqdim etmişdir. Lakin oradan bildirilmişdir ki, bu arayış keçərli deyil. Arayış başqa məzmunda olmalıdır. Məhkəməyə müraciət olunması ona tövsiyə edilmişdir. Cavabdeh təşkilat olan ƏƏSMN müxtəlif bəhanələr gətirərək ona 2019-cu ilin aprel ayından 2019-cu ilin noyabr ayına kimi olan hər bir ayı 80 manat olmaqla, cəmi 560 mana: nulu verməkdən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 348-ci maddəsinə, İPM-in 14, 33, 34-cü maddələrinə əsaslanaraq, iddiaçıya 2019-cu ilin aprel ayından noyabr ayınadək olan dövr üzrə həmin müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iş üzrə cavabdehin dəyişdirilməməsində israrlı olduğunu bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə qərara alınmışdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi» təsdiq edilmişdir. Həmin Nizamnamənin 1.1-ci bəndində göstərilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 3-cü bəndində həmin Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakılar Dövlət Sosial Müdafiə Fondunun vəzifələri sırasına aid edilmişdir: - (3.1.14) əmək pensiyalarının Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən hissəsi üçün ayrılan vəsaitin, habelə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, eləcə də Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin maliyyələşdirilməsi üçün vəsaitin aidiyyəti üzrə çatdırılmasını təmin etmək; - (3.1.17) əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək; - (3.1.18) əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın V bölməsində qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan kimi müəyyən edilmişdir. Göründüyü kimi, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yeni yaradılmış Dövlət Sosial Müdafiə Fondu onu almaq hüququ olan müvafiq şəxslərə sosial müavinətlərin ödənilməsi sahəsində inzibati icraatı tam müstəqil şəkildə həyata keçirən və bu icraat çərçivəsində müvafiq qərarlar qəbul edən publik hüquqi şəxsdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçının qaldırdığı məsələ ilə bağlı hazırkı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi səlahiyyətli orqan kimi çıxış etmədiyindən, iddiaya müavinətin verilməsi öhdəliyi bu orqanın üzərinə qoyula bilməz. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7677/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7677/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver