Məhkəmə qərarları › İş №2-1(112)-7677/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7677/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7677/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X12, X20, X18, X13, X6, X9, X25 və X21 “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı, (üçüncü şəxslər X12, X20, X18, X13, X6, X9, X25 və X21) “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 175, 10 saylı mənzil Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş reyestr nömrəsi **********96-05101-093009 saylı olan çıxarışa əsasən İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli, ******* №-li arayışına əsasən X12, X20, X18, X13, X6, X9, X25 və X21 (bundan sonra üçüncü şəxslər) həmin mənzildə pasport qeydiyyatındadırlar. İddiaçı üçüncü şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdeh Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxslər X12, X20, X18, X13, X6, X9, X25 və X14 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxslərnən heç bir qohumluq əlaqəsi yoxdur, onlar hazırda onun mənzilində yaşamırlar və onlara məxsus mənzildə heç bir əmlak yoxdur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Üçüncü şəxs verdiyi izahatında bildirdi ki, sözügedən ünvanda yerləşən mənzilə onların Sərəncamı var. (İş matereallarına əlavə olunub). İddiaçının mənzili ilə onların mənzili ayrı-ayrı mənzillərdir. Qonşudurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilsə də, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Mülki prossual Məcəllənin 135.7-ci maddəsinə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (-) Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi: İşin faktiki hallarına görə, ünvan 1 ünvanında iki mənzil mövcuddur: xx.xx.2025-ci il tarixli, **********96-05101-093009 reyestr nömrəli çıxarışa əsasın iddiaçıya məxsus olan mənzil; Üçüncü şəxslərin faktiki yaşadıqları və pasport qeydiyyatına alındıqları, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 191/5 nömrəli Sərəncamı ilə X7 8 nəfər ailə üzvü ilə birlikdə istifadəsinə verilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış mənzil. İddiaçının hazırkı iddianı qaldırmaq hüquqi marağı üçüncü şəxslərin həmin ünvandan pasport qeydiyyatından çıxarmağa nail olmaqdır. İş matereallarında olan ünvan 2 ünvanladığı 45 və 48 saylı xx.xx.2025-ci il tarixli arayışlarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 175 ünvanında mənzil 10 nömrəsi ilə 2(iki) mənzil mövcuddur.

1. iddiaçının mülkyyətində olan mənzil;

2. X10 məxsus olan mənzil. X10 məxsus olan mənzildə üçüncü şəxslər pasport qeydiyyatındadırlar və yaşayırlar. X31 Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, X15 və X18 xx.xx.2015-ci il, X20 xx.xx.2015-ci il, X13 xx.xx.2004-cü il, X4 xx.xx.2004-cü il, X11 xx.xx.2005-ci il, X25 xx.xx.2015-ci il, Nəcəfli Nuray qızı isə xx.xx.2015-ci il tarixdə sözügedən ünvana qeydiyyata alınmışlar. Hazırkı işdən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının mülkiyyəıtində olan mənzildə deyil, X1 və istifadəsində olan, eyni ünvan lakin faktiki olaraq ayrı mənzillərdə yaşayırlar və yaşadıqları mənzil ünvanı üzrə qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları mənzilin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. İş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının istifadəsində olan mənzildə deyil, eyni ünvan rekvizitlərinə malik olan ayrı mənzildə yaşayırlar. Üçüncü şəxslər öz mənzilin faktiki sahibi olduqları və faktiki olaraq yaşadıqları halda, onlar mənzilin mövcud ünvanından da istifadə etmək hüququna malikdirlər. Həmin mənzil onların sahibliyində və istifadəsində olan ayrıca bir daşınmaz əmlakdır. Belə olan halda, cavabdeh tərəfindən onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları hüquq və azadlıqlarının pozulmasını ehtiva etmiş olar. Baxılan işlə əlaqədar oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-266/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2- 1(102)-1700/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında da qeyd edilmişdir. 2-1(102)-1700/2023 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni ünvan göstəricisinə malik X2 adına xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, eləcə də X5 aid dövlət reyestrində qeydiyyata alınmamış əmlakın olması iddiaçının eyni ünvan, lakin müxtəlif evlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir”. 2-1(102)-266/2024 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onunla ilə eyni ünvan göstəricilərinə malik başqa bir evdə qeydiyyatda olmaqla yaşayırlar. Belə olan halda, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar