Məhkəmə qərarları › İş №2-1(112)-7678/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7678/2022

02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7678/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X9 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 43 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2, İddiaçı3 və X9 qeydiyyata alınması vəzifəsinin cavabdeh AR DİN-in Bakı şəhəri Səbai Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar AR DİN-in Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaqlarını xahiş etmişlər. Cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsi onlara xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən imtina cavabı vermişdir. Cavabdeh belə əsas gətirib ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi AR-nın ƏMDK-nin yanında DƏDRX-də qeydiyyatdan keçməyib, hüquqi sənədi yoxdur və bu səbəbdən ərizənin icrası mümkün deyil. İddiaçılar son zamanlara kimi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olublar, lakin onları oradan da qeydiyyatdan çıxarıblar və hazırda heç bir yerdə qeydiyyatda deyillər. Qeyd olunanlara əsasən cavabdehin bu qanunsuz hərəkəti onların hüquqlarını pozmuş və AR-nın “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 iş üzrə birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 065-11608-1222 nömrəli və xx.xx.2022-ci il tarixli, 065-12640-1222 nömrəli məktublarında iddia tələbi ilə bağlı bütün məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyətinin 17 may 1999-cu il tarixli 662 nömrəli sərəncamına əsasən 26-cı sahənin bulvar sahəsində yerləşən 5,0x6,0 kv.m ölçüdə vət. X6 məxsus mağaza 2-ci qrup əlil X7 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 17 may 1999-cu il tarixli 662 saylı alqı-satqı müqaviləsi ilə cizgidə göstərilən sərhəd daxilində kafe tikintisi üçün 0.01 ha torpaq sahəsinə dair X10 adına JN:0032 1(A) nömrəli Kod 00400003, 12 yanvar 2000-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyətinin 799 nömrəli 14 sentyabr 2000-ci il tarixli sərəncamına əsasən Səbail rayon idarələrarası komissiyasının 02 sentyabr 2000-ci il tarixli bir mərtəbəli binanın yaşayışa yararlı olması haqqındakı rəyini və vət. M.Əliyevin adlna tikintinin yerləşdiyi torpağı mülkiyyət hququna dair xx.xx.2000-ci il tarixli Dövlət Aktının olduğunu nəzərə alaraq Səbail rayon idarələrarası komissiyasının 02 sentyabr 2000-ci il tarixli “A.İsmayılov küçəsi 43-də yerləşən qeyriyaşayış sahəsinin yaşayış üçün yararlı olması” haqqındakı rəyinin təsdiq edilməsi, göstərilən binanın rayon mənzil fonduna daxil edilməsi, vət. M.Əliyevin ailəsinin göstərilən sığınacağa pasport qeydiyyatına götürülməsinin rayon polis idarəsinin pasport bölməsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X3 (etibarnamə üzrə X1) ilə Alıcı İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli və 2 saylı notariat konturunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş ilkin müqaviləyə əsasən satıcı 11 dekabr 2001-ci il tarixli 17360 nömrəli Mənzil Kirayəçisi haqqında məlumata əsasən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evini bu günə razılaşdıqları məbləğə, yəni 83.000 manata Alıcıya satmış, Alıcı isə daşınmaz əmlakın razılaşdırılmış qiyməti olan 83.000 manata tam olaraq notariat konturunun depozit hesabına qoyaraq satıcıya ödəmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, A.İsmayılov küçəsi 43-də yerləşən 3 otaqlı evə dair kirayəçinin şəxsi hesab vərəqi X7 adına açılmışdır. Kommunal xidmətlərləri ödəmək haqqında məlumata əsasən Bakı şəhəri, A.İsmayılov küçəsi 43-də yerləşən məlumat vərəqi İddiaçı1 adına 5 nəfər ailə tərkibində dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentnin Səbail Rayon MKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 435 saylı arayışına əsasən İddiaçı1 və onun ailə üzvləri olan İddiaçı2, İddiaçı3 və X13 Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 43 ünvanında yerləşən mənzildə qeydiyyatsız yaşayırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 065-12637-1222 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 43 ünvanında qeydiyyatda olan şəxslər barəsində məlumat verilməsi texniki imkanlar xaricində olduğu üçün “ASAN” xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyyə olunur. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 059-19370- 1222 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında kimlərin nə vaxt və hansı əsaslarla qeydiyyata alınması barədə vətəndaşların soyadı, adı, atasının adı və təvəllüdü göstərilmədiyi üçün hər hansı yoxlama aparmaq mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-14080- 1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü X4 Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 43 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli, 065-4613H-3222 nömrəli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız ünvanın mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və icarə müqaviləsi, eləcədə qanunvericilikdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədləri təqdim edə bilmədiyiniz halda aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Hazırkı işdən görünür ki, iddiaçılar İddiaçı1, əri İddiaçı2, qızı İddiaçı3 və nəvəsi X13 olmaqla Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 43 ünvanına qeydiyyata alınmalarını mübahisələndirirlər. İddiaçıların qeydiyyata alınmasını istədikləri ünvanın aid olduğu fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də həmin evin mülki dövriyyənin obyekti kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edildiyi istisna olunmur. Belə ki, yuxarıda sadalanan sübutlardan müəyyən olunur ki, Səbail Rayon İcra Hakimiyyətinin 17 may 1999-cu il tarixli 662 nömrəli sərəncamına əsasən sözügedən ünvanda vət. X6 məxsus mağaza X7 adına sənədləşdirimiş, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 17 may 1999-cu il tarixli 662 saylı alqı-satqı müqaviləsi ilə kafe tikintisi üçün ayrılmış 0.01 ha torpaq sahəsinə dair X7 adına 12 yanvar 2000-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmiş, daha sonra Səbail rayon idarələrarası komissiyasının 02 sentyabr 2000-ci il tarixli həmin ünvandakı bir mərtəbəli binanın yaşayışa yararlı olması haqqındakı rəy tərtib edilmiş, Səbail Rayon İcra Hakimiyyətinin 799 nömrəli 14 sentyabr 2000-ci il tarixli sərəncamına əsasən adıçəkilən qeyri-yaşayış sahəsinin rayon mənzil fonduna daxil edilməsi, vət. M.Əliyevin ailəsinin göstərilən sığınacağa pasport qeydiyyatına götürülməsi rayon polis idarəsinin pasport bölməsinə həvalə edilmişdir. Bundan sonra qeyd edilən fərdi yaşayış evinə dair şəxsi hesab vərəqəsi X7 adına açılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin təqdim etdiyi X7 adına olan sadalanan dövlət aktı, texniki pasport, sərəncam yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” olaraq yaşayış yeri üzrə qeydiyyata alınması əsas kimi qiymətləndirilə bilər. Eyni zamanda X12 ilə İddiaçı1 arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi yalnız hazırkı halda həmin evin İddiaçı1 istifadəsində olduğunu təsdiq edən sənəd qismində onun özünün və ailə üzvlərinin həmin ünvanla bağlılığını müəyyən etməyə əsas verir. Təsadüfi deyildir ki, X3 notarial qaydada Alıcı İddiaçı1 ilə xx.xx.2017-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən sonra həmin evlə bağlı Mənzil Kommunal İstismar sahəsində şəxsi hesab vərəqi X7 adından çıxarılaraq İddiaçı1 adına dəyişdirilmiş və hazırkı halda həmin ünvana xidmət edən mənzil istismar sahəsi iddiaçıların sözügedən ünvanda yaşadıqlarını təsdiq edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeyd edilməlidir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da həmin fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda həmin ünvana xx.xx.1980-ci il təvəllüdlü X2 qeydiyyata almış, iddiaçıların müraciətinə cavab olaraq isə evin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2015-ci il təvəllüdlü X9 Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 43 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbai Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1988ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2015-ci il təvəllüdlü X9 Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 43 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar