Məhkəmə qərarları › İş №2-1(112)-768/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-768/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-768/2022 27.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin onun pensiyasının araşdırılması zamanı pensiyasının azalması ilə əlaqədar qəbul etdiyi qərarının ləğv edilməklə, dövlət gömrük orqanlarında işlədiyi illərin dövlət qulluğu stajına əlavə edilməklə pensiyasının saxlanılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2017-ci ilin iyun ayında dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Ona dövlət qulluqçusu kimi 14 il 2 ay staj hesablanmaqla orta aylıq gəliri 75% miqdarı, 340 manat məbləğində pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən pensiyaların artırılması ilə əlaqdar dövlət qulluqçuların pensiyası 40% artırılaraq, pensiya məbləği 465,50 AZN təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 saylı fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununa əsasən pensiya təyin edilməsi üçün Dövlət qulluqçusunun müraciət etdiyi vaxt Dövlət nəvacibiııin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrn 18-dək dövlət-sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələri Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 18dək Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında təlimatçı (instrukrut) vəzifəsində işləmişdir. Onun tutduğu vəzifə yerli icra hakimiyyətinin aparatında böyük məsləhətçi vəzifəsinə uyğun olduğu müəyyən edilmişdir. Rayon icra hakimiyyəti aparatının böyük məsləhətçinin aylıq vəzifə maaşı hal-hazırda 495 manat təşkil edir. Bu da, onun işlədiyi sonuncu iş yerində olan rayon icra hakimiyətinin ərazi nümayəndəliyin baş məsləhətçi, baş mühasib vəzifəsinin aylıq maaşı arasında fərq 50 manat təşkil etmişdir. Bunu nəzərə alaraq aldığı 465.50 AZN pensiyanın artırılması ilə əlaqədar müraciət etmiş, pensiyanı artırmaq əvəzinə gömrük orqanlarında çalışdığına görə 3 il stajı dövlət qulluğu stajına aid etməmişlər, bu da, 15% pensiyasının azalmasına səbəb olmuşdur. "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğini müəyyənləşdirilməsi qaydalarının” 3-cü bəndinə əsasən dövlət qulluqçusuna dövlət qulluğunda 10 ildən 15 ilədək qulluq stajına görə aylıq vəzifə maaşına 20% əlavə haqq ödənilməlidir. Araşdırmalar zamanı onun üçün nəzərdə tutulan 11 ildən yuxarı staja görə 19.58% hesablanmışdır. Bu da, ciddi qanun pozuntusuna səbəbdir. Azərbaycan Respublikası Məhkəmə X2 23 avqust 2017-ci il tarixli, 11-33 nömrəli ona yazılan cavab məktubunda bildirilir ki, ərizəsində qeyd etdiyi məsələ dövlət qulluğuna dair qanunvericiliyə əsasən müəyyən olunur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 21.01.1993-cü il tarixdən 28.04.1995-ci il tarixədək gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 28 dekabr 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, ona Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsi tərəfindən 16 iyun 2017-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 16 iyun 2017-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 260,00 manat, qulluq stajına görə vəzifə maaşı 19,58 faizi miqdarında əlavə-50,91 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 86,67 manat olmaqla orta aylıq əmək haqqı 452,58 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 11 il 11 ay 8 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (452,58 manat) 60 faizi - 271,55 manat müəyyən edilmişdir. Lakin, 16.06.2017-28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 340,25 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 583,95 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 11 il 11 ay 8 gün dövlət qulluğu stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 39,72 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq stajına görə vəzifə maaşı 19,58 faizi miqdarında əlavə 55,80 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 95,00 manat olmaqla orta aylıq əmək haqqı 490,80 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək olan vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (452,58 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (490,80 manat) arasındakı fərq məbləğinin (38,22 manat) 39,72 faizi-15,18 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (271,55 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 286,73 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 358,65 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1294,56 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə vəzifə maaşı 19,58 faizi miqdarında əlavə-84,19 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 143,33 manat olmaqla orta aylıq əmək haqqı 712,52 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (490,80 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (712,52 manat) arasındakı fərq məbləğinin (221,72 manat) 39,72 faizi-88,07 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (286,73 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 374,80 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona 01.09.2019-28.02.2021ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 6746,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 8339,14 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 1592,74 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı 16.06.2017-28.02.2021-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 3471,25 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 3471,25 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə tərəflərindən 25.02.2021-ci il tarixli **********5 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın .. aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məlumat üçün bildirirlər ki, Mərkəzi Filial tərəfindən cari ilin mart ayından etibarən iddiaçının əmək pensiyası 374,80 manat müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, İddiaçı yuxarıda qeyd olunanlarla razılaşmamış, onun pensiyasının yenidən hesablanması zamanı azaldılmasının araşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini və artıq ödənilmiş 1208,67 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı etiraz ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 fevral 2019-cu il tarixli, **********2 sayıl əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və Bakı şəhər İdarəsi haqqında əsasnamələri təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya pensiya yaşına çatanadək İ qrup əlil olmuş, bundan başqa həmin Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci və “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2ci maddələrinin tələblərinə uyğun olaraq dövlət qulluğu vəzifəsində 15 il və daha çox qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ vardır. Həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Xüsusi olaraq bildirirlər ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əmək pensiyası təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.15-ci yarımbəndində Azərbaycan SSRİ dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış və həmin yarımbənddə iddiaçının işlədiyi müddətin dövlət qulluğu stajı kimi hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Xüsusi olaraq bildirir ki, iddia tələbində qeyd edilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışdığı illərin əmək stajı olaraq dövlət qulluğu stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir ki, bu da, öz növbəsində hərbi qulluqçu statusuna malikdir. Belə ki, hərbi qulluqçu və dövlət qulluqçuları arasında pensiya təminatı fərqlidir ki, - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən - “hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında xidmət edən hərbi rütbəli şəxslərdir”. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdehə 28.12.2020-ci il tarixdə müraciət etmiş, həminn müraciətlə bağlı cavabdeh tərəfindən inzibati icraat aparılaraq iddiaçıya 25.02.2021-ci il tarixli, **********5 nömrəli məktubla müraciət edilərək, ona artıq ödənilmiş pul vəsaitinin tutulmasına razılıq verilməsi, əks halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin məktubla pensiyasının azaldılmasından narazı qalan iddiaçı 19.03.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq, iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, 18.03.1974-cü il tarixdən 14.11.1975-ci il tarixədək, 19.02.1978-ci il tarixdən 12.09.1978-ci l tarixədək, 12.09.1978ci il tarixdən 05.04.1979-cu il tarixədək, 05.04.1979-cu il tarixdən 29.12.1979-cu il tarixədək, 29.12.1979-cu il tarixdən 09.07.1985-ci il tarixədək, 15.04.1985-ci il tarixdən 31.08.1990-cı il tarixədək müxtəlif peşələrdə işləmiş, 01.09.1990-16.04.1991-ci illərdə və 10.01.1992-31.07.1992ci illərdə təhsil almış, 13.10.1992-ci il tarixdən 21.07.1993-cü il tarixədək mühasib vəzifəsində işləmiş, 21.01.1993-cü il tarixdən Biləsuvar gömrüxanasının X6 inspektoru vəzifəsinə təyin edilmiş, 28.04.1995-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 25.02.2005-ci il tarixdən 15.10.2012-ci il tarixədək, 16.10.2012-ci il tarixdən, 13.06.2017-ci il tarixədək müxtəlif peşələrdə işləmişdir. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yardımıl rayon Şöbəsi tərəfinədn 16.06.2017-ci il tarixində sabiq dövlət qulluqçusu kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İşdə olan məhkəməninin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli, 1000-180/180-24/017788 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra “gömrük orqanları” adlanacaq) xidmətin qaydaları və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə müəyyən edilir. Qeyd edilən Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət – Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı tutduğu vəzifə yuxarıda qeyd olunan Əsasnamənin 8-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən orta rəis heyətinə daxildir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2006-cı il tarixli 44 ömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-cii bəndinin birinci abzasına əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə gömrük orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmətt müddəti də daxildir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş 29.11.2021-ci il tarixli, 22/04-22/3112 nömrəli cavab məktubundan görünür ki, 1985-1990-cı illərdə Yardımlı Rayon Partiya Komitəsində təlimatçı vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulubtutulmaması, nəzərdə tutulduğu halda uyğunlaşdırıldığı dövlət qulluğu vəzifəsi haqqında məlumatın təqdim edilməsi haqqında 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5157/2021 nömrəli məktuba Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində baxılaraq bildirilmişdir ki, adıçəkilən Siyahının 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında instruktor vəzifəsi nəzərdə tutulmuşdur. Qeyd edilən vəzifə rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının müraciətinə verilmiş 07 yanvar 2022-ci il tarixli, 1000-180/180-26/000172 nömrəli cavab məktubundan görünür ki, İddiaçı 21 yanvar 1993-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 226 saylı əmri ilə Biləsuvar gömrükxanasının maliyyə - tarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. Gömrük Komitəsi mərkəzi attestasiya komissiyasının 6, 7 mart 1995-ci il tarixlərində keçirilən iclasının Biləsuvar gömrükxanası üzrə qərarına əsasən, Azərbaycan Respublikası ƏİM-nin 38-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq 28 aprel 1995-ci il tarixində 339 saylı əmr ilə tutduğu vəzifədən azad edilmişdir. Xidmət etdiyi dövrdə ona gömrük xidməti xüsusi rütbəsi verilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki işin hallarından görünür ki, mübahisənin predmetini iddiaçının gömrük orqanlarında işlədiyi illərin dövlət qulluğu stajına daxil edilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həqiqətən 21 yanvar 1993-cü il tarixdə Azərbaycan Respubikası Dövlət Gömrük Komitəsinin 226 saylı əmri ilə Biləsuvar gömrükxanasının maliyyə -tarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, Gömrük Komitəsinin mərkəzi attestasiya komissiyasının 6, 7 mart 1995-ci il tarixlərində keçirilən iclasının Biləsuvar gömrükxanası üzrə qərarına əsasən, Azərbycan Respublikası ƏİM-nin 38-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq 28 aprel 1995-ci il tarixində 339 saylı əmr ilə tutduğu vəzifədən azad edilmişdir. Xidmət etdiyi dövr ərzində ona gömrük xidməti xüsusi rütbəsi verilməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. Həmin Qanuna 31 may 2021-ci il tarixli, 340-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmiş 22.7-1-ci maddənin tələblərin əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının 21.01.1993-cü il tarixdən 28.04.1995-ci il tarixədək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növündə qulluq illəri onun dövlət qulluğu stajına daxil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 21.01.1993-cü il tarixdən 28.04.1995-ci il tarixədək gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar