Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7680/2021 06.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Poliklinikaya qarşı “müraciətə cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh ünvan 1 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 07.04.2021-ci il tarixli müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 aprel 2021-ci il tarixdə ünvan 1 müraciət etmişdir. Lakin həmin vaxtdan iki aydan çox keçməsinə baxmayaraq müraciətinə cavab verilməmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 57 və 60, “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun 2, 5.1, 7.5, 7.13 və 10.1, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68 və 70-ci maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-7680/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçının 29.06.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə təqdim etdiyi ərizəsinə əsasən iş üzrə əsl olmayan cavabdeh Bakı şəhəri 1 saylı Poliklinikanın baş həkimi K.Cabbarova əsl cavabdeh Bakı şəhəri 1 saylı Poliklinika ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azadlıq prospekti 43, mənzil 46-da yaşayan xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Qəhrəman oğlu 24.04.2001-ci ildən 1 nömrəli şəhər poliklinikasında endokrinoloji kabinetdə şəkərli diabet tip İİ diaqnozu ilə ambulator qeydiyyatındadır. Mütəmadi olaraq hər ay şəkər salıcı preparatlar insulin - Lantus iynəsi, Diabeton tablet alır, şəkəri ev şəraitində ölçmək üçün qlukomter aparatı və onun stripləri ilə təmin edilmişdir. 2021-ci ilin aprel ayının 9-u tarixində 1 nömrəli şəhər poliklinikasının sahə həkiminə müraciət etmiş, həkim oftalmoloq, nevropatoloq, kardioloq, otolarinqoloq, cərrah, nefroloq, stomatoloq, endokrinoloq tərəfindən müayinə edilmiş EKQ-ma, döş qəfəsinin flüoroqrafiyası, qanın, sidiyin ümumi analizi aparılmışdır. Həkim cərrahın müayinəsi nəticəsində “Aşağı ətrafların damarlarının obliterə edici aterosklerozu, şəkərli diabet tip İİ” diaqnozu ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ak.Topçubaşov adına cərrahiyyə mərkəzinə stasionar müalicəyə göndəriş verilmişdir. Növbəti ayda şəkər preparatları almağa gələndə İddiaçı qeyd edib ki, Cərrahiyyə İnstitutunda əməliyyat üçün ondan pul istədiklərinə gönə onlardan imtina edib. DTX-nın Hərbi Tibb Baş İdarəsinin hospitalına müraciət edib, 15.04.2021-ci il tarixində ambulator olaraq sağ femoral arteriya damarına stend qoyulub və damarda qan axını bərpa edildikdən sonra həmin gün evə yazılıb. Onun sonrakı müraciətləri hər ay: 05.05.2021; 04.06.2021; 06.07.2021 tarixlərində olub və poliklinikaya qarşı bu vaxt heç bir irad bildirməyib. İddiaçı poliklinikanın sığortaya keçib-keçməməsi haqqında sorğusuna cavab olaraq isə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Bakı şəhəri üzrə Nərimanov rayonu 01.04.2021-ci il tarixdən pilot layihə kimi tam sığortaya keçib. Digər poliklinikalarda hazırlıq işləri gedir, bu məsələ keçid mərhələsindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı tərəfindən ünvan 1 ünvanlanmış ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən tibbi sığorta ilə bağlı fərman imzalanmışdır. Fərman 01.04.2021-ci il tarixdən qüvvəyə minmişdir. 05.04.2021-ci il tarixdə Bakı şəhəri 1 saylı Poliklinikaya müraciət etsə də ona tibbi sığortanın bu poliklinikaya şamil olmadığı bildirildi. Xahiş edir ki, bunun səbəbləri barədə ona rəsmi məlumat verilsin. İş materiallarına əlavə edilmiş poçt qəbzindən görünür ki, müraciət SS679440250AZ kodlu göndəriş məktubu ilə cavabdeh quruma göndərilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1-ci maddəsinə əsasən tibbi sığortanın subyektləri sığortaolunanlar, sığortalılar, sığortaçılar və tibb müəssisələridir. Həmin Qanunun 15-3.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb müəssisələri icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər. Həmin Qanunun 15-3.2-ci maddəsinə görə tibb müəssisələrinin bu Qanunun 15- 3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə uyğunluğunun qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. -7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. -7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. -7.7-ci maddəsinə görə vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. -7.8-ci maddəsinə əsasən müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir. -10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. -10.2-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. -12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. -12.3-ci maddəsinə görə müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən: 12.3.1. müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; 12.3.2. məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; 12.3.3. müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; 12.3.4. müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. -2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. -2.3-ci maddəsinə görə informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri 1 saylı Poliklinikada tibbi sığortanın tətbiq olunub-olunmaması, olunmadığı təqdirdə isə bunun səbəbləri barədə məlumatın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh Bakı şəhəri 1 saylı Poliklinika qeyd edilən müraciətə cavab verməyərək hərəkətsizlik göstərmiş, qanunvericiliyin yuxarıda sadalanan normalarından irəli gələn müraciətə baxmaq və ona müvafiq qaydada cavab vermək vəzifəsini pozmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı 07.04.2021-ci il tarixli müraciətinə cavab verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 1 saylı Poliklinikaya həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 07.04.2021-ci il tarixli müraciətinə cavab verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 1 saylı Poliklinikaya həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7680/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7680/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver