Məhkəmə qərarları › İş №2-1(112)-7681/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7681/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7681/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “müraciətə cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu filialının direktoru Y.Məmmədova qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 26.05.2021-ci il tarixli Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2020-ci il tarixli, 17/68 nömrəli 137042-4 saylı Binəqədi rayon İcra və Probasiya şöbəsi və Tovuz ravon İcra və Probasiya şöbəsi tərəfindən fevral ayında göndərilmiş, məhkəmə qərarı əsasında cavabdehdən tutulub iddiaçıya verilməli olan pul bu günə kimi bank tərəfindən verilməmişdir. Bununla bağlı 26.05.2021-ci il tarixdə rəsmi müraciət etmişdir. Bu günə kimi müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəfindən 01.07.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə təqdim edilən ərizədə iş üzrə əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin 02.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu filialının direktoru Y.Məmmədov əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın 03.08.2021-ci il tarixli, **********3 nömrəli iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı tələbkar qismində çıxış edərək müxtəlif vaxtlarda pensiyaçılar X9 və X7 qarşı Tovuz rayon və Binəqədi rayon məhkəmələrinin pul tələbinə dair iddiası təmin olunmuşdur. Tovuz Rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli, 2(62)-3130 nömrəli icra sənədinə əsasən borclu X2 cəmi 2200 (iki min iki yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Fondun struktur bölmələrində mərkəzləşmənin həyata keçirilməsi ilə əlaqədar Fondun keçmiş Tovuz rayon şöbəsi tərəfindən müvafiq iş üzrə icra sənədi 2020-ci ilin oktyabr ayında Mərkəzi Filiala təqdim edilmişdir. Məlumat üçün bildirilir ki, X4 əmək pensiyasından 01 avqust 2018-ci il tarixindən 31 dekabr 2020-ci il tarixinə qədər olan dövr üzrə ümumilikdə 2230 manat məbləğində vəsait tutularaq İddiaçı hesabına köçürülmüşdür. Bununla da borclu şəxsin əmək pensiyasından tutulma Pensiya təyinatı alt sistemində 2020-ci ilin dekabr ayında dayanmış və tələbkara olan borc tam olaraq ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli 2(001)-2754/2008 nömrəli icra sənədinə əsasən X1 5500 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bildirilir ki, müvafiq işin icrası məqsədi ilə Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən müxtəlif vaxtlarda Fonda məktublarla müraciət edilmiş və tərəflərindən müvafiq olaraq 13.10.2020-ci il tarixli **********9 nömrəli, 27.02.2021-ci il tarixli **********9 nömrəli məktublarla cavab verilərək iş icra edilmədən Fondun 22 may 2020-ci il tarixli **********6 nömrəli sirkulyar məktubuna əsasən geri qaytarılmışdır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 10-1.1-ci maddəsinə əsasən müavinətlər tam məbləğdə ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində də analoji tənzimləmə müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “bu qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarında pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur”. Banklar və digər kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmin edilməsi isə həmin Qanunun 5-ci maddəsi ilə müəyyən edilmişdir. Belə ki, qeyd olunan maddəyə uyğun olaraq, bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. Borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir, yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun İnzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur. X5 “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Onun pensiyasının məbləği 233.20 manat təşkil edir və ödəniş "xxxx" ASC vasitəsi ilə həyata keçirilir. Əlavə olaraq bildirilir ki, yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq işçilərin əmək haqqından tutulmalar və İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinə uyğun olaraq pensiyaçının əmək pensiyasından inzibati cərimənin tutulması barədə Fonda təqdim olunan icra sənədləri icra olunur. Məlumat üçün bildirilir ki, yeni icra sərəncamları ilə bağlı tələbin borclunun əmək pensiyasına və sosial müavinətinə yönəldilməsi kimi məcburi icra tədbirləri barədə müraciətlərin Fondun struktur bölmələrinə göndərilməsinin dayandırılmasına dair Dövlət Sosial Müdafiə X13 sədri tərəfindən Ədliyyə Nazirliyi İcra baş idarəsinə 03 aprel 2021-ci il tarixli **********8 nömrəli məktub ünvanlanmışdır. Belə ki, artıq Ədliyyə Nazirliyinin yerli icra qurumları tərəfindən borclu vətəndaşların əmək pensiyası və sosial müavinətlərindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə hər ay tutulmalar aparılır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Cavabdeh orqanın 13.09.2021-ci il tarixli, **********1 nömrəli etirazında bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı tələbkar qismində çıxış edərək müxtəlif vaxtlarda pensiyaçılar X9 və X7 qarşı Tovuz rayon və Binəqədi rayon məhkəmələrinin pul tələbinə dair iddiası təmin olunmuşdur. Təmin olunmuş iddia məbləğlərinin icra edilməsi ilə əlaqədar olaraq iddiaçı К.В.Səfərov 26.05.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyi və Nazirlik tərəfindən həmin müraciətə cavab verilmədiyi bildirilmişdir. Qeyd olunan müraciətə cavab verilibverilmədiyinin aydınlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 02.09.2021-ci il tarixli, **********0 nömrəli xidməti məktubla müraciət edilmişdir. Qeyd olunan xidməti məktuba cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 07.09.2021-ci il tarixli, **********2 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna Bakı İnzibati Məhkəməsindən daxil olmuş 06 avqust 2021-ci il tarixli, 2-1(112)-7681/2021 nömrəli İddiaçı 26.05.2021-ci il tarixli müraciətlərinin cavablandırılması tərəflərindən araşdırılmışdır. Bildirilir ki, vətəndaş İddiaçı tərəfindən 2021-ci ildə Nazirliyə müraciət daxil olmamış, o cümlədən “Sənəd dövriyyəsi” altsistemində müraciət aşkar edilməmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq mərkəzi tərəfindən 19.08.2021-ci il tarixli, **********5 nömrəli xidməti məktubla bildirilmişdir ki, İddiaçı 26.05.2021-ci il tarixli müraciəti Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filiala daxil olmamışdır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 direktoru Y.Məmmədova ünvanlanmış 26.05.2021-ci il tarixli ərizədə bildirilmişdir ki, 21 sentyabr 2020-ci il tarixli 17/68 № 137042-4 saylı Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş 2(001)-2754/2008 saylı 28.08.2020-ci il tarixli icra sənədinə əsasən və Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən fevral ayında X4 pensiyasından tutulub İddiaçı verilməsi barədə sənəd göndərilmişdir. Dəfələrlə şifahi müraciət etməyinə baxmayaraq bu günə kimi həmin orqan tərəfindən heç bir tədbir görülməmişdir. Xahiş edir ki, səbəbləri barəsində ona rəsmi məlumat verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 29.01.2021-ci il tarixli, **********5 nömrəli müraciətə cavab məktubunda bildirilmişdir ki, sizin 18.12.2020-ci il tarixli **********.21561 nömrəli müraciətinizə baxılmışdır. Muraciətinizə cavab olaraq bildirilir ki, X3 əmək pensiyasından tutulma aparılmır. X4 əmək pensiyasından 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə ümumilikdə 344.40 manat məbləğində tutulmuş vəsaitdən 156.10 manat İcra və Probasiya üzrə xidmət haqqı (7%) məbləği çıxıldıqdan sonra 188.30 manat məbləğində vəsait 2021-ci ilin yanvar ayında sizin bank hesabınıza köçürülmüşdür. Həmin məktub SS704760743AZ saylı S/M koduna əsasən İddiaçı 08.02.2021-ci il tarixdə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı 19.08.2021-ci il tarixli, **********5 nömrəli xidməti məktubda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “müraciətə cavab verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7681/2021 saylı inzibati işi üzrə sorğu daxil olmuşdur. Belə ki, sorğuda İddiaçı 26.05.2021-ci il tarixli müraciətinə tərəfimizdən cavab verilib-verilməməsi barədə ətraflı məlumatın 10 gün müddətində məhkəməyə təqdim edilməsi bildirilmişdir. Bildirilir ki, vətəndaşın 26.05.2021-ci il tarixli müraciəti Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filiala daxil olmamışdır. Bundan əlavə olaraq, iddiaçının 18.12.2020-ci il tarixli **********.21561 nömrəli müraciəti tərəfimizdən 29.01.2021-ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmışdır. 29.01.2021-ci il tarixli **********5 nömrəli məktubun surəti, poçt identifikatoru və AZ1010/********** nömrəli bildiriş qoşmaya əlavə olunur. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı 07.09.2021-ci il tarixli, **********2 nömrəli xidməti məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna Bakı İnzibati Məhkəməsindən daxil olmuş 06 avqust 2021-ci il tarixli, 2-1(112)-7681/2021 nömrəli İddiaçı 26.05.2021-ci il tarixli müraciətlərinin cavablandırılması tərəfimizdən araşdırılmışdır. Bildirilir ki, vətəndaş İddiaçı tərəfindən 2021ci ildə Nazirliyə müraciət daxil olmamış, o cümlədən “Sənəd dövriyyəsi” altsistemində müraciət aşkar edilməmişdir. 2020-ci ildə isə əmək pensiyasının düzgün hesablanması ilə bağlı 2 ədəd 09.09.2020-ci il tarixli **********9 nömrəli və 18.12.2020-ci il tarixli **********7 nömrəli müraciətləri Dövlət Sosial Müdafiə X11 və Mühasibatlıq İdarəsi və 20 saylı regional ərazi filialı tərəfindən cavablandırılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: -3.0.2-ci maddəsinə görə müraciət - müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. -3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt - fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatlarıdır. -6.1-ci maddəsinə əsasən vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. -6.2-ci maddəsinə əsasən yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. -7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. -7.2-ci maddəsinə görə vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. İş materiallarından görünür ki, iddiaçı icra sənədlərinə əsasən borcluların pensiyasından tutulmaların aparılaraq ödənilməsi ilə bağlı tədbirlərin görülməmə səbəbləri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 direktoru Y.Məmmədova ünvanladığı ərizəni iddia ərizəsinə əlavə etmiş və hazırkı məhkəmə icraatında həmin ərizəyə cavabdeh Filial tərəfindən cavab verilmədiyini iddia edərək sonuncunun üzərinə ərizəyə cavab verilməsi öhdəliyinin qoyulmasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati orqanın müraciətə cavab verməsini sübut etmək vəzifəsinə qarşılıq, müraciət edən şəxsin də inzibati orqana rəsmi (yazılı) müraciət etməsini sübut etmək vəzifəsi vardır. Qanun fiziki və hüquqi şəxslərin müraciətlərini bilavasitə müraciətlərində qeyd edilən məsələyə dair səlahiyyətli olan subyektlərə, qurumlara müraciət etmək və həmin məsələyə dair cavab verməli olan qurumdan müvafiq cavab verilməsini tələb etmək hüququnu nəzərdə tutur. Hazırkı iddiaçı iddia ərizəsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 direktoru Y.Məmmədova ünvanladığı ərizəni əlavə etsə də həmin ərizənin bilavasitə cavab verməli olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 göndərilməsini təsdiq edən sənədi (poçt qəbzi, daxil olma ştamplı nüsxə və s.) əlavə etməmişdir. Eyni zamanda məhkəmə araşdırması gedişində də iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 həmin ərizə ilə müraciət etməsi öz təsdiqini tapmamışdır. İddiaçının yalnız 18.12.2020-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 ünvanladığı ərizəyə Filial tərəfindən 29.01.2021-ci il tarixli cavab məktubu poçt vasitəsilə təqdim edilmişdir. Eyni zamanda iddiaçının ərizəyə əlavə etdiyi poçt qəbzi cavabdeh səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanmış poçt qəbzi olmuş, məhkəmə araşdırması ilə həmin poçt göndərişi ilə göndərildiyi iddia edilən ərizənin cavabdeh səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına daxil olduğu müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərar, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Beləliklə, hazırkı halda iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etməsi və cavabdehin həmin ərizəyə cavab verməməklə hərəkətsizlik göstərməsi, bununla da cavabdeh tərəfindən iddiaçının hüquq və qanunla qorunan mənafelərinin pozulduğu sübuta yetirilmədiyindən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar