Məhkəmə qərarları › İş №2-1(112)-7681/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7681/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7681/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin “D” tikiliyə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evi iddiaçı və digər şəxslərin paylı mülkiyyətindədir. İddiaçı ilkin olaraq fərdi yaşayış evinin ona aid hissəsi ilə bağlı həmin hissənin naturada ayrılması barədə mülki məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə iddia onun xeyrinə nəticələnmişdir. İddiaçı hazırda yaşayış sahəsinin ona aid hissəsinə mülkyyət hüquqlarının qeydə alınmasını və ayrıca cıxarışın verilməsini arzulayır. İddiaçı bu tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh heç bir hüquqi əsas olmadan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, təqdim edilmiş texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında konfiqurasiya və sahə fərqi mövcuddur. Fərdi yaşayış evi paylı mülkiyyətdə olduğu üçün digər payçılar ilə notarial qaydada razılaşdırılmış bölgü sxemi təqdim edilməmişdir. Bundan əlavə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 136/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İdarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX0138707 seriyalı nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşə fərdi yaşayış evinin ½ hissəsi X1, digər ½ hissəsi isə X4 (Q tikilisi), X6 (A tikilisi), İddiaçı (D tikilisi) paylı mülkiyyətində olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX1095805 seriyalı nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşə fərdi yaşayış evinin 1/6 hissəsi İddiaçı, 1/6 hissəsi X4, digər 4/6 hissəsi isə X2 paylı mülkiyyətində olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ona aid hissəsində mülkiyyət hüquqlarının ayrıca qeydiyyata alınması və çıxarışın verilməsini xahiş edir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün üç əsasa istinad etmişdir:

1. Torpaq sahəsinə münasibətdə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi;

2. Texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında konfiqurasiya və sahə fərqinin mövcud olması;

3. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-136/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İdarənin üzərinə heç bir öhdəlik qoyulmamasıdır. Məhkəmə işin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun 2.1-ci bənddə qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir. Normanın məzmununa görə daşınmaz əmlak ümümi birgə mülkiyyətdə olduqda hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq, hər birq hüquq sahibinin payı dövlət reyestrindən çıxarışda göstərilir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi yaşayış sahəsinin ona aid olan hissəsinə mülkiyyət hüquqları qeydiyyata alınmış və digər payçıların adları göstərilməklə ona çıxarış verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını digər payçıların adı olmadan ayrıca çıxarışın verilməsi ilə gerçəkləşdirmək istəyir. Cavabdehin qənaətinə görə isə texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında konfiqurasiya və sahə fərqi mövcud olduğundan, fərdi yaşayış evinin paylı mülkiyyətdə olduğu üçün digər payçılar ilə notarial qaydada razılaşdırılmış bölgü sxemi təqdim edilmədiyindən, iddiaçının müraciətinin təmin edilməsi mümkün deyildir. Məhkəmə diqqətə çatdırır ki, hazırki mübahisənin həlli məqsədi ilə ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinə münasibətdə bölgü sxemi və ya məhkəmə qərarı olmadan ayrıca çıxarışın verilməsinin qanunvericiliyinin tələblərinə uyğun olub-olmamadığı müəyyən edilməlidir. Bu hissədə isə Məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına istinad edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. Ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi əmlaka (əşyaya) sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ mülkiyyətçinin davranış imkanlarının hüquqi təminatını əks etdirir. Ümumi mülkiyyət hüququnun səciyyəvi xüsusiyyətlərindən biri burada subyektlərin bir nəfərdən artıq olmasıdır. Bu subyektlər ümumi mülkiyyət hüququnun iştirakçılarıdırlar ki, onlar ümumi mülkiyyətçilər ayılırlar. Qeyd olunmalıdır ki, qanunvericilik paylı ümumi mülkiyyətdə olan əşyanın bölünməsini və ondan payın ayrılmasını nəzərdə tutur. Doğrudur ki, vahid məhkəmə təcrübəsində ümumi paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu tərəflərin razılığı əsasında, belə razılıq əldə olunmadığı təqdirdə isə məhkəmə qərarı əsasında həyata keçirilir. Bir çox paylı mülkiyyətdə olan əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı mübahisələrdə payçıların razılıqları ilə tərtib olunmuş bölgü sxeminin və ya payın ayrılması ilə bağlı məhkəmə qərarının mövcudluğu əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçının mülkiyyət hüquqlarının ayrıca çıxarış ilə gərcəklişdirmək istədiyi yaşayış sahəsinə münasibətdə məhkəmə qətnaməsi mövcud olduğundan, digər payçılar ilə notarial qaydada razılaşdırılmış bölgü sxeminin verilməsinə ehtiyac yoxdur. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh X4 və X5 qarşı payın naturada bölünməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin “D” tikilisinin İddiaçı naturada ayrılması qət edilmişdir. Göründüyü kimi mülki məhkəmə qətnaməsi ilə paylı mülkiyyətdə olan fərdi yaşayış evinin iddiaçıya aid hissəsi naturada ayrılmışdır. Buna baxmayaraq, cavabdeh digər payçıların notarial qaydada təsdiq edilmiş ərizələrin təqdim edilməsini zəruri olduğunu, həmin ərizələrin təqdim edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, qanunvericilik ümumi paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu tərəflərin razılığı əsasında, belə razılıq əldə olunmadığı təqdirdə isə məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi məhkəmə qərarının mövcudluğu özü özlüyündə ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi üçün əsasdır. Belə olan halda Məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin iddiaçıya aid hissəsinin naturada ayrılmasını təsdiq edən məhkəmə qətnaməsinin mövcudluğu cavabdehin imtina əsası kimi qeyd etdiyi sənədin, yəni digər payçılar ilə notarial qaydada razılaşdırılmış bölgü sxeminin zəruriliyini istisna edir. Odur ki, cavabdehin imtinasının birinci əsası formal xarakter daşıyır. Cavabdehin imtinasının ikinci hissəsi onunla bağlıdır ki, təqdim edilmiş texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında konfiqurasiya və sahə fərqi mövcuddur. Məhkəmə qeyd edir ki, cavabdehin imtina əsası həmin hissədə də əsassızdır. Belə ki, təqdim olunmuş müayinə aktından görünür ki, cavabdeh təqdim edilmiş texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında konfiqurasiya və sahə fərqinin mövcud olmasına istinad etsə də, bu fərqin nədən ibarət olduğunu əsaslandırmamışdır. Digər tərəfdən isə qeyd olunmalıdır ki, iddiaçının payın naturada bölünməsi ilə bağlı tələbinə mülki məhkəmə tərəfindən baxılarkən müvafiq olaraq tikintitexniki ekspertiza keçirilmişdir ki, məhkəmə qətnaməsində də birinci instansiya məhkəməsi həmin ekspert rəyinə istinad etmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən 22 nömrəli ünvanda “D” literli fərdi yaşayış evinin planlı yerləşməsi, faktiki vəziyyətdə digər tikililərdən təcrid şəkildə ayrı olması, yaşayış və yardımçı tikililərdən ibarət olması, ayrıcı giriş-çıxışın olması, həmin fərdi yaşayış evinin faktiki vəziyyətdə mövcud sərhəd hasarı ilə təcrid şəkildə ayrılmasının “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü varianlarının işlənib hazırlanması”metodikasında göstərilənlərə və “İnşaat norma və Qaydaları”nın 2.08.01.89 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki baxımından mümkündür. Göründüyü kimi ekspert rəyindən də göründüyü kimi paylı mülkiyyədə olan fərdi yaşayış evinin iddiaçıya aid olan hissəsinin giriş-çıxışı ayrı olduğundan, həmçinin tikilinin digər tikililərdən təcrid şəkildə ayrı olması sübut olduğundan, o cümlədən cavabdehin istinad etdiyi fərqin olması, bu fərqin nədən ibarət olması müəyyən edilmədiyindən, cavabdehin imtina əsası kimi istinad etdiyi 2 halda əsassız olmuşdur. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi üçüncü hala münasibətdə qeyd edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-136/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəliyin qoyulmaması imtina əsası kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunmalıdır ki, İddiaçı cavabdeh X4 və X5 qarşı payın naturada bölünməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi həmin iş üzrə tərəf olmamışdır. Cavabdeh inzibati orqan isə həmin iş üzrə tərəf olmadığından, məhkəmə qətnaməsi ilə onun üzərinə hər hansı öhdəliyin qoyulması da mümkün deyil. Məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi həmin dəlil, yəni məhkəmə qətnaməsi ilə onun üzərinə öhdəliyin qoyulmaması iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, hazırki mərhələdə mübahisəli əmlaka dair ayrıca çıxarışın verilməsinə maneə yaranmadığından, həmçinin hər hansı fiziki şəxsin hüququnun pozulmasına ehtimal olmadığından, iddianın təmin edilməsini istisna edən faktiki hallar mövcud olmamışdır. İddiaçı sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı hesab olunduğundan, iddia təmin olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin “D” tikilinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmini tikiliyə dair ayrıca çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar