Məhkəmə qərarları › İş №2-1(112)-7681/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7681/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7681/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi Ganieva Zinaranın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı “təqdimatın qanunsuz hesab edilməsi və ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə barəsində cinayət işinin başlanması haqqında əsassız qəbul etdiyi və Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərdiyi inzibati akt olan xx.xx.2024-cü il tarixli təqdimatın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 yetkinlik yaşına çatmamış övladlarının saxlanılmasından ötrü, hər uşağa 154 manat olmaqla, ümumi 308 manat ödənilməsinə dair cavabdeh olduğum qanuni qüvvəyə minmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 saylı qətnaməsi tərəfindən icra edildiyi, yəni məhkəmənin müəyyən etdiyi 308 manat və bundan əlavə yaranmış borcdan da, hər ay 200 manat, ümumillikdə hər ay 508 manat vəsaitlərin iddiaçıya tərəfindən ödənildiyi halda, cavabdeh aliment üzrə yaranmış həmin borcun hamısının birdəfəlik ödənilməsini tələb etmişdir. İddiaçının faktiki imkanları olmadığı səbəbindən alimenti ödəmədiyinə görə cavabdeh həmin məhkəmənin qərarının guya tərəfindən icra olunmadığını göstərmişdir. Bu səbəbdən cavabdeh heç bir əsas olmadan “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə istinad edib, əvvəla xx.xx.2024-cü il tarixdə iddiaçıya xəbərdarlıq etmiş və bundan sonra xx.xx.2024-cü il tarixdə törətmədiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlamaq üçün Ədlyyə Nazirliyinin İstintaq İdarəsinə qanunsuz təqdimat göndərmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona qarşı qəbul edilmiş təqdimat qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etdi və onunla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçı onun oğludur. O, alimenti hər ay ödəyir. Lakin, qalan borc tam şəkildə tələb edilir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın mümkün hesab edilməsini və mahiyyəti üzrə baxılaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. “İcra haqqında” Qanunda göstərilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir (87.1.). İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır (87.3.). Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir (82.1.). İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir (82.3.). İş materialları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/18 nömrəli, xx.xx.2018- ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən borclu Pholadov (Poladov) Zokhrab (Zöhrab) Ədalət oğlundan xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş və zəruri icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün bildiriş borclu İddiaçı icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətində icra sənədində olan tələb könüllü olaraq tərəfindən təmin edilməmişdir. Borclu İddiaçı xx.xx.2024-cü il tarixdə Qaradağ rayon icra şöbəsinə dəvət edilərək qanunvericiliyin tələbləri ona izah edilmişdir. Buna baxmayaraq Z. Poladov dəfələrlə edilmiş xəbərdarlıqlardan , inzibati məsuliyyətə cəlb edilməsindən, barəsində görülən digər məcburi tədbirlərdən müsbət nəticə çıxarmadığına görə Bakı şəhəri Qaradağ rayonu İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə 04.12. 2024-cü il tarixli təqdimat göndərilmişdir. Məhkəmə qeyd edir ki, icra sənədinin qərəzli olaraq icra edilməməsinə görə icra məmuru tərəfindən borclunun cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimatı inzibati akt deyildir. Belə ki, həmin təqdimat icra sənədinin icrası çərçivəsində icra məmurunun həyata keçirdiyi tədbirlərə aiddir və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz. Belə ki, borclu həmin təqdimat əsasında müvafiq istintaq orqanı tərəfindən aparılmış araşdırmada iştirak edə və həmin məsələ ilə bağlı etirazlarını həmin orqan qarşısında irəli sürə bilər. Həmin təqdimat əsasında istintaq orqanı tərəfindən cinayət işi başlanarsa, borclu həmin qərarı Cinayət Prosessual Qanunvericiliyin tələbləri baxımından məhkəmədə mübahisələndirə bilər. İddiaçının hazırkı tələbinə isə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı “təqdimatın qanunsuz hesab edilməsi və ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar