Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7682/2022 22.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qaradağ rayon İcra Hakimiyyətinin üzərinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massiv 5-ci küçə ünvanında yerləşən 1117 saylı 07.12.2000-ci il tarixli sərəncamla X7 verilmiş torpaq sahəsinə dair yerləşmə sxemini, kordinat nöqtələrinin müəyyənləşməsini özündə əks etdirən sənədin verilməsinə dair öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan, Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 07.12.2000-ci il tarixli 1117 saylı sərəncamı ilə X7 fərdi ev tikmək üçün Bakı şəhəri Lökbatan qəsəbəsi 1-ci massiv 5-ci küçə ünvanında 600 kv metr torpaq sahəsi vermişdir. Həmin torpaq sahəsi daş hasara almaqla iki ayrı-ayrı sahələrə bölərək notarial etibarnamə (15.12.2080-ci ilədək) əsasında yalnız 300 kv metrinə dair alqı-satqı, özəlləşdirmə forma 1 və forma 2 saylı arayışları almağı, sənədləri təhvil verib almağı, eyni zamanda onun əvəzindən lazım olan bütün sənədləri imzalamağı, sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipotekaya qoymaq, pulun almaq, buna dair müqavilə imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından imza etmək və digər hərəkətləri etməyi X3 etibar etmişdir. Sonradan həmin etibarnamə üzrə səlahiyyətlər tam şəkildə 8 saylı Bakı şəhər dövlət Notariusu tərəfindən 17.02.2022-ci il tarixli AR İİ №596607 nömrəli etibarnaməyə əsasən ona ötürülmüşdür. Həmin etibarnamə əsasında o, cavabdeh orqana rəsmi ərizə ilə müraciət edərək, mövcud sərəncam əsasında verilmiş torpaq sahəsinin yerləşmə sxeminin cızılaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh orqan özünün H-47-091 saylı 11.03.2022-ci il tarixli məktubu ilə müracətini icra etməkdən imtina etməsini bildirmişdir. İmtinasının əsası kimi torpaq sahəsinin hasara alınmaması, digər hissə ilə birləşdirilməsi kimi imperativ göstərişlər qismində şərt kimi qoyur. Notarial etibarnamə əsasında təmsil etdiyi şəxs X5 12 ildən çoxdur ki, həmin torpaq sahəsində (300 kv.metr) tikilmiş fərdi evdə yaşayır. Bu fakt Qaradağ RPİ-nin 25.06.2021-ci il tarixli 096-11347 saylı rəyindən də aşkar görünməkdədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 14527067 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 03.09.1963-cü il təvəllüdlü X13 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 07 dekabr 2000-ci il tarixli 1117 №-li sərəncamının surətindən müəyyən olunur ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 27.01.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq aşağıdakılara dair sərəncam verilmişdir: X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600,0 kv.m torpaq sahəsi ayrılsın. Yaşayış evinin tikintisi fərdi və yaxud bir tipli layihə əsasında aparılsın Vətəndaşa tapşırılsın kı, fərdi yaşayış evinin tikintisi üçün rayon mənzil kommunal təsərrüfatı birliyi ilə müqavilə bağlansın. Fərdi yaşayış evinin tikintisinə nəzarət rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyinə və rayon polis idarəsinin 10-cu polis bölməsinə tapşırılsın. Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş 25.06.2021-ci il tarixli 069-11347 saylı rəyin surətindən müəyyən olunur ki, X2 Qaradağ rayon Polis idarəsinin inzibati binasnın ünvanı üzrə qeydiyyata alınması ilə əlaqədar müraciəti əsasında toplanmış materialı nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, ev 1, mənzil 26- dan qeydiyyatdan çıxarılmışdır. Onun hal-hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, küçə 5, ev 54 A-da yaşadığı sübuta yetirilmişdir. Bakı şəhəri 8 saylı notariat ofisində 17 fevral 2021-ci il tarixdə təsdiq olunmuş AR- İİ 596607 №li etibarnamənin surətindən müəyyən olunur ki, X9 (səlahiyyətləri ötürmüş şəxs X6 vasitəsilə) 07.12.2000-ci il tarixli 1117 №li sərəncama əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lök-Batan qəsəbəsi ərazisində yerləşən 600,0 kv. metr torpaq sahəsindən yalnız 300 kv. metr torpaq sahəsinin alqı-satqısına, özəlləşməsinə forma №1 və forma №2 almağa və sənədləri təhvil verib, almağa, eyni zamanda onun əvəzindən lazım olan sənədlərə imza etməyi, sərəncam verməyi, satmağı, bağışlamağı və s. səlahiyyətləri 15.12.2080-ci ilədək İddiaçı etibar etmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 11.03.2022-ci il tarixli M-47-091 saylı məktubunda qeyd olunmuşdur ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 07.12.2000-ci il tarixli, 1117 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün X1 Lökbatan qəsəbəsində 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Vətəndaş V.L.İsmayılova ayrılmış 600 kv. metr torpaq sahəsinin yalnız 300 kv. metr sahəsi etibarnamə əsasında vətəndaş X4, daha sonra Bakı şəhəri 8 saylı dövlət notariusunda təsdiq edilmiş 17.02.2022-ci il tarixli, AR- İİ№ 596607 nömrəli etibarnaməyə əsasən ona etibar edilmişdir. Etibarnamə əsasında ona verilmiş torpaq sahəsinin yerini, koordinatların müəyyənləşdirilməsi məqsədi ilə müraciətdə qeyd edilən torpaq sahələri birləşdirildikdən, hasara alındıqdan sonra sərəncamda qeyd edilən 600 kv. metr torpaq sahəsinə yerləşmə cizgisi veriləcəkdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıa dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, iddiaçı Qaradağ rayon İcra Hakimiyyətinin üzərinə yerləşmə sxemini, kordinat nöqtələrinin müəyyənləşməsini özündə əks etdirən sənədin verilməsi öhdəliyinin qoyulmasını tələb etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massiv 5-ci küçə ünvanında yerləşən 1117 saylı 07.12.2000-ci il tarixli sərəncamla X7 verilmiş torpaq sahəsinə dair hüquqlarını təsdiqləyəcək heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Bakı şəhəri 8 saylı notariat ofisində 17 fevral 2021-ci il tarixdə təsdiq olunmuş AR- İİ 596607 №li etibarnaməyə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan etibarnamə X9 tərəfindən İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq orqanlarda öz adından deyil onun adından müəyyən hərəkətlərin aparılması üçün verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7682/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7682/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver