Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7682/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyatın bərpa edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “özü və iki övladının deaktiv edilmiş şəxsiyyət vəsiqələrinin bərpa edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Şəxsiyyət vəsiqəsinin təsviri" - nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı:
1. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur.
2. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında " Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Şəxsiyyət vəsiqəsinin təsviri”ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Cavabdeh tərəfindən bildirilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən qeydiyyata əsas verən sənədlərdən birini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi) və ya yaşayış sahəsi verən şəxsin ərizəsini digər zəruri sənədlərlə istənilən “ASAN xidmət” mərkəzindəki regional qrupa təqdim etməklə yeni yaşayış yeri üzrə qeydiyyata alına bilər. Yaşadığı ev müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunauyğun qaydada sənədləşdirildikdən sonra həmin evə qeydiyyata alınmaq məsələsinə baxılacaqdır. Məgər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Kürdəxanı qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyinin arayışı, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin əmlak və torpaq vergisinin tədiyə bildirişi, su təchizatı bildirişi, qaz təchizatı bildirişi, işıq təchizatı bildirişi, ünvan üzrə adına qeyd olunmağı yaşayış yerini məlum etmir? Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçının ərizəsi əsasında iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı, X3, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18/2-R-7071 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən qeydiyyata əsas verən sənədlərdən birini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi) və ya yaşayış sahəsi verən şəxsin ərizəsini digər zəruri sənədlərlə istənilən “ASAN xidmət” mərkəzindəki regional qrupa təqdim etməklə yeni yaşayış yeri üzrə qeydiyyata alına bilər. Odur ki, yaşadığı ev müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunauyğun qaydada sənədləşdirildikdən sonra həmin evə qeydiyyata alınmaq məsələsinə baxılacaqdır. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Azərbaycan Respublikası Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 5-18-4/2-143- 2023 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı 4 nəfər ailə tərkibi ilə (arvadı – X5, oğlu – X3, qızı – X6 və qızı – X4) Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsi, 5, döngə 1 ünvanında qeydiyyatsız yaşayır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-49/2-20951/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin G40-001-21 saylı xx.xx.2021-ci il tarixli sərəncamına əsasən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmışdır. AZ-İ seriyalı, 597987 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X7 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar. AZ-İİİ seriyalı, 210118 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X2r. AZ-İİİ seriyalı, 210118 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X2r. IV. Məhkəmənin mövqeyi Belə ki, İddiaçı və onun azyaşlı övladları X3, X6 bir ailənin üzvləridirlər, onlar Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin inzibati binası (Sabunçu rayonu, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşlar və cavabdeh tərəfindən qeydiyyatdan çıxarılmışlar. Hazırda İddiaçı və onun azyaşlı övladları X3, X1 ünvan 3 ünvanında tikilmiş özbaşına tikilidə yaşamaları həm iddiaçı, həm də cavabdeh tərəfindən işin mübahisələndirilməyən halıdır. İddiaçının təqdim etdiyi çoxsaylı kommunal xidmət haqları barədə bildirişlərdə də onun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Dadaş Vasif küçəsində yaşamasını təsdiq edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh qurum iddiaçının polisin inzibati binasına qeydə alınma müraciətinə cavab olaraq göstərilən ünvana qeydə alınmasının qanunamüvafiq olmadığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Sabunçu rayonunun inzibati ərazisində yerləşən evdə qeydiyyatsız yaşayır. Həmin evin hüquqmüəyyənedici sənədləri yoxdur. Belə olan halda o Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının və onun azyaşlı övladlarının uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı, X3, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova