Məhkəmə qərarları › İş №2-1(112)-7683/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7683/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7683/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Binəqədi rayonu, Göradil qəsəbəsi, bağ massivində yerləşən torpaq sahəsinin (400 kv.m) iddiaçının xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Prezdentinin müvafiq fərmanları əsasında iddiaçı ilə Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin 456 saylı, 06 may 2006-cı il tarixli Binəqədi rayon Goradil qəsəbəsində yerləşən bağ massivindəki torpağın icarəyə verilirəsi haqqında olan müqavilənin, həmçinin istifadədə olan 400 kv.m. torpaq sahəsinin Situasiya Planını və işə əlavə olunmuş digər rəsmi sənədləri əsaslı sayaraq daşınmaz əmlakın və onun aid olduğu 400 kv.m torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeudiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05.04.2021-ci il tarixdə cavabdehə rəsmi müraciət edərək Binəqədi rayon Bələdiyyəsi ilə aralarında olan 06 may 2006-cı il tarixli 456 saylı müqavilə əsasında Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən bağ massivində 400.kv.m. torpaq sahəsinin icarə müqaviləsi əsasında iddiaçıya verilən və hal-hazırda ailəsi ilə birlikdə yaşadığı həmin qeyd olunan torpağın üzərində yerləşən evin üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə rəsmi müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X2 ləğv edilməsi ilə əlaqədar olaraq, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə verilməsini əsas götürərək iddiaçının mülkiyyət hüquqları təmin edilməsini icra olunmamışdır. İddiaçının Binəqədi rayon Binəqədi Bələdiyyəsinin qərarı əsasında onunla X1 rayon Goradil qəsəbəsində yerləşən bağ massivində 400 kv.m. torpaq sahəsinin ona icarəyə verilməsi haqqında 456 saylı 16 may 2006-cı ıl rəsmi müqaviləsi mövcuddur. Eyni zamanda həmin müqavilə əsasında Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan Goradil qəsəbəsinin bağ massivində 400 kv.m. torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiqləyən torpağın situasiya planı da mövcuddur, bu da həmin torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın texniki pasportu kimi qiymətləndirilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə dair еtirаzında bildirilmişdir ki, İddiaçı onunla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi arasında bağlanan 456 saylı 06 may 2006-cı il tarixli Binəqədi rayon Goradil qəsəbəsində yerləşən torpağın icarəyə verilməsi haqqında olan müqavilənin, həmçinin istifadəsində olan torpaq sahəsinin (400 kv.m) Situasiya planını və işə əlavə olunmuş digər rəsmi sənədləri əsaslı sayaraq, daşınmaz əmlakın və onun aid olduğu torpaq sahəsinin (400 kv.m) xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Qeyd olunan bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Həmçinin, həmin torpaq sahəsinin icarəyə verilməsi barədə bələdiyyənin qərarı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə olunmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Yeganlı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İddia tələbini təsdiq edən sübut qismində iddiaçı şəxsiyyət vəsiqəsinin surətini, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 456 saylı, 06 may 2006-cı il tarixli müqaviləsini, torpaq sahəsinin planı, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 16 iyun 2021-ci il tarixli arayışını, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubunu məhkəməyə təqdim etmişdir. Məhkəmə iddianı aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). İddiaçı onun ilə Binəqədi rayon Binəqədi bələdiyyəsi arasında bağlanılmış 456 saylı, 06may 2006-ci il tarixli icarə müqaviləsinə əsasən Binəqədi rayon Göradil qəsəbəsində yerləşən bağ massivindəki 400 kv.m torpaq sahəsinə və onun üzərində inşa edilmiş evə xüsusi mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmasını tələb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Mülki Məcəllənin 152-ci maddəsində göstərilmişdir:” 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.” İş materiallarından göründüyü kimi, iddiaçının hal-hazırda üzərində mülkiyyət huququnun dövlət qeydiyyatına alınmasını istədiyi torpaq sahəsi ona “Binəqədi rayonu Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında “ 456 nömrəli, 06 may 2006-ci il tarixli müqavilə əsasında ayrılmışdır. Yəni iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətinə deyil, 50 il müddətinə icarəyə verilmişdir. İddiaçı sözügedən torpağa yalnız istifadə hüququna malikdir. Bundan başqa iddiaçı ilə bələdiyyə arasında bağlanılmış icarə müqaviləsində torpağın ayrılmasına dair bələdiyyənin inzibati aktına (qərarına) istinad edilməmiş, inzibati aktın(qərarın) mövcud olması barədə məlumat verilməmişdir. Belə olan halda mübahisəli torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınması barədə tələbinin hüquqi əsası yoxdur. Belə ki, Mülki Məcəllənin 139-1.1. –ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;.. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İşin faktiki hallarına əsasən iddiaçının üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi 400 kv.m torpaq sahəsinə və onun üzərində olan tikiliyə dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın və onun aid olduğu 400 kv.m torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,34,68,69, 85, 100-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın və onun aid olduğu 400 kv.m torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar