Məhkəmə qərarları › İş №2-1(112)-7685/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7685/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7685/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ərazisində keçmiş SSRİ pasportu əsasında 1990-cı il tarixindən etibarən Azərbaycan Respublikasında yaşamağını, heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı, habelə Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, X2 4 fevral 1964-cü ildə Tacikistan SSR-in Düşənbə şəhərində anadan olub, etnik azərbaycanlıdır. 1972-1982-ci illərdə Düşənbə şəhərinin dəmir yolu rayonunun 21 nömrəli orta məktəbinu bitirib. 1982-1987 Tacikistan Dövlət İncəsənət Universitetində oxuyub. 1986- cı ildə X1 ilə ailə qurub və 1990-cı ilin dekabrında həyat yoldaşı və iki qızı ilə daimi yaşamaq məqsədi ilə Azərbaycan Respublikasına gəlib. Əri və övladları Azərbaycan vətəndaşıdır. Azərbaycan Respublikasına 1990-cı ildən bu günə qədər Sovet İttifaqı dövründə ona verilmiş sənədlərlə yaşamışdır. İddiaçı Yusipovna Tacikistan SSR-də doğulub böyüyüb və təhsil almasına baxmayaraq, o, Sovet İttifaqının dağılmasından əvvəl, yəni müstəqil Tacikistan Respublikasının vətəndaşlığını qəbul etmədən, Azərbaycana köçmüşdü. Bunun təsdiqi kimi Tacikistan Respublikasının sənədini sübut kimi təqdim edə bilər. İddiaçı 1990-cı ildən Bakıya gələrək, o vaxtdan Azərbaycan Respublikası ərazisini heç vaxt tərk etməmiş, keçmiş SSRİ pasportu əsasında yaşamışdır.

3. Məhkəmə hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, hazırki iddia tələbi inzibati mübahisədir və iddiaya Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirdi. II. İddianın mümkünlüyü

4. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən, bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir.

7. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

8. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (yaşadığı yerin məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar