Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-769/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyə görə əlillik dərəcəsinin bərpa edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili X7 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə görə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 20 dekabr 2021-ci il tarixli **********9 №li qərarının ona aid hissədə ləğv olunmasını və xəstəliyə görə əlillik dərəcəsinin bərpa edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1989-1992-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində ali hərbi təhsil aldıqdan sonra 706 saylı briqadanın bölük komandiri vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlər zamanı xx.xx.1992-ci il tarixdə Laçın rayonunun ərazisində ağır yaralanmışdır. Hərbi hospitalda uzun müalicədən sonra hərbi həkim komissiyasının rəyinə əsasən müharibə dövründə xidmətə yararsız hesab edilərək xidməti arxa cəbhə hərbi hissələrində davam etdirmişdir. Bu müddət ərzində ağır kontuziyanın fəsadları mütəmadi özünü biruzə verdiyi üçün, dəfələrlə hospitalda müalicə kursları keçmişdir. Lakin bunlar lazımi nəticə vermədiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli qərarı ilə “ mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər və kəllədaxili təzyiqin kəskin dərəcədə artması ilə müşayiət olunan serebral araxnoiditlə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasının, baş beyin əzilməsinin qalıq əlamətləri. Sağ saidin yuxarı 1/3-nin odlu silah yaralanması nəticəsində sağ dirsək və orta sinirlərin zədələnməsinin hissi və hərəki pozulmalarla təzahür edən qalıq əlamətləri, sağ saidin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozu ilə Xəstəliklər Cədvəlinin 23b, 27c maddəsinin İİİ qrafasına və ƏTCnə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı Qərarı ilə təsdiq edilmiş ’’Hərbi- həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək, AR MN-nin xx.xx.2007-ci il tarixli əmrilə ordu sıralarından tərxis edilmişdir. xx.xx.2007-ci il tarixdə AR ƏƏSMN yanında Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə ona 2 qrup əlil statusu verilmiş və bunun əsasında əlilliyə ğörə pensiya təyin edilmişdir. 10 il müddətində hər il komissiyadan keçməklə bu status təsdiq edilmişdir. Artıq ömürlük 2-ci qrup əlil statusa malik olduğuna əmin olduğu halda, 2021-ci ilin iyun ayında əlilliyinin ləğv olunduğu və bunun nəticəsində pensiya təminatının dayandırıldığı barədə məlumat almışdır. Çoxsaylı şikayətlərə baxmayaraq, heç bir real müayinə keçirilmədən qərar dəyişdirilməmişdir. xx.xx.2022-ci il tarixdə o, bildirişi rəsmən almışdır. Hesab edir ki, Tibbi- Sosial Ekspert Komissiyasının imtinası əsassız və qanunsuz olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş İddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili X7 ayı-ayrılıqda izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddiaçı 2021-ci ilin iyun ayından əlilliyinin ləğv olunmasına istinad etməklə, cavabdeh inzibati orqanın 20 dekabr 2021-ci il tarixli **********9 №li qərarının ona aid hissədə ləğv olunmasını və xəstəliyə görə əlillik dərəcəsinin bərpa edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından da göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə 20 dekabr 2021-ci il tarixli **********9 №li qərar qəbul edilmişdir ki, iddiaçının əlilliyinin bərpa olunması üçün ilkin olaraq həmin qərarın ləğv olunması zəruri şərtdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddianın ilkin olaraq“mübahisələndirmə haqqında iddia” növünün, daha sonra isə “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı xx.xx.1972-ci il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1972-ci ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 10 oktyabr 2006-cı il tarixli 2305 №-li Xəstəlik haqqında şəhadətnamənin “Diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı” adlanan 12-ci bəndində qeyd olunmuşdur ki: - Mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər və kəllədaxili təzyiqin kəskin dərəcədə artması ilə müşaiyət olunan serebral araxnoiditlə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasının (09/2005), baş beyin əzilməsinin qalıq əlamətləri. - Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. - Sağ saidin 1/3-nin odlu silah yaralanması nəticəsində sağ dirsək və orta sinirlərin zədələnməsinin hissi və hərəki pozulmalarla təzahür edən qalıq əlamətləri sağ saidin funksiyasının cüzi dərəcədə pozulması ilə. - Hərbi travma, Hərbi xidmət vəzifələrini (Xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün göndərilmiş- 2749003AAEB1 saylı göndərişdə “X1: XİX sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 Başın... Diaqnozun mətni: Başın travmalarının nəticələri, Mikro ocaqlı üzvi nevroloji nişanələr. Kəllə daxili təziqin artması müşaiət olunan serebral araxnoiditin qalıq əlamətləri. Qapalı kəllə-beyin travması. Baş beynin sirkələnməsi qalıq əlamətləri. Sağ saidin yuxarı 1/3 odlu silah yaralanmasının nəticəsi, sağ dirsək və orta sinirinin zədələnməsi hissəsi və hərəkətin pozulmalar qeyd olunmuşdur. Komissiya tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi-Səbəb əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 20 dekabr 2021-ci il tarixli **********9 №li qərarından çıxarışdan görünür ki, Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (XFTN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 2305 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı steno- nevrotik təzahürlər və kəllədaxili təzyiqin kəskin dərəcədə artması ilə müşayiət olunan serebral araxnoiditlə nəticələnmiş keçirilimiş qapalı kəllə-beyin travmasının (09.2005), baş beyin əzilməsinin qalıq əlamətləri’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Saq saidin yuxarı 1/3-nin odlu silah yaralanması nəticəsində saq dirsək və orta sinirlərinin hissi və hərəki pozulmalarla təzahür edən qalıq əlamətləri, sağ saidin funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxarı ətrafların hərəkətləri sərbəstdir. Romberq vəziyyətində dayanıqlıdır. Nevroloji ocaqlı üzvi əlamətlər müəyyən edilməmişdir. Göndəriş əsassız rəsmilləşdirilmişdir (İTS). Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 313/2022 saylı (ekspertizanın başlanma tarixi 10 iyun 2022-ci il, başa çatma tarixi 20 iyul 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, Vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0170003AAEXU saylı göndərişdə şəxsin səhhətini əks etdirən “başın travmalarının nəticələri, mikro ocaqlı üzvi nevroloji nişanələr, kəllədaxili təzyiqin artması müşayiət olunan serebal araxnoiditin qalıq əlamətləri, qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi qalıq əlamətləri, sağ saidin yuxarı 1/3-nin odlu silah yaralanmasının nəticəsi, sağ dirsək və orta sinirinin zədələnməsi hissi və hərəki pozulmalar” diaqnozu şəxsin stasionarlarda müayinə və müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin meyarlarına aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş **********0 №-li, xx.xx.2022-ci il tarixli arayışda İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial Ödənişlər” alt sisteminə əsasən İİ (ikinci) qrup müharibə əlilliyinə görə xx.xx.2008ci il tarixdən xx.xx.2021-ci il tarixədək Prezident təqaüdü ödənildiyi qeyd olunmuşdur. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X6 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə də cavabdeh inzibati orqan tərəfindən müəyyən olunmuş nəticə bir daha təsdiqlənmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-769/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-769/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver