Məhkəmə qərarları › İş №2-1(112)-7694/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7694/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7694/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçılar İddiaçı1, X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 sentyabr 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Seriya ÖM № 213562 qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, K.Səfərəliyev küçəsi 19A saylı evin 17,9 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 2 saylı mənzili İddiaçı1, X1 paylı mülkiyyətindədir. xx.xx.2000-ci il tarixdə tərtib olunmuş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 1 otaqlı olmaqla, mənzilin yaşayış sahəsi 16,9 kv.m, ümumi sahəsi isə 30,0 kv.m, köməkçi sahəsi təşkil edir. İddiaçılar İddiaçı1, X4 (bundan sonra – iddiaçılar) Cavabdehnə (bundan sonra – cavabdeh) müraciət edərək Nəsimi rayonu, K.Səfərəliyev küçəsi, 19A saylı evin 2 saylı mənzilinin 17,9 kv.metr yaşayış sahəsinin qeyr-yaşayış sahəsinə keçirilməsini xahiş etmişlər. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “...sözügedən mənzilə dair texniki pasporta əsasən yaşayış sahəsi 17,9 kv.metr, ümumi sahəsi isə 30 kv.metrdən ibarətdir. Bununla bağlı ərizənizdə ümumi sahənin 30 kv.metr qeyd olunması məqsədəmüvafiqdir. Təqdim olunmuş mərtəbəlik planına əsasən pəncərə oyuğunun qapı oyuğuna əvəz olunmasına dair 18/04- 266 saylı, xx.xx.1997-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyəti Memartlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılması ilə bağlı məktub və Cavabdeh nəzdində X2 X6 Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qaldırdığınız məsələyə yenidən baxıla bilər”. İddia tələbi və onun əsaslandırması: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə Seriya ÖM, 213562 nömrəsi ilə qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, K.Səfəraliyev küçəsi, ev 19A, mənzil 2 olan 30,0 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında qərar verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə Seriya ÖM, 213562 nömrəsi ilə qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfəraliyev küçəsi ev 19A saylı evin, 17,9 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 2 saylı mənzil iddiaçıların paylı xüsusi mülkiyyətindədir. Yaşayış sahəsi 5 (beş) mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və Bakı şəhəri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsinə açılan mövcud pəncərinin qapı ilə əvəz edilməsi üçün tərtib edilmiş Eskiz Layihəsi Bakı şəhəri İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısı Aparatının xx.xx.2011-ci il tarixli, 136 nömrəli “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 05 nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında” Sərəncamının 4-cü bəndi aşağıdakı redaksiyada verilmişdir: “şəxsi mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə məxsus olan, binaların 1-ci mərtəbəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin və zirzəmilərdəki qeyri-yaşayış sahələrinin pəncərə oyuqlarının qapı və ya vitrinlə əvəz edilməsi layihələri Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra, rayon İcra Hakimiyyəti başçılarının sərəncamları əsasında həyata keçirilməlidir”. Bu Sərəncam normativ xarakterli aktdır və hazırda qüvvədədir. Tərəflərin iştirakı və izahatları: İddiaçılar iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə əməl etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarında göründüyü kimi, Bakı şəhəri, K.Səfərəliyev küçəsi 19A saylı evin 17,9 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 2 saylı mənzil iddiaçıların paylı mülkiyyətindədir. İddiaçıların hüquqi marağı həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə yönəlmişdir. Cavabdeh isə hesab edir ki, təqdim olunmuş mərtəbəlik planına əsasən pəncərə oyuğunun qapı oyuğuna əvəz olunmasına dair 18/04-266 saylı, xx.xx.1997-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyəti Memartlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılması ilə bağlı məktub və Cavabdeh nəzdində X2 X6 Rayon İcra Hakimiyyətinə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır, lakin iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi mərtəbəlilik planında mənzilin pəncərə oyuğunun qapı oyuğuna əvəz olunması Bakı Şəhər İcra Hakimiyyəti Memartlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılıq verilməsinə dair 18/04-266 saylı, xx.xx.1997-ci il tarixli qeyd mövcuddur. Həmin məktubun təkrarən həmin İdarə tərəfindən cavabdehə təqdim edilməsinə dair cavabdehin tələbinin hüquqi əsası yoxdur. Lakin məhkəmə hesab edir ki, hazırkı halda, iddiaçıların mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsinə dair öhdəliyin cavabehə həvalə edilməsini məhkəmə mümkün hesab etmir. Çünki yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi inzibati icraatın aprılmasını tələb edir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı məsələləri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tənzimləyir. Mənzil Məcəlləsinin Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir). Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri. 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. Sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Sadalanan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə Mənzil Məcəlləsiin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Əgər Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, cavabeh orqan bu halların araşdırılması ilə bağıl hər hansı inzibati icraat aparmamışdır. İPM-in: 33.3-cü maddəsinə əsasən, inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir; 33.4-cü maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır; 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə qeyd edir ki, hazırkı halda İPM-in 73.3.3-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun məcburetmə haqqında qərar qəbul edilməsi mümkünsüzdür. Belə ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsinə zərurət vardır və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciəti ilə əlaqədar hər hansı inzibati icraat aparılmadığından, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh tərəfindən Mənzil Məcəlləsinin yuxarda istinad edilən normalarında təsbit edilmiş şərtlərin yerinə yetirilib-yetirilməməsinin müəyyən edilməsi üçün inzibati icraatın aparılması zərurəti vardır. Məhkəmə inzibati orqanı əvəz edərək onun əvəzinə inzibati icraat aparmamalı və səlahiyyət bölgüsünə uyğun olaraq icra hakimiyyətinin səlahiyyətini həyata keçirməli deyildir. Məhkəmə tərəfindən inzibati orqan tərəfindən aparılmış natamam icraat təzələnə və tamamlana bilər. Odur ki, cavabdeh iddiaçının müraciətinə yenidən baxarkən iddiaçı tərəfindən konkret olaraq hansı sənədlərin təqdim edilməli olmasını əsaslandırmalı, bu sənədlərin hansı qanunvericilik normalarına əsasən təqdim edilməli olmasını göstərməli və qeyd edilən fərdi yaşayış evinə baxış keçirərək qapı oyuqlarının açılmasını zərurliyini, fərdi evin qeyri-yaşayış obyekti kimi istifadə edilib-edilməməsini yoxlamaqla inzibati icraat aparmalıdır. Məhkəmə inzibati orqanı əvəz edərək onun əvəzinə inzibati icraat aparmamalı və səlahiyyət bölgüsünə uyğun olaraq icra hakimiyyətinin səlahiyyətini həyata keçirməli deyildir. Məhkəmə hesab edir ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zərurəti vardır. Cavabdeh inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan məqamları aydınlaşdırmalı, məhkəmə hüquqi mövqeyini nəzərə almaqla inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə Seriya ÖM, 213562 nömrəsi ilə qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, K.Səfəraliyev küçəsi, ev 19A, mənzil 2 olan 30,0 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulmalıdır. Məhkəmə qərarından şikayət verilməsi hüquqi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı qərar, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir və tərəflər iddia tələbinin mahiyyəti təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarında hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə Seriya ÖM, 213562 nömrəsi ilə qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, K.Səfəraliyev küçəsi, ev 19A, mənzil 2 olan 30,0 kv.m yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi haqqında qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar