Məhkəmə qərarları › İş №2-1(112)-7696/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7696/2025

06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7696/2025 06.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB) qarşı “mənzil verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İ dərəcəli gözdən əlildir, 2011-ci il tarixli sərəncamla 5 nəfər ailə tərkibi nəzərə alınmaqla mənzil növbəsinə götürülmüdür. Cavabdeh tərəfindən mənzil növbəsində olmasına baxmayaraq mənzil verilməmişdir. İmtina edilmişdir. İmtina onunla əsaslandırılır ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən şəxsə mənzil verilmişdir. Halbuki, mənzil veriləndən sonra yerli icra hakimiyyəti orqanı mənzil növbəsinə onu götürmüşdür. Mənzil ölçüləri uyğun olmadığına görə yenidən mənzil növbəsinə götürülmüşdür. Mənzillər verilərkən adambaşına 16 kv.m hesablanır. Ona verilən mənzildə ailəsindən əlavə oğlunun ailəsi və özü də yaşayır. Odur ki, 5 nəfər ailə tərkibi nəzərə alınmaqla ona mənzil verilməlidir. Etiraz onunla əsaslandırılır ki, iddiaçıya dövlət tərəfindən mənzil ilə təmin edildiyindən yenidən mənzil təmin edilməsi qanunvericiliyə uyğun hesab edilməmişdir. Belə ki, ona Nərimanov rayonu Faiq Yusifov küçəsində yerləşən Cəmiyyət üçün inşa edilmiş yaşayış binasında 33,60 kv.m yaşayış sahəsi olmaqla 2 otaqlı 67 nömrəli mənzil verilmişdir. Ali Məhkəmənin təcrübəsindən də görünür ki, 16 kv.m yaşayış sahəsinə görə yox, ümumi sahə üzrə nəzərə alınmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Arayışdan görünür ki, iddiaçı və ailə üzvləri bakı ş, F.Yusifov küçəsi, 45A saylı ünvanda yerləşən 67 nömrəli mənzildə yaşayır. Cavabdehin 30 yanvar 2025-ci il tarixli imtina məktubunda qeyd edilir ki, dövlət tərəfindən iddiaçıya mənzil verilmişdir. Əlillik altsistemindən görünür ki, iddiaçı birinci dərəcəli gözdən əlildir. Orderdən görünür ki, iddiaçı 4 nəfər ailə üzvü nəzərə alınmaqla F.Yusifov küçəsi, 45A saylı ünvanda yerləşən 67 nömrəli mənzillə təmin edilmişdir. 28 noyabr 2011-ci il tarixli sərəncamdan görünür ki, iddiaçı 5 nəfər ailə üzvü nəzərə alınmaqla mənzil növbəsinə alınmışdır. 15 iyul 2008-ci il tarixli Nərimanov Rayon İcra Hakimiyyətinin orderin verilməsinə əsas olmuş sərəncamından görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Nərimanov r, F.Yusifov küçəsində 45A ünvanda yerləşən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Cəmiyyət üçün inşa edilmiş 90 mənzilə orderin verilməsi barədə müraciət etmiş, həmin mənzillərdən biri kimi 67 nömrəli 2 otaqlı yaşayış sahəsi 33,60 kv.m olan mənzil 4 nəfər ailə üzvü nəzərə alınmaqla iddiaçıya verilmişdir. Mənzil növbəsindən iddiaçının çıxarılması da qərara alınmışdır. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İ.B-nin 18 sentyabr 2025-ci il tarixli məktubunda qeyd edilir ki, F.Yusifov küçəsi 45A ünvanda yerləşən bina Cəmiyyətin sifarişi əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikilmişdir. Maliyyələşmə həm Cəmiyyət həm də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılmışdır. Dövlət tərəfindən mənzilin verilməsindən söhbət gedə bilməz. İddiaçıya ailə üzvləri sayına əsasən az sahəli mənzil verilmişdir. Mənzil Kommunal Təsərrüfat Departamentinin 19 may 2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, Nərimanov r, F.Yusifov küçəsi 45A saylı bina dövlət vəsaiti hesabına Cəmiyyətin üzvləri üçün 10 mərtəbəli olmaqla inşa edilmişdir və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına verilmişdir. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı gözdən əlilliyi müəyyən edilmiş şəxs qismində mənzil növbəsində olmasına istinadla onun mənzillə təmin edilməsini xahiş edir. Cavabdehin imtinasının mahiyyəti isə onun bir dəfə dövlət tərəfindən mənzil ilə təmin edilməsi ilə əlaqədardır. Qeyd olunmalıdır ki, dövlətin, o cümlədən dövlət orqanının adından çıxış edən müvafiq sahə üzrə səlahiyyətli qurum kimi inzibati orqan müvafiq kateqoriyalı şəxslərin, o cümlədən gözdən əlilliyi müəyyən edilmiş şəxslərin mənzil ilə təmin edilməsi öhdəliyi daşıyır. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin öhdəlik hər bir halda göstərilən kateqoriyalı şəxsin mənzillə birmənalı təmin edilməsi öhdəliyini özündə ehtiva etmir. Bu zaman şəxsin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyması, eləcə də dövlət tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması baxımından hər hansı tədbir görülübgörülməməsi də nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına və buna bənzər normaların mövcudluğu dövlətin müəyyən kateqoriyalı şəxslərə münasibətdə sosial öhdəliklərinin dairəsini müəyyən edir. Cavabdehin də imtinası məhz həmin hallarla bağlı olmaqla iddiaçının göstərilən kateqoriyaya istinadla mənzillə təmin edilməsi ilə əlaqədardır. Belə ki, cavabdeh qeyd edir ki, iddiaçı ünvan 4 ünvanda yerləşən 67 saylı mənzildə yaşayır və həmin mənzil ona dövlət hesabına verilmişdir, yenidən eyni əsaslarla mənzilin növbəti dəfə verilməsi istisna edilməlidir. Məhkəmə də hesab edir ki, dövlət tərəfindən yaşayış sahəsinə ehtiyacı olan gözdən əlilliyi müəyyən edilmiş şəxs kimi ailə üzvləri nəzərə alınmaqla mənzil verilmiş şəxsin yenidən həmin əsasla uçotda olsa belə mənzil verilməsi istina edilməlidir. Lakin, hazırkı mübahisənin qiymətləndirilməsi baxımından göstərilən mənzilin dövlət hesabına yoxsa Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyəti tərəfindən dövlət vəsaitinə aidiyyəti olmadan verilib-verilməməsi işin əhəmiyyətli halını təşkil edir. Belə ki, Cəmiyyət məhkəməyə müraciətində mənzilin iddiaçıya verilməsinin məhz Cəmiyyət tərəfindən həyata keçirildiyini, dövlət tərəfindən mənzilin verilmədiyini qeyd edir. Lakin, məhkəmə bu dəlillə razılaşmır. Belə ki, Cəmiyyətin mənzilin onun tərəfindən verildiyini istinad etdiyi məktubun özündən ən azı müəyyən edilir ki, F.Yusifov küçəsi 45A ünvanda yerləşən bina Cəmiyyətin sifarişi əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikilmişdir. Maliyyələşmə həm Cəmiyyət həm də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılmışdır. Göründüyü kimi binanın tikintisinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilməsi müəyyən edilir. Digər tərəfdən Cəmiyyətin göndərdiyi məktubda ən azından maliyyələşmədə də həmin qurumun dövlət adından iştirakı görünür. Lakin, işin digər faktiki hallarından müəyyən edilir ki, maliyyələşmə baxımından binanın inşası, mənzillərin verilməsi dövlət hesabına dövlət tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlər əsasında gerçəkləşmişdir. Belə ki, orderdən görünür ki, order yerli icra hakimiyyəti orqanı, yəni dövlət orqanı tərəfindən verilmiş, həmin order əsasında F.Yusifov küçəsi 45A ünvanda yerləşən 67 saylı mənzil iddiaçıya ailə üzvləri 4 nəfər olmaqla 2 otaqdan ibarət olmaqla təqdim edilmişdir. Həmin orderin verilməsinə əsas olmuş sərəncamda isə konkret olaraq qeyd edilmişdir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Nərimanov r, F.Yusifov küçəsində 45A ünvanda yerləşən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Cəmiyyət üçün inşa edilmiş 90 mənzilə orderin verilməsi barədə müraciət etmiş, həmin mənzillərdən biri kimi 67 nömrəli 2 otaqlı yaşayış sahəsi 33,60 kv.m olan mənzil 4 nəfər ailə üzvü nəzərə alınmaqla iddiaçıya verilmişdir. Mənzil növbəsindən iddiaçının çıxarılması da qərara alınmışdır. Eləcə də, Mənzil Kommunal Təsərrüfat Departamentinin 19 may 2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, Nərimanov r, F.Yusifov küçəsi 45A saylı bina dövlət vəsaiti hesabına Cəmiyyətin üzvləri üçün 10 mərtəbəli olmaqla inşa edilmişdir və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına verilmişdir. Göründüyü kimi Cəmiyyətin dediyinin əksinə nəinki maliyyələşmə qismən, hətta tam qaydada yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmiş, tikinti dövlət orqanı tərəfindən aparılmış, bina 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olmuş, hətta mənzil verildiyinə görə sərəncamda şəxsin mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Lakin, yerli icra hakimiyyəti orqanı həmin halları nəzərə almadan ikinci dəfə mənzil növbəsinə şəxsin götürülməsini qərara almışdır ki, məhkəmə hesab edir ki, dövlət tərəfindən inşa edilmiş, onun tərəfindən maliyyələşmənin həyata keçirildiyi, onun tərəfindən orderin verildiyi mənzilin naturada iddiaçıya müvafiq sənədləşmə ilə birlikdə ailə üzvlərinin sayı da nəzərə alınmaqla verilməsi, dövlətin indiki halda eyni əsaslarla iddiaçıya yenidən mənzil verilməsi öhdəliyini istisna edir. Bu zaman, nəzərə alınmalıdır ki, mənzilin ölçüləri ilə bağlı da hər hansı normativ tələb pozulmamışdır. Belə ki, mövcud məhkəmə təcrübəsi də göstərir ki, adambaşına düşən normanın müəyyən edilməsi zamanı mənzilin təkcə yaşayış sahəsi yox, ümumi sahəsi kimi hal nəzərə alınır. Doğrudur, təqdim edilən mənzil 33 kv.m olsa da, nəzərə alınmalıdır ki, həmin ölçü ümumi sahə yox, məhz yaşayış sahəsinin ölçüsüdür və ümumi sahə məhkəmə tərəfindən müəyyən edilməsə də, otaq sayının 2 olması və şəxs sayının 4 nəfərə olması nəzərə alınmaqla hər hansı pozuntu müəyyən edilmir. Ali Məhkəmənin 2-1(102)-2580/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2026-ci il tarixli qərarında qeyd edilir ki: 28 fevral 2025-ci il tarixli 146-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş tənzimləmə ondan ibarət olmuşdur ki, xüsusi statuslarından irəli gələn hala istinadla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq mümkündür. İddiaçının sözügedən qanunvericilik tənzimləmələrindən əvvəl yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alındığı işin mübahisələndirilməyən halını təşkil edir. Bununla yanaşı, kollegiya hesab edir ki, 28 fevral 2025-ci il tarixli 146-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilən tarixədək mübahisəli məsələyə münasibətdə mövcud olan qanunvericilik normalarının sistematik və teleloji təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, xüsusi statuslarından irəli gələn əsasla qanunvericiliyə uyğun olaraq artıq bir dəfə mənzillə təmin edilmiş şəxs, yenidən eyni əsasla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına və mənzillə təmin edilə bilməz. sosial dövlət anlayışı dövlətin təkcə hüquq yaradan və nəzarət edən mexanizm olmadığını, eyni zamanda, cəmiyyətin zəif və həssas qrupları qarşısında pozitiv öhdəliklər daşıdığını ifadə edir. Bununla yanaşı, bu öhdəliklər dövlətin sosial imkanları, iqtisadi resursları, xüsusən də fərdi və ictimai maraqların tarazlaşdırılması əsasında həyata keçirilir. Dövlət bir dəfə mənzil verdikdə, bu, onun sosial vəzifəsini icra etməsi kimi qiymətləndirilməlidir. Çünki dövlətin öhdəliyi məhdud resurslar çərçivəsində bütün ehtiyacı olan şəxslərin minimum sosial rifahını təmin etməkdən ibarətdir. Mənzil hüququ bu kontekstdə mütləq hüquq deyil, sosial ehtiyacın mövcudluğu ilə şərtlənən hüquqdur. Ehtiyac aradan qalxdıqda, dövlətin həmin ehtiyacın təmin edilməsinə yönəlmiş sosial müdaxiləsinin də hüquqi əsası qalmır. Nəzərə alınmalıdır ki, dövlət büdcəsi və sosial proqramlar məhdud xarakter daşıyır və onların səmərəli istifadəsi dövlətin sosial siyasətinin əsas şərtlərindən biridir. Eyni şəxsə, yaxud onun ailə üzvünə eyni əsasla təkrar mənzil verilməsi sosial siyasətin məqsədlərini zəiflədir və dövlətin digər vətəndaşlar qarşısında daşıdığı sosial vəzifələrin icrasını çətinləşdirir. Bu səbəbdən, sosial dövlət öz vəzifələrini fərdi üstünlüklər yaratmaqla deyil, ümumi ictimai rifahı qorumaqla yerinə yetirir. Mənzil Məcəlləsində baş vermiş yuxarıda sadalanan sonrakı dəyişikliklər də bu qənaəti təsdiq edir. Əlil olan şəxsin xüsusi statusundan irəli gələn əsasla mənzil təminatı məsələsini həll edərkən müvafiq icra hakimiyyəti orqanları təkcə şəxsin həmin statusda olma faktına deyil, eyni zamanda yoxlanılmalı elementlər sırasında şəxsin və ya ailə üzvünün əvvəllər eyni əsaslarla mənzillə təmin olunub-olunmaması hallarına da qiymət verməli, nəticə etibarilə belə yoxlama şəxsin (və ya ailə üzvünün) real vəziyyətdə eyni statusdan irəli gələn əsasla təkrar mənzillə təmin olunması və ya mənzil uçotuna götürülməsinin mümkünlüyünü istisna edən qanunvericinin güddüyü məqsədə xidmət etməlidir. Göründüyü kimi Ali Məhkəmə oxşar iş üzrə dövlət tərəfindən mənzil verildikdən sonra müəyyən qrup şəxslərə münasibətdə təkrar mənzilin verilməsinin istisna edilməsi halları ilə bağlı hüquqi mövqe müəyyən etmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, şəxsin ailə üzvləri nəzərə alınmaqla mənzil növbəsində olması barədə yerli icra hakimiyyəti orqanının sərəncamının olması da, hazırkı iş üzrə qanunvericiliklə müəyyən edilmiş hallara istinadən tədbirlər görülməsi səlahiyyətinə malik inzibati orqan kimi cavabdeh üzərində də hər hansı öhdəlik müəyyən etmir və hazırkı halda həmin sərəncamın məzmunundan asılı deyildir. Yuxarıda adıçəkilən iş üzrə də Ali Məhkəmə şəxs uçotda olmasına baxmayaraq Sosial Xidmətlər Agentliyinin hərəkətini qanuni və əsaslı hesab etmiş, uçota alınma zamanı yerli icra hakimiyyəti orqanının mənzil növbəsinə şəxsi alarkən ona mənzilin əvvəl verilib-verilməməsinin yoxlanılmasını zəruri şərt kimi müəyyən etmişdir. Ali Məhkəmənin 2-1(102)-900/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, şəxsin mənzillə təmin edilməsi üçün yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruri olsa da, bu Agentliyin mənzillə təmin edərkən, həmin şəxslərin yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsasları yoxlamaq vəzifəsindən azad etmir. Qeyd edilir ki, yuxarıda göstərilən işlər üzrə mənzil növbəsində olan şəxsin kateqoriyası gözdən əlilliklə bağlı olmasa belə qeyd edilən mövqe məhkəmə hesab edir ki, hazırkı işə də şamil edilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar