Məhkəmə qərarları › İş №2-1(112)-7698/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7698/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7698/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı X2 və X4 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X2 və X4 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmuşlar. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya bir neçə ay öncə məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** saylı çıxarışa əsasən ona məxsus ünvan 2 ünvanda yerləşən mənzildə ailə üzvləri olmayan, tanımadığı X2 və X4 qeydiyyatdadırlar. Məsələnin həlli ilə bağlı aidiyyəti üzrə müraciət etsə də, Binəqədi rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda onların qeydiyyatdan çıxarılmasından imtina edilmiş, məsələnin məhkəmə vasitəsilə həll edilməsi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdehlərin mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Belə ki, gələcəkdə mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqları məhdudlaşdırır. Şəxsin yaşayış sahəsində yaşamadan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz (mülahizəsi) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və 3-cü şəxslər səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Həmçinin, cavabdeh şifahi məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 30,03.2022-ci il tarixli, ******* nömrəli arayışa əsasən üçüncü şəxslər ünvanında ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 059-4679Q-3222 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, “Sizin, Binəqədi RPİ-nə ünvanlandığınız müraciətinizə QMB-də baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X2 və X3 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Odur ki, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” - 272909 saylı alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzili iddiaçı xx.xx.2021-ci il tarixdə almışdır. - 113 saylı Mənzil-Kommunal İstismar sahəsinin 263 saylı xx.xx.2022-ci il tarixli görünür ki, üçüncü şəxslər ünvan 4 ünvanında yaşamırlar. - xx.xx.2022-ci il tarixli məhkəmə bildirişdən görünür ki, 113 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən üçüncü şəxslərin ünvan 4 ünvanında yaşamaması barədə qeyd edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********16 nömrəli məktubunda bildirilmişdir ki, X1, X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 7, 53 saylı mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-); 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, iddiaçı mənzili alqı-satqı müqaviləsi üzrə almışdır. İddiaçı hazırda cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə yaşayış yeri üzrə qeydiyyata alınması üçün şəxslər tərəfindən aidiyyəti dövlət orqanına yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, yəni mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim olunmalıdır. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün hüquqi əsas qismində həmin sənədlərdən hər hansı birinin aidiyyəti dövlət orqanına təqdim olunması mütləqdir. Hüquqi əsas olmadan aidiyyəti orqan tərəfindən yaşayış yeri üzrə qeydiyyatın aparılması yolverilməzdir. Bundan başqa, məhkəmə tərəfindən üçüncü şəxslərin iddiaçının ailə üzvləri olmadığı, onların iddiaçıya məxsus yaşayış sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228- ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Belə yanaşmanı nəzərdə tutmaqda qanunvericinin məqsədi, bir tərəfdən, şəxsin ona məxsus olan əmlaka faktiki sahib olmaq, təyinatından asılı olaraq həmin əmlakdan öz tələbatlarına uyğun istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək imkanlarını təmin etməkdən, digər tərəfdən, üçüncü şəxslərin həmin əmlaka müdaxilə imkanlarını istisna etməkdən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququ əsasında şəxsə məxsus yaşayış sahəsinə qanunvericiliklə nəzərdə tutulmuş əsaslar, o cümlədən həmin şəxsin müvafiq razılıq ərizəsi olmadan üçüncü şəxslərin qeydiyyata alınması onun mülkiyyət hüququna, yaşayış sahəsindən sərbəst istifadə etmək və orada sərbəst yaşamaq haqqına müdaxilə kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququ ilə bağlı konstitusiyon normalara əsaslanan Mülki Məcəllə ilə mülkiyyət hüququnun müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu mənada yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan üçüncü şəxslərin mülkiyyətçinin tələbi əsasında aidiyyəti dövlət orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks təqdirdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla və aidiyyəti orqanın üzərinə üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyula bilər. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçının bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X2 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 HAKİM Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar