Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7699/2022 23.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 31 saylı evin 1a saylı mənzilinin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci il tarixdə doğulmuşdur və 2011-ci ildən pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanında yaşayır. Yaşadığı bina əvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmuşdur. Mərhum atası X11 xx.xx.1988-ci ildən mənzil növbəsində dayanmışdır. Atası ARDNŞ-də işləmişdir, ailə vəziyyətləri ilə əlaqədar mənzil şəraitlərinin yaxşılaşdırılması üçün mənzil növbəsində olmuşdur. 2010-cu ilin iyul ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5 mərtəbəli, 31 saylı binada onlara birinci mərtəbədə, 2 otaqlı, sahəsi 32.12 kv. metr olan 1 a saylı mənzil verilmişdir. X2 adına Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 132 nömrəli sərəncamı əsasında xx.xx.2010-cu il tarixli, 005671 nömrəli order verilmişdir. xx.xx.2018-ci il tarixdə atası xərçəng xəstəliyindən ölmüşdür. Yaşadıqları mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin İdarə xx.xx.2022-ci il tarixli, **********09 saylı məktub ilə ona müraciətindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 14 aprel 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə daxil olmuş **********68 saylı 23 iyun 2022ci il tarixli etirazında göstərilmişdir ki, sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********37 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmaması xahiş olunmuşdur. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən edilir ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 06 may 1986-cı il tarixdə verilmiş Xİ-ЖГ-441087 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuşdur. Bu bardə doğum haqqında akt qeydləri kitabında 1986-cı ilin may ayının 06-cı günündə 238 nömrə ilə qeydə alınmışdır. Atası qismində X11, anası qismində X6 qeyd olunmuşdur. xx.xx.2009-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 520118 №li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X1 Fuad Qasım oğlu ilə 2009-cu ilin noyabr ayının 24-cü günündə nikaha daxil olduqdan sonra ona Qasımova soyadı verilmişdir. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 18 dekabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 980641 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 06 dekabr 2018-ci ildə ölmüşdür. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 20 iyul 2022-ci il tarixli BA-04380-2022 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş: - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2010-cu il tarixli 29-1132 QH saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2009-cu ildən ARDNŞ üzrə mənzil uçotu və bölüşdürülməsi işi mərkəzləşdirilmişdir. xx.xx.2009-cu ildən yeni Mənzil Məcəlləsi qüvvəyə minmiş və Nazirlər Kabinetinə tapşırılmışdır ki, bununla əlaqədar müvafiq qaydalar işlənib hazırlansın. Qaydalar hələlik işlənib hazırlanmadığına görə 2010-cu il üçün ARDNŞ üzrə mərkəzləşdirilmiş mənzil uçotu siyahısı təsdiqlənməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə Azərbaycan Neft Qaz X3 İttifaqı Respublika Komitəsinin xx.xx.2010-cu il tarixində keçirilmiş birgə iclasının qərarına əsasən mənzil uçotunda olan işçilərin bir qismi mənzillə təmin edilmişdir. Mənzillə təmin edilənlər sırasına X11 (10-cu sıra) da qeyd olunmuşdur. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə işçilərə order verilməsi haqqında 20 iyun 2010-cu il tarixli 132 №-li Sərəncamından (sərəncamdan çıxarış) görünür ki, xx.xx.1988-ci ildən mənzil növbəsinə dayanmış X7 3 nəfər ailə üzvü ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 31 saylı evin, giriş 1, mərtəbə 1, yaşayış sahəsi 32,12 kv. metr olan 2 otaqlı, 1a saylı mənzilinə order verilməsi və mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Orderə özünün - 1952-ci il təvəllüdlü X11; 1986-cı il təvəllüdlü X8; 1988-ci il təvəllüdlü İddiaçı adları daxil edilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 05 iyul 2010-cu il tarixli 005671 №-li orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 132 №-li sərəncamına əsasən X7 ünvan 5 ünvanında giriş 1, mərtəbə 1, 2 otaqlı 32.12 kv. metr sahədən ibarət "xxxx" saylı mənzil ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən Ə.Nəsirova və surəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2011-ci il tarixli NŞ-14/4928 №-li məktubda qeyd olunmuşdur ki, onun yaşadığı Bakı şəhəri, Lök-Batan qəsəbəsi, Nizami küçəsi 31 saylı evin 1a saylı mənzilinin özəlləşdirilməsinə dair sənədlərin hazırlanması barədə xx.xx.2011-ci il tarixli 21 saylı Mənzil İstismar Sahəsin edilmiş müraciətinə baxılmışdır. Əlavə edilmiş sənədlərlə mənzilin özəlləşdirilməsinə etiraz etmirlər. ünvan 1 ünvanında yaşayan X9 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş ərizədə qeyd olunmuşdur ki, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin X5 adına özəlləşdirilməsinə razıdır, etirazı yoxdur. Bakı şəhəri Qaradağ Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 48 №-li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 31-də 5 mərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 32,2 kv. metr olan 19 nömrəli 2 otaqlı mənzildə yaşayır. Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 150 saylı MKİS tərəfindən tərtib olunmuş Lökatan qəsəbəsi, Nizami küçəsi, ev 31, mənzil 1 A-ya dair sxemdə mənzilin yaşayış sahəsi 31,12 kv. metr, ümumi sahəsi 50,72 kv.m qeyd olunmuşdur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, istifadəsində olan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin aşağıdakı; - **********37 №li xx.xx.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ili oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. - **********09 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 8 ünvannda yerləşən 1A saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmasına dair ərizəsinə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müraciətinə **********37 nömrəli xx.xx.2021-ci il tarixli məktubda cavab verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. - 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. - 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqavəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Həmin Qanunun 9-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (bənd 1) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci madəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilən bütün hüquqmüəyyənedici sənədlər (sərəncam və order) məhkəməyə təqdim edildiyindən cavabdehin imtinası qanuni sayıla bilməz. Cavabdeh imtinasını iddiaçıya mənzilə dair sərəncamın 2009-cu il tarixdən sonra verildiyini və bu münasibətin xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməli olduğu ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 132 nömrəli 30 iyun 2010-cu il tarixli Sərəncamına əsasən iddiaçının mərhum atası ilə mənzil münasibətləri 2009-cu ildən əvvəl yaranmış, yəni sonuncu xx.xx.1988-ci ildən mənzil növbəsində olmuşdur. Ona görə də həmin imtina qanuni sayıla bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 31 saylı evin 1A saylı mənzilinin İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və buna dair onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7699/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7699/2022
23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver