Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7699/2025 19.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş vəsaitin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ildə iddiaçı güzəştli pensiya ilə bağlı DOST-a müraciət etmişdir. Müraciət zamanı məlum olub ki, o, artıq 10 ildir ki, güzəştli pensiya hüququna malikdir. Lakin mövcud qanunvericiliyə əsasən, ona yalnız son 3 il üçün pensiya ödənişləri həyata keçirilib. 2 saylı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışa əsasən, əmək pensiyanın yaranma tarixi xx.xx.2014-cü il tarixində qeyd edilmişdir. SOCAR şirkəti iddiaçını güzəştli pensiya statusu barədə məlumatlandırmamış və o, bu məsələ ilə bağlı dəfələrlə “Abşeronneft” kadrlar şöbəsinə müraciət etsə də, lazımi məlumatı əldə edə bilməmiş, qanundan xəbərsiz olmuşdur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müraciət etmiş, ona 52 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının müraciət etdiyi tarixdən geriyə üç il olmaqla ona ödənişlərin edilməsi həyata keçirilir. Hesab olunur ki, iddiaçının tələbi əsassızdır. Tərəflərin iştirakları və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 442.09 (dörd yüz qırx iki manat doqquz qəpik) manat məbləğində əmək pensiyası təyin edilib. Hüququn yaranma tarixi olaraq – xx.xx.2014-cü il göstərilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmuna istinad olunmaqla imtina edilmişdir. Pensiya işində olan sənədlərdən görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi 2014-2021-ci illər üçün ödənilməmiş pensiya məbləğlərinin (fərq) cavabdeh tərəfindən ödənilməsidir. İddiaçının irəli sürdüyü tələbin əsaslı olub-olmamasını müəyyən etmək üçün aşağıdaki qanunvericiliyin müddəalarına istinad olunmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Bununla bağlı “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi isə həmin məsələ ilə bağlı qismən fərqli mövqe nümayiş etdirmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, -müvafiq işlərə baxan məhkəmələr “Əmək pensiya haqqında” Qanuun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İşin faktiki hallarından da görünür ki, hazırkı inzibati mübahisə iddiaçının pensiya hüququ yarandığı 2014-cü ildən 2021-ci ilədək ödənilməmiş vəsaitin ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olmaqla, yuxarıda adıçəkilən Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, Qanunun tələbindən də göründüyü əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göstərilən qanunvericilik tələblərinə əsasən, iddiaçının pensiya hüququ xx.xx.2014-cü il tarixində yaranmış olsa da, o, yalnız xx.xx.2024-cü ildə inzibati orqana müraciət edərək yaşa görə güzəştli əmək pensiyasının təyin olunmasını tələb etmişdir. İnzibati orqan isə qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq, pensiya hüququnun yaranma tarixi olan 52 yaşına çatdığı dövrü əsas götürərək pensiyanı təyin etmiş və yalnız müraciət etdiyi tarixdən üç il geri olan dövr üzrə ödənilməmiş məbləğləri ödəməyə başlamışdır. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi və faktiki xarakterli hərəkəti adıçəkilən müddəanın ödənişin edilməsinə dair prosedur qaydasında uyğun olduğundan iddianın təminini istisna edilməkdədir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı müraciət etməməsi, qanunvericiliyin tələblərinin bilinməməsi ilə bağlı olmuşdur. Məhkəmə də qeyd olunanları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, göstərilən bu əsasın “onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəb” olubolmaması barədə qiymətləndirmə aparılması zəruridir və bununla bağlı aşağıdakılar qeyd edilməlidir. Hər nə qədər hazırkı işin faktiki halları ilə bağlı olmasa da Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ-ci hissəsində, müəyyən edilmişdir ki, Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstition normanın tətbiqi ilə bağlıdır ki, mülki, inzibati xəta, intizam və ya cinayət olmasından asılı olmayaraq məsuliyyət müəyyən hərəkət və hərəkətsizliyin qanunauyğun olmamamasının şəxs tərəfindən bilinməməsi məsuliyyətin istisna əsası qismində çıxış etmir. Eyni zamanda oxşar xarakterli, məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərinin yaranması zamanı da qanunvericiliyin bilinməməsi həmin şəxsin xeyrinə şərh edilməyən hal kimi müəyyən edilmişdir. Bu zaman, ümumiyyətlə qanunvericilik terminin anlayışı qanunvericiliyin əsasını təşkil edən qanunvericilik aktlarını özündə ehtiva etmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.2-ci maddəsindən də görünür ki, qanunvericilik aktları – Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə hüquqi akt dedikdə normativ hüquqi akt, normativ xarakterli akt və ya qeyri-normativ hüquqi aktlar başa düşülür. Qanunvericilik sisteminin əsasını normativ hüquqi akt dedikdə isə tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd hesab edilir. Qanunun 2.1-ci maddəsinə görə isə Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir ki, Konstitusiyanın adıçəkilən maddəsindən də müəyyən edilir ki, qanun normativ hüquqi aktdır. Qanunun: 82.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir. 82.2. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini əvəz etmir. 83.1. Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir. 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 86.1. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. 88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. 88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi normativ hüquq aktlar, eləcə də qanunlar rəsmi dərc edildiyi vaxtdan müəyyən istisnalarla qüvvəyə minir. Qüvvəyə minmə isə özündə onu ehtiva edir ki, həmin qanunun tələbləri Azərbaycan Respublikasının bütün ərazisində müəyyən istisnalar olmaqla məcburi qüvvəyə malikdir. Qanunun dərc edilməsindən sonra onun hüquqi qüvvəyə minməsinin asılı edilməsində isə məntiq onunla bağlıdır ki, dərc materialları ünvanlanan şəxslər qanunun müddəalarından məlumatlı olsunlar. Təbii haldır ki, rəsmi məlumatlandırma olmadan hər hansı qanunun müddəasının şəxslərə münasibətdə tətbiqindən söhbət gedə bilməz ki, qanunun qüvvəyə minməsi ilə isə ona münasibətdə yaranan hüquq münasibətlərində əhəmiyyətli prinsipin mövcudluğu nəzərə alınmalıdır. Belə ki, istər məsuliyyət müəyyən edən hüquq münasibətlərində (misal cinayət, inzibati xəta və s), istərsə də məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərində qanunvericiliyin bilinməməsi oxşar mahiyyət daşıyır. Hər iki hüquq münasibəti üçün isə oxşar cəhət ondan ibarətdir ki, qanunvericiliyin tələblərinin bilinməməsi vəziyyəti bilməyən şəxsin xeyrinə dəyişməyən hal müəyyən edilir. Necə ki, cinayət qanunu qüvvədə olduğu vaxtdan şəxs müəyyən əməllərin cinayət olmadığını bilməsə belə həmin əməli törədir və cinayət məsuliyyəti daşıyırsa, eləcə də həmin hal mülki hüquq münasibətləri üçün də keçərlidir. Eyni zamanda, inzibati icraatın əsasını təşkil edən publik hüquq münasibətlərinin tərəflərinə münasibətdə də qanunun tələblərini bilməmə oxşar xarakter daşıyır. Hazırkı iş üzrə iddianın təmin edilməməsini məhkəmə də məhz, qanunvericiliyin tələbinin bilinməməsinin “şəxsin iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəb” qismində qiymətləndirilməli olmaması qənaətindədir. Belə ki, hüququn prinsiplərindən biri kimi hesab olunur ki, qanun qüvvədə olduğu müddətdə onun tələblərini, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun hazırkı işin faktiki hallarına münasibətdə tənzimləyən normalarının tələblərini həmin Qanunların dərc edildiyi və qüvvəyə mindiyi vaxtdan iddiaçı bilirdi və ya bilməli idi kimi qəbul edilməlidir. Bu səbəbdən, həmin müraciətin edilməməsi səbəbi onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəb hesab edilə bilməz. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Odur ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7699/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7699/2025
19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver