Məhkəmə qərarları › İş №2-1(112)-77/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-77/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-77/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X13, üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3 və X19 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “məxsusluq arayışın verilməsi” tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh., N.Vəzirov küç., 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi məqsədilə notariat kontoruna təqdim etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı bağ sahəsinə hüququn mərhum babası X5 məxsus olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi məqsədilə notariat kontoruna təqdim etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı bağ sahəsinə hüququnun mərhum babası X5 məxsus olması haqqında 37 saylı forma arayışın və babası X4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim olunaraq, Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X21 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən faktiki sahəsi 2194 kv. metr olan, 1896 №-li bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum babası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü tarixdə yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edilərək, Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X21 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 1896 №-li bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum babası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı 0,24 ha olan bağ sahəsi xx.xx.1974-cü il tarixli 13709 saylı icarə müqaviləsi əsasında mərhum babası X5 verilmişdir. Babası X7 xx.xx.1988-ci il tarixdə öldüyü üçün sonuncunun qızı - iddiaçının anası X24 mirasın qəbul edilməsi ilə əlaqədar Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna müraciət etmişdir. Lakin, anası X10 da xx.xx.2019-cu il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə almadan öldüyü üçün mərhum babası X4 vərəsəsi kimi, o (iddiaçı), müəyyən olunmuş və vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə əlaqədar çıxarışın verilməsi üçün notariat kontoru tərəfindən ona cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli 586 saylı məktub verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin tələblərinə əsasən o, notariat kontorunun həmin məktubuna digər zəruri sənədləri əlavə etməklə, cavabdeh inzibati orqana müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi məqsədilə notariat kontoruna təqdim etmək üçün Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı bağ sahəsinə hüququnun mərhum babası X5 məxsus olması haqqında arayış verilməsini istəmişdir. Həmin müraciətinə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfinən qeyd olunan bağ sahəsinə dair hüquqların babası X5 (sənəddə X21 qeyd olunsa da, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır) məxsus olması barədə 18 noyabr 2019-cu il tarixli **********94 saylı arayış təqdim edərək, həmin arayışa bağ sahəsinə dair hüququ təsdiq edən müqavilənin təqdiqlənmiş surəti əlavə edilmişdir. xx.xx.2019-cu il tarixdə qeyd olunan sənədlərlə notariat kontoruna müraciət edərək, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, notariat kontoru özünün xx.xx.2019-cu il tarixli D (611) saylı məktubu ilə qeyd olunan bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaması səbəbi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bununla əlaqədar Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət etsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh İdarə tərəfindən ona arayış adı ilə təqdim edilmiş 18 noyabr 2019-cu il tarixli **********94 saylı məktub və ona əlavə edilmiş bağ sahəsinin icarə müqaviləsi “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onalrın məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Bu səbəbdən ərizəni geri götürərək, cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2020-ci il tarixli məktubu ilə əvvəlki iradların aradan qaldırılmaması əsası ilə müraciətindən imtina olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, X28 və X26 və xx.xx.2021-ci il tarixli qərardadı ilə X3 məhkəmə icraatına iş üzrə 3-cü şəxslər qismində cəlb olunmuşlar. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə yazılı vəsatətlə müraciət edərək, X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, tədqiqat aparılmış torpaq sahəsinin faktiki ölçüsü 2194 kv. metr olsa da, həmin torpaq sahəsinin 293 kv. metr digər fiziki şəxs tərəfindən hasarlanaraq, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. İddiaçının sahibliyində olan olan bağ sahəsinin 293 kv. metr hissəsini zəbt edərək orada fərdi yaşayış evini inşa etmiş şəxs X14r. Hesab edir ki, məhkəmənin icraatında olan inzibati mübahisə və qəbul ediləcək qərar Nazimə Cəfərovanın maraqlarına toxunduğundan, sonuncu hazırki inzibati mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Qeyd olunanlara əsasən, xx.xx.1970-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X9 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə 2-1(112)- 77/2023 saylı inzibati iş üzrə X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, hazırki inzibati mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, X28 və X16 hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmədiyinə görə iş üzrə icraatda iştiraklarına xitam verilməsi qərara alınmışdır. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsinin uyğunsuzluq təşkil etdiyi məlum olmuşdur. Sxematik xəritəyə əsasən bağ sahəsi 1895, 1896 və 1897 saylı bağ sahələrinin yerinə uyğun gəlir. Bağ sahəsinin dövlət torpağı olub-olmaması barədə ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmişdir. Müvafiq daşınmaz əmlaka yerində baxış zamanı bağ sahəsinin qonşu bağla ümumi hasar daxilində yerləşdiyi, ara sərhədin olmadığı müəyyən edilmişdir. Bağı ərazisinin bir hissəsi mişar daşı ilə hasarlanaraq digər fiziki şəxs tərəfindən yaşayış evi inşa edilmişdir. Həmin yaşayış evində yaşayan şəxsin bildirdiyinə görə sözügedən bağın ərazisinə bir neçə şəxs iddia edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı (nümayəndəsi və vəkili) və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X19 məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının (nümayəndəsi və vəkili) və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X9 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X25 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 1900 ç saylı bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli müqaviləsi ilə X2 istifadəsinə verilmişdir. Həmin tarixdən başlayaraq, qeyd olunan bağ sahəsi ilə X1 və istifadəsindədir. O, bağ sahəsini hasarlamış və abadlaşdırmışdır. Təxminən 2 il bundan əvvəl bir neçə nəfər ona məxsus bağ sahəsinə gələrək, bağının Əli Ağayevə məxsus olmasını bildirmişlər. Onlara bunun yanlış olması, bu bağ sahəsinin ona məxsus olması izah olunmuşdur. Bir neçə zaman keçdikdən sonra həmin şəxslər həmin iddia ilə yenidən gəlmişlər. Hazırda həmin şəxslər İddiaçı adından məhkəmədə iddia qaldıraraq, ona məxsus bağ sahəsinə qanunsuz olaraq yiyələnmək istəyirlər. İddia ərizəsində göstərilən bağ sahəsinin nömrəsi 1896 olsa, faktiki olaraq iddiaçı ona məxsus 1900 ç bağ sahəsini nəzərdə tutur. Cavabdehin xx.xx.2017-ci il tarixli məktubuna əsasən, qeyd olunan bağ sahəsinə dair X3 ilə bağlanmış xx.xx.2004-cü il tarixli 33661 saylı müqavilə Bakı səhəri Ərazi İdarəsinin Arxivində mövcuddur. Nümayəndə qeyd olunanların nəzərə alaraq məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mərhum X4 qanun üzrə vərəsəsi hazırki iş üzrə İddiaçı olduğunu nəzərə alan məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Məhkəmənin müvafiq sorğularına əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin: **********51 №li xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı bağ sahəsinə dair aşağıda sadalanan sənədlərdən: - Bakı şəhəri İcraiyyə Komitəsinin Təsərrüfatı Tresti ilə X21 arasında bağlanmış “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 13 yanvar 1967-ci il tarixli, 13709 saylı müqavilənin surətindən görünür ki, qeyd olunan müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 127 №-li bağ sahəsi xx.xx.1967-ci ildən xx.xx.1973-cü ilədək X15 icarəyə verilmişdir. - Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X21 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı müqavilənin surətindən görünür ki, qeyd olunan müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 1896 №-li bağ sahəsi X8 istifadəsinə verilmiş və İdarənin mütəxəssisləri tərəfindən 127/1896 №li bağ torpaq sahəsinin planı tərtib olunmuşdur. **********64 №li xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ sahələrinə dair sxematik xəritədə 1896 №li bağ sahəsi əks olunmuşdur. xx.xx.1988-ci ildə verilmiş İİİ-JQ seriyalı 440070 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 xx.xx.1988-ci ildə ölmüşdür. xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 030854 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.1988-ci ildə ölmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3463/2019 №li xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, qeyd olunan qətnamə ilə 29 may 1974-cü il tarixdə bağlanmış 13709 saylı icarə müqaviləsində göstərilən “X21”nun və İE seriyalı 561151 saylı doğum haqqında şəhadətnamədə göstərilən “X21”nun 13 mart 1988-ci ildə ölmüş “X17” ilə eyni şəxs olması faktı müəyyən edilmişdir. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xüsusi notariusu X22 tərəfindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 568 №li xx.xx.2019-cu il tarixli məktubu ilə, X4 xx.xx.1988-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2019-cu il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin qızı X10 olmuş, lakin onun xx.xx.2019-cu il tarixdə ölməsi ilə əlaqədar nəvəsi İddiaçı olması barədə məlumat verilmiş və Mərdəkan qəsəbəsi, 1896 saylı ünvanında yerləşən 0,24 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Bakı şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X6 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X3 arasında bağlanmış Mərdəkan ərazisindəki 1900 “ç” nömrəli bağın istifadəyə verilməsi haqqında 01 dekabr 2004-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, qeyd olunan müqavilə ilə Bakı şəhər İcra Hakmiyyətinin xx.xx.2004-cü il tarixli 276 saylı sərəncamı əsasında Əzizbəyov rayonunun Mərdəkan ərazisində 0,12 ha torpaq sahəsi olan 1900 “ç” №li bağ X2 istifadəsinə verilmişdir. İş üzrə verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********60 №-li və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4594 №-li rəylərindən görünür ki; - Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X21 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsi əsasında X15 istifadəyə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı 0,24 ha olan bağ sahəsinin mövcud olan sxematik xəritəsi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ölçülərək koordinatları müəyyən olunmuşdur. Ölçülmüş ərazinin ümumi sahəsinin 2194 kv. metr təşkil etdiyi və ölçülmüş torpaq sahəsinin 293 kv. m-lik hissəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq üzərində 1 mərtəbəli tikilinin inşa olunduğu müəyyən edilmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əsasən, elektron baza məlumatlarında və ortofoto görüntüsündə 1895,1895b, 1897 saylı bağ sahələrinin 1896 saylı bağ sahəsinin qonşuluğunda yerləşdiyi müəyyən edilir. Eyni zamanda sxematik xəritəyə əsasən 1896 saylı bağ sahəsinin qonşularının 1895 və 1897 saylı bağ sahələri olduğu müəyyən olunur. Hazırkı faktiki ölçülər daxilində 1896 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış digər bağ sahələrinin hər hansı bir hissəsinə müdaxilə edilməsi faktı müəyyən edilmir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əsasən, bağ sahələrinin yerləşmə və bölgü sxemində 1900ç saylı bağ sahəsinin mövcudluğu barədə məlumatın olmadığı müəyyən edilir. 1900 saylı bağ sahəsinin isə mübahisəli sahədən təqribən 100 metr cənub tərəfdə qeydiyyatdan keçdiyi müəyyən olunur. Odur ki, həmin bağ sahəsinin 1896 saylı bağ sahəsi ilə üst - üstə düşmə faktının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçının qeyd olunan tələblə bağlı müraciətinə cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********25 saylı 28 fevral 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, poçt vasitəsi ilə daxil olmuş ərizəyə əlavə olunmuş sənədlər surətdir. Xəzər rayonu, Mərdəkan bağ massivi ünvanıbda yerləşən 1896 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı **********49 nömrəli, xx.xx.2019-cu il tarixli və **********889 nömrəli, xx.xx.2019-cu il tarixli məktublarla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar (göstərilən bağ sahəsi digər bağ sahələri ilə ümumi hasar daxilindədir ara sərhədləri şərtidir və bununla bağlı keçid yolu nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Həmçinin göstərilən sahəyə digər fiziki şəxlər tərəfindən müraciət daxil olmuş və müraciətçiyə məxsus bağ sahəsinin bir hissəsi hasarlanaraq digər şəxs tərəfindən bağ evi inşa edilmişdir.) aradan qaldırılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur ki, iş materiallarında mübahisəli bağ torpaq sahəsinə dair mərhum X8 (X7) adına belə bir müqavilənin mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. İş üzrə verilmiş mütəxəssis və ekspert rəylərindən də göründüyü kimi, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ölçülərək koordinatları müəyyən olunmuş, ölçülmüş ərazinin ümumi sahəsinin 2194 kv. metr təşkil etdiyi və ölçülmüş torpaq sahəsinin 293 kv. m-lik hissəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq üzərində 1 mərtəbəli tikilinin inşa olunduğu müəyyən edilmiş, elektron baza məlumatlarında və ortofoto görüntüsündə 1895, 1895b, 1897 saylı bağ sahələrinin 1896 saylı bağ sahəsinin qonşuluğunda yerləşdiyi müəyyən edilmiş, eyni zamanda sxematik xəritəyə əsasən 1896 saylı bağ sahəsinin qonşularının 1895 və 1897 saylı bağ sahələri olduğu müəyyən olunmuşdur. Faktiki ölçülər daxilində 1896 saylı bağ sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış digər bağ sahələrinin hər hansı bir hissəsinə müdaxilə edilməsi faktı müəyyən edilməmişdir. Beləliklə iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi həm faktiki cəhətdən, həm də bağların sxematik xəritəsinə əsasən mövcud olmaqla yanaşı, nə faktiki cəhətdən, nə də ki bağların sxematik xəritəsinə əsasən onunla qonşu olan və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış digər bağ sahələrinin hər hansı bir hissəsinə müdaxilə edilməsi halı müəyyən olunmamışdır. İş üzrə üçüncü şəxs X3 tərəfindən iddia olunan bağ torpaq sahəsinə gəldikdə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunması iddiaçının hazırki iddiasının təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, iş üzrə verilmiş mütəxəssis və ekspert rəylərindən də göründüyü kim, bağ sahələrinin yerləşmə və bölgü sxemində 1900 “ç” saylı bağ sahəsinin mövcudluğu barədə məlumatın olmadığı müəyyən edilir. 1900 saylı bağ sahəsinin isə mübahisəli sahədən təqribən 100 metr cənub tərəfdə qeydiyyatdan keçdiyi müəyyən olunur. Odur ki, həmin bağ sahəsinin 1896 saylı bağ sahəsi ilə üst - üstə düşmə faktının müəyyən edilməsi mümkün olmamışdır. Mütəxəssislər tərəfindən ölçülmüş torpaq sahəsinin 293 kv. m-lik hissəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq üzərində 1 mərtəbəli tikilinin inşa olunmasına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal iddiaçının mərhum babasına məxsus olmuş bağ torpaq sahəsinə dair məxsusluq arayışının verilməsindən imtina üçün qanuni əsas hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа” Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X21 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 1896 №-li bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum babası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar