Məhkəmə qərarları › İş №2-1(112)-770/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-770/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-770/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı pensiya məbləğinin yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı onun əmək pensiyası məbləğinin yenidən hesablanaraq onun metodist müəllim olduğunu və “xxxx” Firmasında 12.01.1995-ci il tarixdən 14.06.2006-cı il tarixədək çalışmasını nəzərə alaraq pensiya ödənişlərinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1948-ci il təvəllüdlüdür. Salyan şəhərində anadan olmuşdur. 1967-ci ilin 16 noyabr tarixindən rəsmi olaraq işləyir. BU fakt 13.07.1968-ci ildə açılan əmək kitabçasında öz əksini tapmışdır. Aldığı 251 nömrəli, 29.08.1991-ci il tarixli vəsiqəsində ona 641 nömrəli əmr ilə “Metodist müəllim” adı verilmişdir. O, cavabdehə müraciət edib, imtina məktubu almışdır. Həmin **********6 nömrəli, 21.02.2020-ci il tarixli məktuba əsasən onun əmək kitabçasında qeyd edilmiş 21 il 10 ay 8 gün əmək stajına görə 200 manat pensiya hesablanır və ödənilir. 01.12.1995-ci ildən 14.06.2006-cı il tarixədək işlədiyi “xxxx” Firmasında olan dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövrləri sosial sığorta stajı kimi hesablamaq mümkn olmamışdır. Onun “xxxx” Firmasında 12.01.1995-ci il tarixdən 14.06.2006-cı il tarixədək çalışdığını iş yoldaşları X5 və X11 notarial qaydada təsdiq ediblər. Həmin əməkdaşlar məhkəmədə şahid qismində iştirak edə bilər. Bundan əlavə, 01.12.1995-ci ildən 14.06.2006-cı il tarixədək “xxxx” Firmasında işlədiyi əmək kitabçasında qeyd olunmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər-hansı bir etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına qiymət verərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********6 nömrəli, 21.02.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar bildirilmişdir ki, respublikada vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Əmək kitabçasında qeyd edilmiş 21 il 10 ay 8 gün əmək stajına görə 200 manat pensiya hesablanıb ödənilir. 01.12.1995-ci il tarixdən 14.06.2006-cı il tarixədək işləmiş olduğu “xxxx” Firmasında olan dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövləri sığorta stajı kimi hesablamaq mümkün deyildir. İşdə olan 251 nömrəli, 29.08.1991-ci il tarixli vəsiqənin surətindən görünür ki, Salyan şəhəri 1 nömrəli məktəbin Rus dili və ədəbiyyatı müəllimi İddiaçı Təhsil nazirinin 29.08.1991-ci il tarixli, 641 nömərli əmri ilə “Metodist müəllim” adı verilmişdir. İşdə olan iddiaçının adına açılmış əmək kitabçasının surətindən görünür ki, o, 16.11.1967-ci il tarixdən, 13.07.1968-ci il tarixdək, 11.10.1968-ci il tarixdən 20.08.1969-cu il tarixədək, 01.09.1974-cü il tarixdən, 29.08.1977-ci il tarixədək, 16.01.1978-ci il tarixdən, 05.09.1978-ci il tarixədək, 06.12.1978-ci il tarixdən 26.08.1992-ci il tarixədək, 02.09.1992ci il tarixdən, 30.08.1994-cü il tarixədək, 30.08.1994-cü il tarixdən 01.11.1994-cü il tarixədək, 20.12.1994-cü il tarixdən 16.10.1995-ci il tarixədək müəllim, metodist və digər vəzifələrdə işləmiş, 01.12.1995-ci il tarixdə “xxxx” Firmasına işə qəbul edilmiş, 14.06.2006cı il tarixdə işdən azad edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş X2 və X9 tərəfindən verilmiş **********377 nömrəli ərizənin surətindən görünür ki, İddiaçı 12.01.1995-ci il tarixdən 14.06.2006-cı il tarixədən onlarla birlikdə “xxxx” Firmasında işləmişdir. İşdə olan X2 adına açılmış ПТ-İ seriyalı, 20 yanvar 1977-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, X6 30.05.1991-ci il tarixdə “xxxx” Firmasına işə qəbul olunmuş, 16.04.1992-ci il tarixdə işdən azad edilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli, **********109700 nömrəli məktubun surətindən görünür ki, məlumat bazasına əsasən məktubda adı qeyd olunan “xxxx” Firması (VÖEN **********) 11 dekabr 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 25 avqust 2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən ********** nömrəli 10 (on) rəqəmli eyniləşdirmə nömrəsi verilmişdir. İşdə olan məhkəmənin “iddiaçının əmək kitabçasında 12.01.1995-14.06.2006-cı illərə dair hissədə “xxxx” firmasının möhürü ilə yanaşı, fiziki şəxs X8 məxsus (VÖEN2********) möhürün vurulması səbəbi ilə fiziki şəxs X10 ilə “xxxx” Firması arasında hər-hansı bir əlaqənin olub-olmaması barədə məlumat verilməsinə dair” sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli, **********117600 nömrəli məktubun surətindən görünür ki, hüquqi şəxs “xxxx” Firmasının (VÖEN **********) dövlət qeydiyyatı məlumatlarına əsasən təsisçisi – “xxxx” Məhdud Məsuliyyətli Şirkəti, rəhbəri – X3r. Məktubda adı qeyd olunan şəxs X7 “xxxx” Firmasında rəhbər və ya təsisçi kimi qeydiyyatı bbarədə hər hansı məlumat aşkar edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir: Belə ki, iddiaçı onun 12.01.1995-ci il tarixdən 14.06.2006-cı il tarixədək “xxxx” Firmasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı iddiaçının 12.01.1995-ci il tarixdən 14.06.2006-cı il tarixədək “xxxx” Firmasında işlədiyi illərdə Firmanın fəaliyyət göstərib-göstərməməsinin araşdırılması məqsədilə sorğular göndərilmiş və sorğulara cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən daxil olmuş məktublara əsasən müəyyən edilmişdir ki, “xxxx” Firması 11 dekabr 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 25 avqust 2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən ********** nömrəli 10 (on) rəqəmli eyniləşdirmə nömrəsi verilmişdir. Hüquqi şəxs “xxxx” Firmasının (VÖEN **********) dövlət qeydiyyatı məlumatlarına əsasən təsisçisi – “xxxx” MMC, rəhbəri – X3r. X7 “xxxx” Firmasında rəhbər və ya təsisçi kimi qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında “xxxx” Firmasında 12.01.1995-ci il tarixdən 14.06.2006-cı il tarixədək işləməsinə dair müvafiq qeydlər olsa da, “xxxx” Firması 11 dekabr 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 25 avqust 2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən ********** nömrəli 10 (on) rəqəmli eyniləşdirmə nömrəsi verilmişdir. Bu səbəbdən də, iddiaçının “xxxx” Firmasında işlədiyi 11 dekabr 1997-ci il tarixdən, 14.06.2006-cı il tarixədək illər sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. İddiaçının 11.12.1997-ci il tarixdən 14.06.2006-cı il tarixədək işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barədə sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Qanunvericiliyin müddəalarına görə mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim edilmədiyindən, “xxxx” Firmasının dövlət qeydiyyatına alındığı, 11.12.1997-ci il tarixdən etibarən 14.06.2006-cı il tarixədək işlədiyi illər sığorta stajına daxil edilməli, 12.01.1995-ci il tarixdən 11.12.1997-ci il tarixədək işlədiyi müddət isə sosial sığorta stajına daxil edilməməlidir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə eləcə də, iddiaçının tələbinin metodist müəllim olduğuna görə pensiyasına əlavə hesablanması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının tələbi həmin hissədə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunvericiliyində metodist müəllim olmuş şəxslərin pensiyalarına əlavələrin hesablanması nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 11.12.1997-ci il tarixdən 14.06.2006-cı il tarixədək “xxxx” Firmasında işlədiyi illərin onun sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar