Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7700/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsizliyə görə maddi və mənəvi təzminatın ödənilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2018-ci ilin iyul ayında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən qeyri-qanuni olaraq ixtisara salınmışdır. İddiaçı bununla bağlı X2 Xidmətinə müraciət etmiş və sonuncu tərəfindən ADRA-nın onun işdən azad etmə barədə əmrinin ləğv edilməsi barədə protokol tərtib edilmiş, müəssisə cərimə edilmişdir. Lakin buna baxmayaraq Akademiya tərəfindən heç bir tədbir görülməmişdir. Belə ki, işdən çıxdığı vaxtdan bugünədək ona heç bir iş təklif edilməmiş, ixtisara salınmağı ilə bağlı kompensasiya və sosial yardım ödənilməmişdir. O, bir çox xəstəliklərdən əziyyət çəkir. Eyni zamanda kirayə, ərzaq və müalicəsi üçün tələb olunan dərman vasitələrinin pulunu ödəyə bilmədiyi üçün borcu yaranmışdır. X1 yaşayır və pula ehtiyacı var.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
4. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 13-cü maddəsinə əsasən Məhkəmə tərəfindən iddiaçıya 30 iyun 2021-ci il tarixli məktubla hüquqi yardım göstərilmiş, iddia ərizəsində olan müvafiq çatışmazlıqların aradan qaldırılması üçün vaxt təyin edilmiş, iş üzrə iddianın mümkünlüyünə baxılması ilə bağlı məhkəmə iclası 02 avqust 2021-ci il tarixə təyin edilmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
6. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır.
7. Belə ki, iş materiallarında olan 21.06.2021-ci il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı haırkı tələbinə cavab verməli olan cavabdeh qurumun adını və ünvanını göstərməmişdir.
8. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 46.1-ci maddəsinə əsasən iddia ərizəsində cavabdeh inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları göstərilməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir.
9. Sadalanan normaların tələblərinə uyğun olaraq iddia ərizəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə məhkəmə 30.06.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım göstərmiş, iddia ərizəsini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün müddət təyin etmişdir. Lakin buna baxmayaraq, iddiaçı çatışmazlıqları aradan qaldırmamış, məhkəmə iclasında da iştirak etməmişdir.
10. Belə olan halda iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, iddia tələbinin sərəncamçısı iddiaçı olduğundan, məhkəmənin öz təşəbbüsü ilə iddia tələbinə cavab verən orqanı müəyyənləşdirmək kimi səlahiyyəti olmadığından məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük tələblərinə cavab vermir.
11. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim: Səlma Salahova