Məhkəmə qərarları › İş №2-1(112)-7702/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7702/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7702/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X4” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X4” məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə “X4” MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 4546,85 manat məbləğində vergi borcunun yazılmasına dair qərarının ləğv edilməsi və həmin vergi borucunun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, qanunla müəyyən olunmuş qaydada “X4” MMC-ni təsis edilərək (VÖEN **********0) vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatlarını təqdim etmişdir. Lakin cəmiyyətə məlum olmuşdur ki, cavabdeh Bakı şəhəri LGBİ-nin qərarı ilə qanunsuz və əsassız olaraq təsisçisi olduğu “X4” MMC-yə 4546,85 manat məbləğində vergi borcu yazılmışdır. Cəmiyyət vergi ödəyicisi qismində müntəzəm surətdə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanlarına vergi hesabatlarını vermişdir. Lakin cavabdeh Bakı şəhəri LGBİ -nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq “X4” MMC-yə 4546,85 manat manat məbləğində süni surətdə yaradılmış vergi borcu yazılmışdır. Bununla əlaqədar dəfələrlə cavabdeh İdarəyə müraciət etmişdir, lakin buna baxmayaraq cavabdehin qərarı ilə qanunsuz və əsassız olaraq təsisçisi olduğu “X4” MMC-yə 4546,85 manat məbləğində vergi borcu yazılmışdır. Ona görə də hesab edirlər ki, cavabdeh Bakı şəhəri LGBİ -nin qərarı ilə təsisçisi olduğu “X4” MMC-yə 4546,85 manat məbləğində vergi borcunun yazılması qanunsuz və əsassızdır, həmin məbləğ sadələşdirilmiş vergi ödəməsi sistemi ilə deyil, qanunsuz olaraq həddən artıq şişirdilmiş rəqəmlərlə yazıldığına görə cavabdehin qərarı məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilməli və qanunsuz yazılmış vergi borcu silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 12.05.2022-ci il tarixdə məhkəməyə Bakı şəhəri LGBİ-nin iddiaya dair yazılı vəsatəti daxil olmuşdur. İddianın mümkün sayılmaması barədə 06.05.2022-ci il tarixli **********345000 saylı vəsatətdə göstərilmişdir ki, Bakı şəhəri LGBİ aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1 -ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən cari tarixə 3736 manat əsas vergi borcu və 239,24 manat faiz borcu mövcuddur. Əsas vergi borcunun yaranmasına səbəb vergi orqanı tərəfindən qəbul edilmiş 16.09.2021-ci il tarixli və 26.08.2021-ci il tarixli qərarlar olmuşdur. Göründüyü kimi, vergi orqanı tərəfindən 4546,85 manat məbləğində verginin hesablanmasına dari hər hansı qərar qəbul edilməmiş və beləliklə, iddiaçının mübahisələndirdiyi predmet mövcud deyil, iddiaçı tərəfindən iddia növünə münasibətdə İnzibati Prosessual Məcəllənin tələblərinə düzgün əməl olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarının 6 və 7-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı (və ya vəkili-nümayəndəsi) məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X2 vəsatətə uyğun izahat verərək, vəsatətdə qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Bakı şəhəri LGBİ tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 26.08.2021-ci il tarixli **********234000 №-li qərarın surətindən müəyyən olunur ki, İddiaçı MMC-yə iyun 2021-ci il dövrü üçün əlvə gəyər vergisinə görə kameral yoxlama nəticəsində 3738,00 manat vergi borcu hesablanmışdır. Bakı şəhəri LGBİ tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 16.09.2021-ci il tarixli **********170700 №-li qərarın surətindən müəyyən olunur ki, İddiaçı MMC-yə iyul 2021-ci il dövrü üçün əlvə gəyər vergisinə görə kameral yoxlama nəticəsində 3735.00 manat vergi borcu hesablanmışdır. Hazırda iddiaçı inzibati orqan tərəfindən barəsində qəbul edilmiş qərarın ləğv olunması və həmin qərar əsasında hesablanmış vergi borcunun silinməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasın iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hüquqi şəxsin adından verilmiş iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadığından və hazırda baxılan mübahisə üzrə mübahisələndirilən qərarın nömrəsi və tarixi qeyd olunmadığından iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X4” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar