Məhkəmə qərarları › İş №2-1(112)-7702/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7702/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7702/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi və pensiyanın bərpası” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 50 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən əmək haqqının orta aylıq məbləğinə uyğun təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş qalıq məbləğin birdəfəlik verilməsi və pensiyasından tutulmaların dayandırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 50 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən əmək haqqının orta aylıq məbləğinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən heç bir inzibati icraat aparılmadan, İddiaçı inzibati icraata dəvət etmədən, dinlənilmə hüququnu təmin etmədən ona əmək haqqının orta aylıq məbləğinə uyğun təyin edilmiş pensiyanı ləğv edərək pensiya məbləğini azaltmışdır. Bu da “İnzibati İcraat haqqında” Qanunun tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1-ci maddəyə əsasən cari tarixə yaş həddi kişilərdə 60 yaş, qadınlarda 58,5 yaş təşkil edir. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 Ns-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 Ns-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Nümunə olaraq, xx.xx.2017-ci il tarixindən etibarən, yəni 6 ildən artıqdır ki, Qanunun 9.1- ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilib. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının Fondun əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrı-ayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin hazırki vəziyyətdə xx.xx.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000-2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Halbuki iddiaçı onu da nəzərə almalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki nomraların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. İddiaçının mövqeyi o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq onun 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 29 il 2 ay 1 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 34,44 manat (29,17 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 56,41 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 5571,36 manat sığorta kapitalına uyğun 38,69 (5571,36:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 180,10 (56,41+38,69+85,00) manat məbləğində əmək pensiyası (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 235,91 manat) təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixindən 384,01 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 548,97 manat)) artıq əmək pensiyası təyin edilərək ona ödənilib. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiya təyin edildikdən sonra 6 il və daha çox işlədiyinə görə xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən əmək pensiyasının xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 19673,36 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 133 aya (63 yaş 6 ay-58 yaş 5 ay)=61+(144 ay-72 ay) bölünməklə 147,92 manat (19673,36:133) qanuni əmək pensiyasının (235,91 manat) üzərinə əlavə edilərək 383,83 manat (235,91 + 147,92) (Qanunun 26.4-cü maddəsinində tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 662,86 manat)) ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 22834,68 manat sığorta kapitalı 133 aya bölünərək 171,69 manat (22834,68:133) düzgün olmayan əmək pensiyasının 548,97 manat üzərinə əlavə edilməklə 720,66 manat (548,97+171,69) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1229,96 manat)) artıq əmək pensiyası ödənilib. Bundan başqa, adıçəkilən şəxsin əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işləməsilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada onun əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 662,86 manatdan 1108,90 manata artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, İddiaçı son üç il üçün 18462,20 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Qanunun 29.1-ci maddəsinə görə indeksləşdirmə ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixindən 1233,10 manat təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Əlisafa oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı tərəfindən cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi və ona pensiya ödənişinin pensiya təyin edildiyi xx.xx.2009cu il tarixli qərara əsasən hüququnun yarandığı xx.xx.2009-cu il tarixə uyğun ödənilməsinin bərpa edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya aid pensiya işi və inzibati icraat materiallarının surətindən görünür ki: -Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinin 21/229 nömrəli, xx.xx.2009-cu il tarixli qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-3-63629/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən pensiya təyin olunmuşdur, hazırki pensiya məbləği 1229 manat 96 qəpik, yenidən hesablanmış pensiya məbləği 1088 manat 86 qəpik təşkil edir. Yenidən hesablanmanın səbəbi: 37.3.1( hüququn 50-dən 52-yə keçirilməsi, 6 illik), 39.1-ci maddəsinə əsasən məhdudlaşdırma. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-3-63881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdə 487.25, xx.xx.2021-ci il tarixdə 542.79 manat. xx.xx.2022-ci il tarixdə 561.25 manat, xx.xx.2023-cü il tarixdə 662.86 manat təyin edilmiş, yenidən hesablanmış məbləğ 1108.90 manat, hazırki pensiya məbləği 1229.96 manat müəyyən edilmişdir. Yenidən hesablanmanın səbəbi: 37.3.1 (hüququn 50-dən 52yə keçirilməsi, 6 illik), 39.1-ci maddəsinə əsasən məhdudlaşdırma. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Q-11176/24 nömrəli artıq ödənilmiş əmək pensiyası haqqında məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş 52 yaş həddinə uyğun təyin edilməlidir. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 29 il 2 ay 1 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006- cı il tarixinədək sizin iş stajınıza uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 34,44 manat (29,17 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 56,41 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006- xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 5571,36 manat sığorta kapitalına uyğun 38,69 (5571,36:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 180,10 (56,41+38,69+85,00) manat məbləğində əmək pensiyası (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 235,91 manat) təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixindən 384,01 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 548,97 manat)) artıq əmək pensiyası təyin edilərək sizə ödənilib. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2017-ci il tarixli ərizənizə əsasən fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 19673,36 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 133 (63 yaş 6 ay-58 yaş 5 ay)=61+(144 ay-72 ay) aya bölünməklə 147,92 manat (19673,36:133) qanuni əmək pensiyanızın (235,91 manat) üzərinə əlavə edilərək xx.xx.2017-ci il tarixinə 383,83 manat (235,91+147,92) (Qanunun 26.4-cü maddəsinində tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 662,86 manat)) sizə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 22834,68 manat sığorta kapitalı 133 aya bölünərək 171,69 manat (22834,68:133) düzgün olmayan əmək pensiyanızın 548,97 manat üzərinə əlavə edilməklə 720,66 manat (548,97+171,69) sizə artıq əmək pensiyası (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1229,96 manat)) ödənilmişdir. Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.Qeyd olunanlara əsasən, sizə son üç il üzrə 18462,20 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 18462,20 manat pul vəsaiti cari aydan etibarən hissə-hissə hər ay 110,89 manat olmaqla əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirik ki,əmək pensiyanız yenidən hesablandıqdan sonra 6 il işləməyinizlə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyanız xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 662,86 manatdan 1108,90 manata artırılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-282304/2023 nömrəli məktubunda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Qeyd olunanları və Qanunun 62.1-ci maddəsinin tələblərini nəzərə alaraq bildiririk ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində sizin əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 1088,86 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, sizə artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 18502,25 manat təşkil edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin: -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Pensiyanın bərpa edilməsi barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. Cavabdeh iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlarının iddiaçıya təqdim edilməsini sübut edən sənədə istinad etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərarlardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçı sözügedən inzibati aktlardan məlumatlı olmamışdır. İddiaçı mübahisələndirilən qərarlarla hazırkı məhkəmə icraatında tanış olmuşdur. Beləliklə, iddiaçı məhkəmə icraatında məlumatlı olduğu mübahisələndirdiyi inzibati aktlara münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddia üzrə mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinin 21/229 nömrəli, xx.xx.2009-cu il tarixli qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli yenidən hesablama barədə qərarları ilə iddiaçının 6 il və daha çox işlədiyinə görə toplanmış pensiya kapitalı nəzərə alınmaqla fərdi hesabın sığorta hissəsində yığımış pensiya kapitalına əsasən iddiaçının pensiya hüququnun yarandığı tarix 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının sonuncu dəfə xx.xx.2023-cü il tarixdən aylıq əmək pensiyası əvvəlcə 1229.96 manatdan 1088.86 manata endirilmiş, daha sonra 1108.90 manata çatdırılmışdır. Cavabdehin mövqeyinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən orta əmək haqqına əsasən hesablanaraq təyin edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmış və nəticə etibarı ilə 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. 1 avqust 1997-ci il tarixinədək ümumi və güzəştli iş stajını tamamlamış, lakin 50 yaşı tamam olmamış şəxslərə həmin tarixdən sonra sözügedən dəyişikliyə uyğun olaraq 52 yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının mövqeyinə görə 01 avqust 1997-ci il tarixədək 20 il ümumi və 10 il güzəştli iş stajı tamam olduğundan onun pensiya hüququ 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən yaranmışdır. Odur ki, cavabdehin pensiyanın yenidən hesablanması ilə bağlı qərarı əsassızdır. İddiaçı hazırkı iddiasında onun pensiya yaşının 52 yaşa çəkilməsi ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlarının ləğvini və pensiyasının pensiya təyin edildiyi xx.xx.2009-cu il tarixli qərara uyğun olaraq hüququn yarandığı xx.xx.2009-cu il tarixə orta əmək haqqı əsasında hesablanaraq ödənilməsinin bərpa edilməsini mübahisələndirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı normalara istinad edir. .“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Qeyd edilməlidir ki, uzun müddət çoxsaylı məhkəmə qərarları ilə formalaşmış məhkəmə təcrübəsi ilə qeyd edilən ƏPQ-nun 9.8-ci maddəsi ilə pensiya təyinatı aparılarkən nəzərə alınmışdır ki, ƏPQ-nin istinad olunan 9.8-ci maddəsi əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa və staja görə tələbləri nəzərdə tutarkən ƏPQ qüvvəyə minən günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini nəzərdə tutmuşdur ki, həmin tələblərə əsasən xx.xx.1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə 10 il güzəştli, 20 il ümumi iş stajı toplamış şəxslərin 50 yaşının hansı vaxtdan tamam olmasından asılı olmayaraq adıçəkilən Qanunun 13-cü maddəsinin a bəndinə əsasən güzəştli pensiya təyinatı hüququna malikdir. İddiaçıya aid pensiya işindən də görünür ki, iddiaçı ƏPQ-nun 9.1 və 9.8-ci maddələrinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.1997-ci il tarixədək 20 il ümumi iş stajı toplamış və bunun 10 ilini zərərli işlərdə işləmiş və nəticə etibarı ilə inzibati orqan öz təşəbbüsü ilə iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli pensiya təyin etmişdir. “İnzibati icraat haqqında” Qanunun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Yuxarıda sadalanan normalardan çıxış edərək məhkəmə hesab edir ki, iddiaçıya mübahisəli pensiya təyinatı qərarı qanunun qüvvədə olan normasına əsaslanaraq qəbul edildiyindən, inzibati orqanın xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunun redaksiyasına əsasən pensiya təyinatı aparması həm də həmin vaxtdan etibarən hazırkı tarixədək formalaşmış uzunmüddətli məhkəmə təcrübəsi ilə üst-üstə düşdüyündən iddiaçıya pensiya təyinatı barədə cavabdehin xx.xx.2009-cu il tarixli qərarı qanuni əliverişli inzibati akt qismində çıxış edir. Məhkəmə qeyd edir ki, qanuni əliverişli inzibati aktın ləğvinə yalnız yuxarıda adıçəkilən Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallarda yol verilə bilər. Hazırkı iş üzrə iddiaçıya güzəştli pensiya təyinatı ilə bağlı xx.xx.2009-cu il tarixli qərarının ləğvi və ya həmin qərarın pensiya yaşının 52 yaşa çəkilməsi ilə bağlı yenidən hesablanması barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları ilə dəyişdirilməsinə əsas verə biləcək Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İİQ-nun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırkı halda cavabdeh qanuni əliverişli inzibati aktın qəbul edildiyi vaxtdan 14 il sonra həmin qərarın hüquqi nəticəsini aradan qaldıran-pensiya yaşının 50 yaşdan 52 yaşa çəkilməsi, eyni zamanda bununla da orta əmək haqqına istinadən pensiya hesablaması qaydasını dəyişdirməsinə nail olan pensiyanın yenidən hesablaması barədə qanunsuz əliverişsiz inzibati aktlar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinin a bəndinin xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya təyin edilməsi barədə qərarı qanuni əliverişli inzibati akt olmuşdur. Cavabdehin iddiaçıya 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı tarixi 52 yaşa çəkməsi barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları qanunsuz, əliverişsiz inzibati aktlardır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati aktlar hər bir halda ləğv edilməli və onların hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyasının yenidən hesablanması haqqında 17-1/3-3-63629/2023 nömrəli, xx.xx.2023cü il tarixli və 3-17-1/3-3-63881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları ləğv edilməli, iddiaçıya pensiya ödənişinin pensiya təyin edildiyi xx.xx.2009-cu il tarixli qərara uyğun olaraq ödənilməsinin bərpa edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması haqqında 17-1/3-3-63629/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 3-17-1/3-3-63881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları ləğv edilsin. İddiaçı pensiya ödənişinin pensiya təyin edildiyi xx.xx.2009-cu il tarixli qərara əsasən hüququn yarandığı xx.xx.2009-cu il tarixə uyğun ödənilməsinin bərpa edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar