Məhkəmə qərarları › İş №2-1(112)-7703/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7703/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7703/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının “iddiadan imtina edilməsi” barədə ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəli xx.xx.2021-ci il tarixindən müəyyən olunmaqla onun əlillik dərəcəsinin bərpa edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra Məhkəmə xx.xx.2021-ci il tarixdə işin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı sərəncam vermiş, məhkəmənin hazırlıq icraatı iclası 16 avqust 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə daxil olmuş ərizə ilə müraciət edərək, cavabdeh orqan tərəfindən əlilliyi bərpa edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, ərizəsinin geri çəkilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər öz nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, bununla bağlı məhkəməyə məlumat verməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina barədə ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının ərizəsindən, eyni zamanda cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş əlillik bərpa edilmiş, ona həmin tarixdən 5 il müddətinə ikinci qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı hazırda bu hala istinad edərək ərizəsinin geri çəkilməsini və icraata xitam verilməsini xahiş edir ki, məhkəmə iddiaçının bu tələbini iddiadan imtina kimi qiymətləndirir. İPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İnzibati prosessual qanunvericilik iddiaçının iddiadan imtina etməsinin yalnız şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra cavabdehin razılığı olmadan yolverilməz olması ilə məhdudlaşdırmışdır ki, hazırkı işdə bu hal yoxdur. Yəni iddiaçı məhkəmə çıxışları başlayana qədər, hazırlıq icraatı zamanı iddiadan imtina etmişdir. İPM-in 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina barədə ərizəsi qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Habelə iddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 55 və 83.3.6-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” barədə iddiasından imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar