Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7703/2022 30.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və vergi borcunun silinməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz və əsassız olduğundan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin fiziki şəxs kimi ona 20056,07 manat məbləğində vergi borcunun yazılmasına dair qərarının ləğv edilməsi və həmin vergi borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, qanunla müəyyən edilmiş qaydada fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olub və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatlarını təqdim edib. Lakin ona məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı ilə qanunsuz və əsassız olaraq ona 20056,07 manat məbləğində vergi borcu yazılmışdır. Bununla əlaqədar bildirir ki, o, vergi ödəyicisi qismində müntəzəm surətdə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanlarına vergi hesabatlarını verib. Lakin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq fiziki şəxs kimi ona 20056,07 manat məbləğində süni surətdə yaradılmış vergi borcu yazılmışdır. Bununla əlaqədar dəfələrlə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edib, lakin buna baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı ilə qanunsuz və əsassız olaraq fiziki şəxs kimi mənə 20056,07 manat məbləğində vergi borcu yazılmışdır. Ona görə də hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı ilə fiziki şəxs kimi mənə 20056,07 manat məbləğində vergi borcunun yazılması qanunsuz və əsassızdır, həmin məbləğ sadələşdirilmiş vergi ödəməsi sistemi ilə deyil, qanunsuz olaraq həddən artıq şişirdilmiş rəqəmlərlə yazıldığına görə cavabdehin qərarı məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilməli və ona qanunsuz yazılmış vergi borcu silinməlidir.
3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək mübahisələndirilən qərarı təqdim etməklə iddia tələbində qərarın rekvizinlərinin (nömrəsi, tarixi) göstərilməsi üçün ağlabatan müddət təyin edilmiş, iddia tələbinin lazımi qaydada qaldırılmaması onun mümkünsülüyünə səbəb olması izah edilmişdir. Lakin iddia tələbi qeyd edilən müddətdə iddiaçı tərəfindən dəqiqləşdirilməmiş və məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak etməmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında tərəflər iştirak etmir.
II. İddianın mümkünlüyü
5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
6. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
7. Bununla bağlı iddiaçıya hüquqi marağına uyğun iddianın qaldırılması ilə bağlı hüquqi yardım göstərilərək mübahisələndirilən qərarın təqdim edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən ağlabatan müddət təyin edilməsinə baxmayaraq, iddia tələbi dəqiqləşdirilməmişdir (dəyişdirilməmişdir).
8. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, o, hüquqi marağına uyğun olaraq vergi orqanının müvafiq qərarını mübahisələndirə bilər.
9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
10. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva