Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7704/2024 07.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra –iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdə təyin edilmiş pensiya məbləğinin xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq qulluq stajına görə əlavənin 50% məbləğində hesablanmasının və həmin tarixdən pensiyadan hər ay tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Gömrük Komitəsində işləməyi ilə əlaqədar 29 il 3 ay 19 gün (təqvim xidmət illəri 26 il 10 ay 4 gün, ali təhsil 2 il 5 ay 15 gün) xidmət müddəti olmaqla xüsusi rütbəli şəxs kimi ona pensiya təyin edilmişdir. Pensiya çıxdıqdan sonra xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmuş, əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Maliyyə-iqtisadiyyat Baş idarəsinin Nəzarət-təftiş idarəsinin Nəzarət-təftiş işinin təşkili sektorunun müdiri vəzifəsində işləmişdir. Hazırda Nəzarət-təftiş idarəsinin rəis müavini vəzifəsində işləyir və işlədiyi vəzifələr hərbi və xüsusi rütbəli vəzifə deyil. 2023-cü ilin yanvar ayından aldığı 1824.98 manat pensiyanın məbləği yenidən hesablanaraq, sığorta hissəsi 286.54 manat tam, qulluq stajına görə əlavə 1538.44 manatın 50%-i 769.22 manat ödənilməyə başlanılmışdır. Qulluq stajına görə əlavənin məbləği 50% hesablandığı üçün Mərkəzi filialın hesablamasına görə 29540.74 manat “artıq” ödənilmiş məbləğ müəyyən edilmişdir. Son üç ilin həmin məbləğ hər ay iddiaçının pensiyasından tutulur. “Əmək pensiyyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən smək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddiaçının pensiyasından hər hansı bir məbləğin tutulması qanunsuzdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda-isə tam məbləğdə ödənilir. Göründüyü kimi Qanunda konkret olaraq 20-ci maddənin ayrı-ayrı bəndləri ilə müəyyən edilir ki, hansı işləyən pensiyaçılara 50% faiz ödənilməlidir. Lakin cavabdeh ümumi şəkildə 20-ci maddəyə istinad edir və bu barədə heç bir açıqlama vermir. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 8 oktyabr 2018-ci il tarixli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 31 avqust 2018-ci il tarixindən Mərkəzi Filial tərəfindən 29 il 3 ay 19 gün (təqvimi xidmət illəri 26 il 10 ay 4 gün, ali təhsil 2 il 5 ay 15 gün) xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı iddiaçıya xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində sektor müdiri vəzifəsinə dövlət qulluğuna qəbul olunduğu halda, bu barədə Mərkəzi Filiala məlumat verilmədiyindən əmək pensiyasına qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilib. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Buna görə də, onun əmək pensiyası (1824,98 manat) yenidən hesablanaraq pensiyasının sığorta hissəsi tam (286,54 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (1824,98-286,54=1538,44x50%=769,22 manat) olmaqla ümumilikdə 1055,76 manat (286,54+769,22) məbləğində müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, sözügedən maddənin tələbləri nəzərə alınmaqla əmək pensiyası keçmiş müddət üçün yenidən hesablanaraq iddiaçıya ümumilikdə 29540,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya artıq ödənilmiş 29540,74 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən əmək əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əsasən iddiaçının tələbini şərti olaraq iki hissəyə bölmək olar:
1. xx.xx.2018-ci il tarixdə təyin edilmiş pensiya məbləğinin xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq qulluq stajına görə əlavənin 50% məbləğində hesablanmasının qanunsuz hesab edilməsi;
2. pensiyadan hər ay tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması. İ tələbə münasibətdə İşdə olan Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli məlumat vərəqəsindən görünür ki, İddiaçı Bakı baş Gömrük İdarəsində şöbə rəisi vəzifəsində işləmiş, təqvim üzrə xidmət ili 26 il 10 ay 4 gün, ali təhsili 2 il 5 ay 15 gün olmaqla, cəmi xidmət ili 29 il 3 ay 19 gün təşkil etmiş, xx.xx.2018-ci ildə “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİİ-nin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli 18/3386 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlədiyi müddətdə hərbi və xüsusi rütbə verilməmişdir və eyni zamanda, 26 noyabr 2018-ci il tarixdən - 14 fevral 2019-cu il tarixinədək Fövqəladə Hallar Nazirliyinin Maliyyəiqtisadiyyat Baş idarəsinin Nəzarət-təftiş idarəsinin Nəzarət-təftiş işinin təşkili sektorunun müdiri vəzifəsində, 5 fevral 2019-cu il tarixdən - 31 yanvar 2023-cü il tarixinədək Nəzarəttəftiş idarəsinin Nəzarət-təftiş işinin təşkili sektorunun müdiri vəzifəsində, 01 fevral 2023-cü il tarixindən Nəzarət-təftiş idarəsinin rəis müavini vəzifəsində işləyir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-4777/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği dövlət qulluğunda işləməsi ilə əlaqədar 1824.98 manatdan 1332.05 manata azaldılmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 8 oktyabr 2018-ci il tarixli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - ƏPQ) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı 31 avqust 2018-ci il tarixindən Mərkəzi Filial tərəfindən 29 il 3 ay 19 gün (təqvimi xidmət illəri 26 il 10 ay 4 gün, ali təhsil 2 il 5 ay 15 gün) xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı İddiaçı xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində sektor müdiri vəzifəsinə dövlət qulluğuna qəbul olunduğu halda, bu barədə Mərkəzi Filiala məlumat verilmədiyindən əmək pensiyasına qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilib. Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Sözügedən Qanunun 38.2-ci maddəsinə əsasən işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Buna görə də, adıçəkilən şəxsin əmək pensiyası (1824,98 manat) yenidən hesablanaraq pensiyasının sığorta hissəsi tam (286,54 manat), qulluq stajına görə əlavəsi isə 50 faiz miqdarında (1824,98- 286,54=1538,44x50%=769,22 manat) olmaqla ümumilikdə 1055,76 manat (286,54+769,22) məbləğində müəyyən edilib. Beləliklə, işin qeyd olunan hallarından məlum olur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmaqla azaldılmasına səbəb iddiaçıya ödənilən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin 100 fazi deyil, ƏPQ-nin 37.3.4-cü maddəsinə əsasən 50 faiz həcmində ödənilməsi olmuşdur. İddiaçı hazırda bu hesablamanın qanunsuz hesab edilməsini, yəni ona qulluq stajına görə əmək pensiyasına əlavənin 100 faiz həcmində ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); - 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. Qanunun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Qanunun 37.3-cü maddəsinə görə işləyən əmək pensiyaçılarına: 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. İş materialları ilə iddiaçıya Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi, həmçinin onun hazırda Qanunun 20.1.1-20.1.21-ci maddələrində göstərilən vəzifədə çalışması tam təsdiq olunur. Belə ki, işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, İddiaçı 26 noyabr 2018-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin Maliyyə-iqtisadiyyat Baş idarəsinin Nəzarət-təftiş idarəsinin Nəzarəttəftiş işinin təşkili sektorunun müdiri (dövlət qulluğu), 15 fevral 2019-cu il tarixdən Nəzarəttəftiş idarəsinin Nəzarət-təftiş işinin təşkili sektorunun müdiri (dövlət qulluğu), 01 fevral 2023-cü il tarixdən isə Nəzarət-təftiş idarəsinin rəis müavini (dövlət qulluğu) vəzifəsində işləyir. Belə olan halda aydındır ki, ƏPQ-nin 20.1.11-ci maddəsində nəzərdə tutulmuş (hərbi qulluqçu) şəxs kimi, həmin qanunun 20.1.8-ci maddəsində (dövlət qulluqçusu) göstərilən vəzifədə çalışan iddiaçıya qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faiz həcmində ödənilməsi qanunun 37.3.4-cü maddəsinə uyğundur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. İİ tələbə münasibətdə İş materiallarından görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasını yuxarıda qeyd olunan qaydada yenidən hesablayarkən ona ümumilikdə 29540,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən etmiş, İddiaçı artıq ödənilmiş 29540,74 manat pul vəsaitinin 2151,99 manatı 2023-cü ilin yanvar ayından etibarən hissə-hissə onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Qalıq 27388,75 manat təşkil edir. Halbuki “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan 2200 manata qədər pensiya ödənişini tutmuşdur. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Lakin cavabdeh belə bir qərarı təqdim etmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödənilən pensiya məbləğindən tutma aparması qanunsuz olmuşdur. Bu səbəbdən tutulmuş məbləğ də iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia qismən təmin edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasından 2023-cü ilin yanavar ayından etibarən hər ay tutulmalar aparılması qanunsuz hesab edilsin və tutulmuş pensiya məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova