Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7705/2022 21.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ HakimAbdullayeva Aygün Abdulla qızınınsədrliyi, Məhkəmə iclas katibi X4katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməsi, pensiyanın azaldığı tarixdən əvvəlki vəziyyətə bərpa edilməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməsi və həmin pensiyanın azaldıldığı tarixdən əvvəlki vəziyyətinə bərpa edilkməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-ci il Ermənistanın Qafan rayonunda doğulmuşdur. O, digər işlərlə yanaşı xx.xx.1980-ci ildən xx.xx.1992-ci ilə qədər Bakı şəhəri, Kirov rayon İcrayyə Komitəsində Kirov qəsəbəsi XDS İK-nın katibi vəzifəsində xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilə qədər isə Binəqədi rayon İcra Hakimiyyətinin M.Ə.Rəsulzadə qəsəbəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsinin müavini vəzifəsində işləmişdir. İddiaçıya DSMF-nun Nərimanov rayon Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdən Dövlət Qulluqçusu kimi yaşa görə pensiya təyin edilmişdir. Uzun müddət yəni xx.xx.2022-ci ilə qədər iddiaçı tərəfindən ona aparılmış təyinat üzrə cari pensiya məbləğləri təyin olunaraq ödənilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən 2012-ci il və 2013-cü illərdə ayrı-ayrılıqda ona təyin olunmuş pensiyanın yenidən hesablanması ilə əlaqədar yaşadığı yer üzrə yəni DSMF-nun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə tərəfindən həmin iddia tələbləri təmin edilmiş və iddiaçının pensiyasının yenidən hesablanması DSMF-nin Binəqədi rayon şöbəsinin üzərinə qoyulmuşdur. Daha sonra DSMF-nun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya təyin olunmuş pensiya ilə bağlı araşdırılma aparılmağa başlanılmışdır. Həmin aparılmış araşdırma nəticəsində iddiaçının dövlət qulluğunda qulluq stajı 7 il 11 ay 4 gün olması müəyyən edilmişdir. Bu əsasdan cavabdeh inzibati orqan iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunan zaman onun qulluq stajının düzgün hesablanmadığını əsas gətirərək şəxsə təyin olunmuş pensiyanın məbləğini azltmış, bununla yanaşı xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək ona ödənilmiş 32.764 manat 32 qəpik pulun geri ödənilməsini tələb etmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərin əsassız hesab edilməklə onun pensiyası əvvəlki vəziyyətinə bərpa edilməlidir. Belə ki, yuxarıda da, sadaladıqları hallardan göründüyü kimi, iddiaçının 19 il 06 ay 15 gün dövlət qulluğu stajı mövcud olmuşdur. xx.xx.2017-ci ilə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən iddiaçıya haqlı olaraq onun qulluq stajına əsasən vəzifə maaşının 80% məbləğində pensiya təyin olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, DSMF öz fəaliyyətini həyata keçirən zaman qüvvədə olan normativ hüquqi aktlarla yanaşı daxili təlimat və qaydalardan da, istifadə edir. Hazırkı mübahisə iş üzrə departamentinə, şəhər və rayon şöbələrinə “Dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” xx.xx.2005-ci il tarixli xx/xx-1498 №-li izahat məktubu ünvanlanmışdır. Həmin izahat məktubunun 1-ci bölməsinin 1-ci abzasında qeyd olunmuşdur ki, bu izahat “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluqçularına pensiya təyin edilməsi və pensiyalarının yenidən hesablanması məsələlərini nizama salır. Həmin izahatın 5-ci bölməsində olan 1 №-li misalda aşağıdakılar qeyd olunmuşdur: “Şəxs xx.xx.1977-ci ildən xx.xx.1981-ci ilədək kənd sovetinin sədri, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək şəhər partiya komitəsinin katibi, xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilədək isə rayon icra hakimiyyəti başçısının müavini vəzfəsində işləmişdir. Bu zaman onun dövlət qulluğu stajı kənd sovetinin sədri - 4 il, şəhər partiya komitəsinin katibi - 5 il və rayon icra hakimiyyəti başçısının müavini – 10 il olmaqla cəmi 19 il təşkil edəcəkdir”. Göründüyü kimi, DSMF orqanı tərəfindən iddiaçıya ilkin təyinat zamanı həmin izahat məktubu əsas götürülməklə pensiyası hesablanmışdır. Hazırda cavabdeh tərəfindən heç bir mötəbər sənədə istinad olunmadan şəxsə təyin olunmuş pensiyanın azaldılması əsaslı hesab edilə bilməz. Bundan başqa hesab edirlər ki, iddiaçıya münasibətdə ona təyin edilmiş pensiyanın məbləğinin azaldılması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları kobud şəkildə pozulmuşdur. Cavabdehin özü tərəfindən tam qanuni əsaslarla əvvəl təyin etdiyi həmin pensiya ödənişini, inzibati icraat qaydalarına riayət etmədən, yəni, inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən və pensiyanın azaldılması barədə müvafiq qərar da, qəbul etmədən, əsassız olaraq qanunsuz hərəkətləri ilə azaltmışdır. Halbuki, ən azından, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə cavabdehin inzibati orqan olaraq qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1950-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus onun adına 27 mart 1973-cü il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, xx.xx.1973-cü ildə Xaçmaz şəhər fəhlə-gənclər məktəbinə kimya biologiya müəllimi təyin edilmiş, xx.xx.1973-cü ildən Xaçmaz fəhlə gənclər məktəbinin kimya biologiya müəllimi həmin məktəbdə dərs aktları saxlanmaqla Xaçmaz şəhər 3 nömrəli məktəbinə müəllim köçürülmüş, xx.xx.1978-ci ildə Xaçmaz şəhər 3 nömrəli orta məktəbin müəllimi ailə vəziyyəti ilə əlaqədar verdiyi ərizəsinə əsasən rayon müəllimliyindən azad edilmiş, xx.xx.1979-cu il tarixdən, xx.xx.1980-ci il tarixədək Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyinin Hidroloji Coğrafi-Meliorasiya ekspedisiyasında texnik, mühəndis vəzifələrində işləmiş, xx.xx.1980-ci ildə Kirov İcra Hakimiyyətinin Kirov İH-nin X11 Depuratlarının katibi seçilmiş, xx.xx.1992-ci ildə M.Ə.Rəsulzadə qəsəbəsi üzrə İH Başçsının nümayəndəsinin müavini vəzifəsindən azad edilmiş, xx.xx.1999-cu il tarixdən MKTBİİ-nin MKTB-nin 11 saylı MKİS-nə pasport qeydiyyatçısı təyin edilmiş, xx.xx.2000-ci ildən 78 saylı MKİS-nə pasport qeydiyyatçısı keçirilmiş, xx.xx.2005-ci il tarixdən köçürmə yolu ilə həmin MKİS-in mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2013-cü ildə 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinə mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2015-ci ildə "xxxx" MMC Mənzil İstismar və Təsərrüfat Şöbəsinə sahə nəzarətçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan Kirov rayon X5 29 fevral 1980-ci il tarixli, İ/İ nömrəli § 6 qərarından çıxarışdan görünür ki, Kirav rayon X5 İcraiyyə Komitəsinin 9 nəfərdən ibarət tərkibi yaradılmış və onların tərkibi aşağıdakılardan -,... X1 ibarət olmuşdur. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1183/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarından görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi tərəfindən 1992-1997-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti M.Ə.Rəsulzadə qəsəbəsi üzrə İcra Hakimiyyəti başçısının nümayəndəsinin müavini vəzifəsində işlədiyi vəzifə üzrə məvacibi nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. İddiaçı 01 iyul 2008-ci ildən hakimiyyət səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə haqq nəzərə alınmaqla və ixtisas dərəcəsinə görə verilən əlavə dövət qulluqçusu kimi pensiya təyin edildiyi tarixdən yenidən hesablanması və yaramış pensiyas fərqinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qərarı ilə iddia tələbi təmin edilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3845/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarından görünür ki, İddiaçı idida tələbi təmin edilməklə, ona Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsanamənin 12-ci bəndinə uyğun olaraq pensiyanın yenidən hesablanması üçün götürülmüş dövr üçün ilə üç mükafat hesablanmasına, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 948 nömrəli Fərmanının 1-ci bəndində dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət pensiya təyin edildiyi tarixdən hal-hazıradək yenidən hesablanması və yaranmış pensiya fərqinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 17 mart 2022-ci il tarixli, **********6 nömrəli “Artıq ödənilmiş pensiya məbləğ haqqında” məktubun surətindən görünür ki, iddiaçıya aid pensiya işinə dair sənədlərə əsasən ona pensiya məbləğinin yenidən hesablanması ilə bağlı məlumatlar verilmiş, qeyd edilənlərə əsasən ona xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 358,28 manat əskik pul vəsaitinin, xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 33122.60 manat artıq pul vəsaitinin ödənilməsi nəticəsində ümumilikdə 32764,32 manat artıq pul vəsaitinin ödənildiyinin Dövlət Sosial Müdafiə X9 Departamenti tərəfindən müəyyən edilməsi və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılmasının Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılması, həmin nartıq ödənilmiş 32764,32 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildirir ki, Mərkəzi Filial tərəfindən cari ilin fevral ayından etibarən əmək pensiyası 309,55 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa cari aydan (1 yanvar 2022-ci il tarixindən hesablanmaqla) ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 30.95 manat məbləğində maddi yardım ödənilir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinin materiallarından görünür ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, müvafiq əlavə və mükatlar ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində pensiya ödənişinin dayandırılması və ya pensiya məbləğinin azaldılması barədə qərar qəbul edilməsi və həmin qərarın iddiaçıya təqdim edilməsi müəyyən edilməmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Artıq ödənilmiş pensiya məbləği haqqında” 17 mart 2022-ci il tarixli, **********6 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: - Daha əvvəl qərar əsasında iddiaçıya (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə ödənişin məbləği cavabdeh tərəfindən azaldılmışdır. Lakin, cavabdeh bu zaman inzibati icraat haqqında qanunvericiliklə tələb olunan qaydada lazımi inzibati icraat aparmamış və iddiaçıya ödənilən pensiya ödənişinin məbləğinin azaldılması barədə (pensiya məbləğinin yenidən hesablaması barədə) hər hansı əsaslandırılmış qərar (inzibati akt) qəbul etməmişdir. Cavabdeh tərəfindən pensiya ödənişinin azaldılmasını səbəbi isə iddiaçıya 7 il 11 ay 4 ay (cavabdehin qənaətinə görə) dövlət qulluğu stajına əsasən pensiya məbləğinin düzgün hesablanmaması olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya ödənilən pensiya ödənişinin məbləğinin azaldılması məsələsini həll edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də, şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, şəxsin etimadın qorunmasına olan hüququnu da, nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun bir neçə maddələrinə istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə məxsus pensiya ödənişinin məbləğini azaltmaqda və ondan artıq ödənilmiş pensiya məbləğinin tələb edilməsində haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan əmək pensiyası məbləğinin düzgün hesablanmadığını hesab etdiyi təqdirdə, müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişi məbləğinin azaldılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin məbləğinin azaldılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Beləliklə, məhkəməsi araşdırması zamanı, iddiaçıya ödənilən pensiyan ödənişi məbləğin azaldılması və artıq ödənilmiş pensiya məbləğinin tələb edilməsi zamanı yuxarıda qeyd olunan qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş pensiyasının azaldılmasına yönəlmiş hərəkətlər əsassız hesab edilsin və həmin pensiyanın azaldıldığı tarixdən əvvəlki vəziyyətinə bərpa edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7705/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7705/2022
21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver