Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7705/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiyanın düzgün hesablanması, pensiyanın ödənilməmiş hissəsinin verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2018-ci il tarixdə təyin edilmiş pensiya məbləğinin xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq qulluq stajına görə əlavənin 50% məbləğində hesablanmasının və həmin tarixdən pensiyadan hər ay tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının iddianın dəqiqləşdirilməsinə dair sonuncu ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023 tarixli, 3-17-1/3-7-7720/2023 saylı qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin edilmiş pensiya məbləğinin xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq qulluq stajına görə əlavənin 50% məbləğində hesablanmasının və həmin tarixdən pensiyadan hər ay tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçıya xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Gömrük Komitəsində işləməsi ilə əlaqədar xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmişdir. Pensiyaya çıxdıqdan sonra iddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində Nəzarəttəftiş idarəsinin rəisi vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi vəzifə hərbi və xüsusi rütbəli vəzifə deyil. 2023-cü ilin aprel ayından aldığı 2921.34 manat pensiyanın məbləği yenidən hesablanaraq, sığorta hissəsi 434.01 manat tam, qulluq stajına görə əlavə, 2487.33 manatın 50%-i 1243.66 manat ödənilməyə başlanılmışdır. Qulluq stajına görə əlavənin məbləği 50% hesablandığı üçün Mərkəzi filialın hesablamasına görə 41300.61 manat “aıtıq” ödənilmiş məbləğ müəyyən edilmişdir. Son üç il həmin məbləğ hər ay iddiaçının pensiyasından tutulur. İddiaçı hesab edir ki, onun pensiyasından hər hansı bir məbləğin tutulması qanunsuzdur. Cavabdeh inzibati orqan cavab məktublarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsaslanaraq bildirir ki, həmin maddəyə əsasən hərbi qulluqçu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər Qanunun 20-ci maddəsində nəzərdə tutulan digər vəzifələrdə işlədikdə əmək pensiyasına qulluq stajına görə əlavə 50 % miqdarında ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur və onun hüquqları pozulmuşdur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı ona xx.xx.2018-ci il tarixdə təyin edilmiş pensiya məbləğinin xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq qulluq stajına görə əlavənin 50% məbləğində hesablanmasının və həmin tarixdən pensiyadan hər ay tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsassız və qanunazidd olduğuna görə rədd edilməlidir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 18 oktyabr 2018-ci il tarixli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 20 sentyabr 2018-ci il tarixindən Mərkəzi Filial tərəfindən 31 il 3 ay 15 gün (təqvimi xidmət illəri 28 il 10 ay 17 gün, ali təhsil 2 il 4 ay 28 gün) xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 2546,94 manat məbləğində müəyyən edilib. Qanunun 37.3.4-cü maddəsinə əsasən hərbi qulluqçu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər Qanunun 20-ci maddəsində nəzərdə tutulan digər vəzifələrdə işlədikdə əmək pensiyasına qulluq stajına görə əlavə 50 faiz miqdarında ödənilir. Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Sözügedən Qanunun 38.2-ci maddəsinə əsasən işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı iddiaçının xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsinə dövlət qulluğuna qəbul olunduğu halda, bu barədə Mərkəzi Filiala məlumat verilmədiyindən onun əmək pensiyasına qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilib. Buna görə də iddiaçının əmək pensiyası (2921,34 manat) 2023-cü ilin aprel ayında yenidən hesablanaraq sığorta hissəsi tam (434,01 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2921,34-434,01=2487,33x50%=1243,66 manat) olmaqla ümumilikdə 1677,67 manat (434,01+1243,66) məbləğində müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanaraq ona ümumilikdə 41300,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 41300,61 manat vəsait cari ilin aprel ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bildirilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyasına əlavə 167,77 manat ödənilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə və iddianın dəyişdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, iddiaçının müraciətinə baxılmış və təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 07 mart 2024-cü il tarixli arayışəndan görünür ki, Məmmədov X1 Hallar Nazirliyində işlədiyi müddətdə hərbi və xüsusi rütbə verilməmiş və eyni zamanda xx.xx.2018-ci il tarixdən Fövqəladə Hallar Nazirliyinin Nəzarət-təftiş idarəsinin rəisi vəzifəsində işləyir. -AR Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı hal-hazırda Nəzarət-təftiş idarəsinin rəisi (dövlət qulluğu) vəzifəsində işləyir. -İddiaçının pensiya işinə əlavə edilmiş DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-7720/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiyasının məbləği 1845,44 manat (əvvəlki pensiya məbləği 3213,47 manat) müəyyən edilmişdir. Qərarın 9-cu bəndində yenidən hesablanma səbəbi kimi Dövlət qulluğunda işləməsi ilə əlaqədar hesablanması qeydi aparılmışdır. Qərarın 13-cü bəndində artıq ödənilmiş məbləğ hesablanmışdır. Beləliklə, işin mübahisəsiz hallarına görə, iddiaçıya xx.xx.2018-ci ildə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edildikdən sonra iddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsinə dövlət qulluğuna qəbul olunmuş və hazırda həmin vəzifədə işləyir. Buna görə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixli qərarla yenidən hesablanaraq qulluq stajına görə ödənilən əlavə 50 faiz miqdarında müəyyən edilmişdir. Həmin qərarla həmçinin, ötən müddət ərzində artıq ödənilmiş pensiya məbləği hesablanaraq iddiaçının pensiyasından son üç il üçün tutulma aparılmağa başlanılmışdır. İddiaçı hazırda həmin qərarı və onun nəticələrini mübahisələndirir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı iki hissədən ibarətdir: -İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi; -xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək dövr üzrə artıq ödənilmiş 41300,61 manat məbləğin hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar iddiaçının iddiaçının qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faiz həcmində hesablanmalı olması hissəsində əsaslıdır. İddiaçı hesab edir ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmadığından, ona qulluq stajına görə əmək pensiyasına əlavələr 50 faiz deyil, tam şəkildə ödənilməlidir. "Əmək pensiyaları haqqında” Qanundan: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); ... 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); -37.3.4. (xx.xx.2017-ci ildən qüvvədə olan redaksiya) Bu qanunun 20.1.1-20.1.21ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd. (xx.xx.2017-ci il tarixdə əlavə olunub): 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11- 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. Göründüyü kimi, əmək pensiyaçısına qulluq stajına görə əlavə o halda tam şəkildə ödənilə bilər ki, o, “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan şəxslərin dairəsinə aid olmasın. Lakin iddiaçı hazırda 20.1.7-ci maddədə nəzərdə tutulan dövlət qulluğu vəzifəsində çalışdığından, qeyd olunan Qanunun 37.3.4-cü maddəsinə müvafiq olaraq ona qulluq stajına görə əlavələr 50 faiz həcmində ödənilməlidir. Odur ki, iddiaçıya qulluq stajına görə əlavənin tam şəkildə ödənilməsi üçün qanuni əsas müəyyən olunmur. Məhkəmə iddiaçının ona pensiya təyin edildiyi xx.xx.2018-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş pensiya yaşına çatmadığından 20.1.7-ci maddənin təsiri altına düşməməsi ilə bağlı dəlili ilə razılaşmayaraq bildirir ki, yaşa görə əmək pensiyası tək 7-ci maddədə nəzərdə tutulmuş hallarda yox, eyni zamanda digər hallarda, yəni güzəştli şərtlərlə də təyin edilməsi mümkündür. Bu baxımdan qanunun istinad olunan 20.1.7-ci maddəsi “7-ci maddədə göstərilən pensiya yaşına çatmış şəxslər” kimi konkretləşdirilmədiyindən qanunverici ümumi pensiya yaşını deyil, bütün pensiya yaşına çatmış, o cümlədən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaşına çatmış şəxsləri də nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddia mübahisələndirilən qərarın iddiaçının pensiyasından tutulmaların aparılmasının ləğv edilməsi hissəsində əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir;
2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir. Hazırkı işin hallarına görə, əmək pensiyaçısı olan iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Qanunun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı pensiyasının yenidən hesablanması və artıq ödənilmiş məbləğin tutulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023 tarixli, 3-17-1/3-7-7720/2023 saylı qərarı artıq ödənilmiş pensiya məbləği kimi müəyyən edilmiş vəsaitin iddiaçının pensiyasından tutulmaların aparılmaları hissəsində ləğv edilməli, xx.xx.2023-cü il tarixdən iddiaçıdan artıq ödəmə kimi tutulmuş məbləğləri geri qaytarılması cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. İddiaçı pensiyasının yenidən hesablanması və artıq ödənilmiş məbləğin tutulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023 tarixli, 3-17-1/3-7-7720/2023 saylı qərarı artıq ödənilmiş pensiya məbləği kimi müəyyən edilmiş vəsaitin iddiaçının pensiyasından tutulmaların aparılması hissəsində ləğv edilsin. xx.xx.2023-cü il tarixdən İddiaçı artıq ödəmə kimi tutulmuş məbləğlərin geri qaytarılması cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov