Məhkəmə qərarları › İş №2-1(112)-7707/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7707/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7707/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı “avtomobilin üzərindən məhdudiyyətin götürülməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri BPİ-nin 44-2/2-6995 saylı 03 oktyabr 2023-cü il tarixli məktubu ilə ona məxsus X8 minik markalı **-TL-*** nömrə nişanlı avtomobilin saxlanılması və duracağa yerləşdirilməsinin qanunsuz hesab edilməsi və həmin avtomobilin üzərindən məhdudiyyətin götürülməsi vəzifəsinin Bakı şəhəri Baş Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddiaçı X1 inzibati məhkəmə icraatında iddiaçı qismində işdə prosessual iştirakına xitam verilmiş, İddiaçı hüquqi varis hesab edilərək iddiaçı qismində X5 ilə əvəz edilmişdir.

3. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “atası X4 məxsus "X8" minik markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması və duracağa yerləşdirilməsi barədə Bakı şəhəri BPİ-nin 44-2/2-6995 saylı 03 oktyabr 2023-cü il tarixli məktubunun qanunsuz (qüvvədən düşmüş) hesab edilməsi və həmin avtomobilin üzərindən məhdudiyyətin götürülməsi vəzifəsinin Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, 2005-ci il buraxılışlı, X8 minik markalı **-TL-*** nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. 20 oktyabr 2023-cü il tarixdə o, özünə məxsus X8 minik markalı **-TL-*** nömrə nişanlı avtomobilə dair qardaşının adına etibarnamə vermək istəyən zaman notariusda ona məxsus həmin avtomobilin üzərində məhdudiyətin olmasını bildirdilər. Bu barədə DYP-dən məlumat aldıqda isə bildi ki, Bakı şəhəri BPİ-nin 44-2/2-6995 saylı 03 oktyabr 2023-cü il tarixli məktubu ilə istintaq zərurəti ilə əlaqədar onun avtomobilinin saxlanılması və duracağa yerləşdirilməsinə göstəriş verilmişdir. Bildirmək istəyir ki, bu barədə heç bir məlumat verilməmiş, istintaqın nə barədə olması bildirilməmiş, o, bir dəfə də olsun BPİ-nə çağırılmamış, lakin mülkiyyətinin üzərinə heç bir məhkəmə qərarı olmadan, heç bir əsas olmadan həbs qoyulmuşdur. O, cavabdehə ərizə ilə müraciət edərək, ona məxsus X8 minik markalı **-TL-*** nömrə nişanlı avtomobilin üzərindən məhdudiyyətin götürülməsi barədə müvafiq şəxslərə göstəriş verilməsini xahiş etmişdir. Lakin müraciətindən 3 aydan da çox keçməsinə baxmayaraq, təmin edilməmiş, avtomobilin üzərindən məhdudiyyət götürülməmişdir. Belə ki, o, öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir, məhz cavabdehin qanunsuz əməlləri nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikası hüquqi dövlətdir və bir müstəntiqin məktubu ilə mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Əgər barəsində hər hansı bir şikayət varsa və ya istintaq hərəkəti aparılırsa bu zaman ilk əvvəl bu barədə ona bildirilməli idi. Necə olur ki, onun xəbəri olmadan istintaq hərəkəti aparılır və əmlakının ondan alınması barədə əmr verilir. Belə hesab edir ki, bu tam özbaşınalıqdır. Hər bir halda heç bir məhkəmə qərarı olmadan istintaq zərurəti adı ilə əmlakın şəxsin əlindən alınması yol verilməzdir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

6. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçı X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

7. İş materiallarında olan Bakı şəhəri 18 saylı Notariat Ofisinin məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş və xx.xx.2024-ci il tarixdə vəfat etmiş mərhum X1 vərəsələrinin ərizəsinə əsasən notariat ofisində vərəsəlik işi açılmış vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı, X2 və X3 məhrum X1 qanun üzrə vərəsəliyi qəbul etmiş vərəsələridirlər.

8. Nəqliyyat vasitəsinin üzərində məhdudiyyətinin mövcudluğu barədə məlumatda qeyd edilir: İstintaq zəzurəti ilə əlaqədar **-TL-*** nömrəli X8 minik avtonəqliyyat vasitəsi saxlanılsın və duracağa yerləşdirilsin.

9. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, istintaq zərurəti ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-44-2/2-6995/2023 nömrəli məktubu əsasında "X8" markalı **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır.

10. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, "X8" markalı **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Odur ki, göstərilən nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışı göndərilir.

11. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndəsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

13. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddianın növü müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 97.1. Bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, həmçinin bu Məcəllənin 96.1-ci və 346-1.5-ci maddələrində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. 97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. 97.3. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulmasına, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart, internet və ya ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 125.8. İnzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi 96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. Maddə 346. Dayanma və ya durma qaydalarının pozulması 346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. 346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. 346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.

17. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun:

85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı: 2) nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda; nəqliyyat vasitəsi axtarışda olduqda; nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

18. Qeyd edilən qanunvericiliyin normalarından aydın olur ki, İnzibati Xətalar Məcəlləsində, həmçinin “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi saxlanıla bilər və mühafizə olunan duracağa yerləşdirilə bilər.

19. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh iddiaçının nəqliyyat vasitəsinin istintaq zərurəti ilə əlaqədar müvafiq qeydə istinad edərək onu saxlanılmasına və duracağa yerləşdirməsinə göstəriş vermişdir. 20.Cavabdehin hərəkəti nə məhkəmə, nə də ki, müvafiq icra hakimiyyəti orqanın qərarı ilə əsaslandırılmışdır.

21. Məhkəmənin dəfələrlə nəqliyyat vasitəsinin istintaq zərurəti ilə əlaqədar saxlanılması və duracağa yerləşdirilməsinə əsas olan istintaq hərəkəti barədə ətraflı məlumat və sənədlərin qanunvericiliklə müəyyən edilimiş qaydada təqdim etməsi barədə sorğuları cavablandırılmamışdır. 22.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hərəkəti qanunsuz olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

23. Odur ki, iddia tələbi təmin edilməli, X4 məxsus "X8" minik markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması və duracağa yerləşdirilməsi barədə Bakı şəhəri BPİ-nin 44-2/2-6995 saylı 03 oktyabr 2023-cü il tarixli məktubunun qanunsuz (qüvvədən düşmüş) hesab edilməli və həmin avtomobilin üzərindən məhdudiyyətin götürülməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin üzərinə qoyulmalıdır.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. X4 məxsus "X8" minik markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması və duracağa yerləşdirilməsi barədə cavabdeh Bakı şəhəri BPİ-nin 44-2/2- 6995 saylı 03 oktyabr 2023-cü il tarixli məktubu qanunsuz (qüvvədən düşmüş) hesab edilsin. "X8" minik markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar